Millət vəkili Razi Nurullayev İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hava limanına qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı paylaşım edib.
Deputat bildirib ki, müharibədə tərəf olmayan qonşu dövlətin mülki vətəndaşlarının istifadə etdiyi hava limanı kimi infrastrukturu hədəfə almaq son dərəcə təhlükəli və qətiyyətlə pislənməli addımdır. Onun sözlərinə görə, bu cür hücumlar yalnız hərbi-siyasi baxımdan deyil, həm də humanitar prinsiplər baxımından qəbuledilməzdir və regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirir.
R.Nurullayev vurğulayıb ki, Azərbaycan dövləti bütün dövrlərdə qonşularla münasibətlərdə məsuliyyətli və balanslı siyasət yürüdüb, mehriban qonşuluq prinsiplərinə sadiq qalıb. O qeyd edib ki, Azərbaycanın ərazisi heç vaxt hər hansı ölkəyə qarşı istifadə olunmayıb və rəsmi Bakı hər zaman regionda sabitliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edib.
Deputat paylaşımında hadisənin digər mühüm tərəfinə də diqqət çəkib. O bildirib ki, Iran ərazisində, xüsusilə Cənubi Azərbaycanda milyonlarla azərbaycanlı yaşayır və Naxçıvana qarşı belə bir hücum onların hisslərinə təsirsiz qalmayacaq. Onun sözlərinə görə, uzun illərdir Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların dil, mədəniyyət və ictimai fəaliyyətlə bağlı hüquqları ilə əlaqədar müxtəlif narahatlıqlar səslənir və belə hadisələr bu narahatlıqları daha da artırır.
Millət vəkili hesab edir ki, regionda sabitlik yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və dinc yanaşmaya əsaslanan siyasətlə mümkündür. O vurğulayıb ki, müharibəyə cəlb olunmayan qonşu dövlətə qarşı hücumlar nə təhlükəsizliyə, nə də regional əməkdaşlığa xidmət edir.
Razi Nurullayev sonda qeyd edib ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bundan sonra da öz vətəndaşlarının təhlükəsizliyini qorumaqla yanaşı, regionda sülh və sabitliyin qorunması üçün prinsipial mövqe nümayiş etdirəcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial
gundem / Sosial








