Dünyanın, xüsusən də Yaxın Şərqin alxan-çalxan olduğu, güclü dövlətlərin kəllələşdiyi, böyük ölkələrin orta və kiçik ölkələri böyürtdüyü bir vaxtda Ağsu Regional Qaz İstismarı İdarəsi(RQİİ) Ağsu xidmət sahəsinin rəisi Həbib Quliyev, həmişəki kimi, özünü xəlvətdə sanıb, bəylik eləyir...
Əvvəla, Həbib Quliyevin bu sahəyə gəlişi qarışıqdı, amma özü üçün hələlik uğurludu. Belə uğurludu ki, möhtərəm 2 il əvvələ qədər Ağsu RQİİ Ağsu xidmət sahəsində rəis əvəzi idi. Həmin müddət ərzində Ağsu RQİİ Kürdəmir xidmət sahəsində oğlunu işə düzəltmişdi. Təxminən bir il əvvəl Həbib Quliyev arxa-dayaqlarının köməkliyi ilə İsmayıllı qaz xidmət sahəsinə rəis əvəzi göndərildi, oğlunu isə eyni kanallarla Ağsu qaz xidmət sahəsinə gətirtdi. Səkkiz ay sonra H.Quliyev "dayı"larının "sehirli çubuğu" sayəsində özü də Ağsuya qayıtdı, bu dəfə qaz xidmət sahəsinin rəis əvəzi kimi yox, rəisi kimi... Maraqlı və müəmmalı yüksəliş idi...
Həbib Quliyevin əsas arxa duranlarından biri Ağsu RQİİ-nin rəisi Namiq Məmmədov sayılırdı. O, bir müddət Lənkəranda eyni adlı vəzifəni tutmuşdu, lakin işdəki ciddi nöqsanlarına görə orda çox qala bilməmişdi. Bu üzdən "görünməz qüvvələr" onu ötən il həmin vəzifə səlahiyyəti ilə Ağsu rayonuna transfer etmişdilər. Ancaq köhnə iş vərdişləri Ağsuda da N.Məmmədovu diqqət mərkəzindən çıxartmadı: O, Həbib Quliyevin əlilə 2025-in dekabr ayında, yəni keçid ayında abonentlərə küvləvi olaraq artıq qaz pulları hesablatdırmışdı. Bu cinayət əməllərini şikayətlər əsasında aşkarlayan prokurorluq orqanı bu ilin yanvarında Namiq Məmmədovu, qurumun baş mühəndisi Elşən Rəhimovu və Həbib Quliyevi sorğu-suala çəkdilər. Nəticədə N.Məmmədov və E.Rəhimov işləri araşdırılmaqla vəzifədən kənarlaşdırıldılar. Amma Həbib Quliyev nədənsə suç otaqlarının aqibətini yaşamadı, hələ ki, öz postunda və ampulasındadı...
Məlumdur ki, bu ildən ölkə üzrə abonentlər üçün işıq və qaz sərfiyyatının üzərinə sabit taarif adı altında əlavə 1 manat vəsait hesablanır. Bu ilin fevral ayında 2 ayın sabit taarifi birlikdə hesablandı, yəni yanvar və fevral aylarının ödənişləri 2 manat olmaqla fevralda tutuldu. Lakin Ağsuda bu proses qaz pulu üçün mart ayında da həyata keçirilir. Belə ki, martda da qaz abonentlərindən 2 manat tutulur. Məsələ ilə bağlı xidmət rəisi Həbib Quliyevlə telefon əlaqəsi saxladım. Mövcud anlaşılmazlığın səbəbini soruşanda, elə bil Həbib Quliyevi ildırım vurdu - qışqır-bağırla bildirdi ki, kimin problemi varsa, idarəyə gəlsin, mən telefonla nə bilim düz deyirsən, ya yox?!. Dedim, Həbib müəllim, bizim kənddən sizin idarəyə gəlib-qayıtmaq üçün azı 5 manat pul lazımdı, yola 5 manat verməkdənsə, mənimsədiyiniz əlavə 1 manatın başından keçmək daha münasibdir... Bildirdim ki, idarənizdə sistemə baxan işçiniz yoxdur ki, ad-familiyamızı deyək, baxıb problemin səbəbini desin?.. Boğazına güc gələn rəis qışqırdı ki, qaynar xəttə zəng eləyin...
Adi etik danışıq qabiliyyətində olmayan bir adamı hansı keyfiyyətlərinə görə idarə rəhbəri təyin eləyiblər, çox maraqlıdı. Yəqin ki, tezliklə aidiyyəti qurumlar Həbib Quliyevin səsinin niyə bu qədər bağırtılı çıxmasının səbəbini, hansı "enerji mənbəyindən" güc aldığını araşdırıb, uyğun qərar verəcəklər.
Həbib Quliyevin qaz sahəsində maxinasiyaları çoxdu, ona görə bu statusun mövzusunu bir qədər dərindən götürdüm. Təbii ki, cinayət tərkibli məsələlərin araşdırılması hüquq-mühafizə orqanlarının işidi, sadəcə, Ağsu rayon sakinlərinin də bu əməllərdən xəbərdar olmasını və kimə bu sahədə süni problemlər yaradılıbsa, fikirlərini bölüşmələrini istədim.
S.Əhməd
Qaynarxett.az










