backend

Azərbaycan-Almaniya Biznes Şurası uzunmüddətli iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan ilə bu ölkə arasında münasibətlərin yeni məzmun qazandığını göstərən mühüm siyasi hadisələrdən biri oldu. Səfər çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, sənaye, "yaşıl enerji", nəqliyyat, logistika və rəqəmsal inkişaf sahələrində birgə fəaliyyətin gücləndirilməsi əsas müzakirə mövzularından idi. Dövlət rəhbərləri tərəfindən verilən bəyanatlar onu deməyə əsas verir ki, hər iki ölkə mövcud əməkdaşlığı daha konkret layihələrlə zənginləşdirmək niyyətindədir. 
Milli Məclisin deputatı Aydın HÜSEYNOV qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinə yeni dinamika gətirib. Almaniya ilə əlaqələr də bu siyasətin vacib istiqamətlərindən biri kimi inkişaf edir. Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan siyasi dialoq iqtisadi əməkdaşlığın da dərinləşməsi üçün möhkəm zəmin formalaşdırıb. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması da məhz bu siyasi iradənin və qarşılıqlı etimadın praktik nəticəsi kimi dəyərləndirilməlidir. "Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iş adamlarının bir masa arxasında toplanmasına, ortaq maraqların müəyyənləşdirilməsinə və yeni biznes əlaqələrinin qurulmasına xidmət edəcək. Belə platformalar sahibkarların bir-birini daha yaxından tanımasına, bazarın tələblərini öyrənməsinə və uzunmüddətli tərəfdaşlıqların formalaşmasına mühüm töhfə verir", - deyə o əlavə edib. 
Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin uzun illərdir davam etdiyini qeyd edən deputat bildirib ki, bu əməkdaşlıq getdikcə daha geniş sahələri əhatə edir. Qarşıda duran əsas vəzifə mövcud potensialı konkret iqtisadi nəticələrə çevirməkdir. Biznes Şurası bu istiqamətdə görülən işlərin daha çevik və səmərəli təşkilinə dəstək verəcək. Sahibkarlar burada qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək, yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək və birgə layihələrin icrasını sürətləndirəcəklər.
A.Hüseynov diqqətə çatdırıb ki, Almaniya sənaye, mühəndislik, innovasiya və yüksək texnologiyalar sahəsində dünyanın aparıcı ölkələrindən biridir: "Azərbaycan isə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının artırılması və "yaşıl iqtisadiyyat"a keçid istiqamətində ardıcıl addımlar atır. Bu baxımdan iki ölkənin maraqları bir-birini tamamlayır. Xüsusilə bərpaolunan enerji, logistika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, peşə təhsili və sənaye kooperasiyası üzrə əməkdaşlığın daha da genişlənməsi üçün kifayət qədər böyük potensial mövcuddur. Beynəlxalq təcrübə göstərir ki, xarici investor üçün ən vacib amillərdən biri etibarlı tərəfdaş və sabit biznes mühitidir. Şirkətlər bazarı daha yaxından tanıdıqca, hüquqi çərçivə və iqtisadi imkanlar barədə daha dolğun məlumat əldə etdikcə yeni investisiya qərarlarının sayı da artır. Biznes Şurası sahibkarlar arasında birbaşa dialoqu gücləndirməklə bu etimadın möhkəmlənməsinə öz töhfəsini verəcək".
Bununla Azərbaycan şirkətləri üçün də yeni imkanlar açıldığını deyən deputat əlavə edib ki, Almaniya bazarına çıxışın genişlənməsi, birgə istehsal layihələrinin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi yerli müəssisələrin rəqabət qabiliyyətini yüksəldə bilər. Bu əməkdaşlıq kiçik və orta sahibkarlıq subyektlərinin beynəlxalq bazarlara inteqrasiyasını da artıracaq. 
A.Hüseynov hesab edir ki, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı müəyyənləşdirilən iqtisadi hədəflərin həyata keçirilməsi baxımından mühüm mexanizmlərdən birinə çevriləcək: "Bu platforma qarşılıqlı ticarətin artmasına, investisiya layihələrinin sayının çoxalmasına və yeni biznes təşəbbüslərinin reallaşmasına müsbət təsir göstərə bilər. Ən başlıcası isə odur ki, siyasi dialoq nəticəsində formalaşan qarşılıqlı etimad işgüzar dairələr arasında da möhkəmlənəcək və bu, Azərbaycan ilə Almaniya arasında uzunmüddətli iqtisadi tərəfdaşlığın daha da güclənməsinə xidmət edəcək".