backend

Əsir və itkin düşmüş azərbaycanlılar: Ermənistanın siyasi-hüquqi məsuliyyəti

Əsir və itkin düşmüş azərbaycanlılar: Ermənistanın siyasi-hüquqi məsuliyyəti























“Əksəriyyəti vəhşicəsinə öldürülüb və kütləvi məzarlıqlarda dəfn ediliblər”

Son dövrlərdə dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də əsir və itkin düşmüş insanlarla bağlıdır.

Əsir və itkin düşmüş insanların saxlanıldığı şərait, onların sayının artması və kommunikasiya texnologiyaların sürətli inkişafı həmin məsələni qlobal diskussiyaların mərkəzi mövzusuna çevirmişdir.

20-ci əsrin sonlarında dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzü və terrorizmi torpaqlarımızın 20%-ın işğal olunması, 1 milyon qaçqın və məcburi köçkünlər ordusunun yaranması, ölkəmizin iqtisadiyyatına milyardlarla ziyanın vurulması və bütün bunların ölkəmizin sonrakı inkişafına göstərdiyi mənfi təsirlərlə bərabər, digər bir mənfi nəticəsi və beynəlxalq ictimaiyyətin ən çox diqqətindən yayınan məsələ əsir və itkin düşmüş şəxslərlə bağlıdır.

Azərbaycan tərəfinin ikitərəfli və çoxtərəfli görüşlərdə dəfələrlə bu məsələni beynəlxalq ictimaiyyətin nəzərinə çatdırması, erməni tərəfinin imzaladığı Cenevrə konvensiyasının maddələrinə uyğun olaraq əməkdaşlıq təklif etməsinə baxmayaraq, erməni tərəfi digər məsələlər kimi, itkin və əsir düşmüş və girov götürülmüş insanların taleyinə də biganəlik göstərmişdir.

Bu mövzu haqqında geniş məlumat vermədən öncə əsir düşmüş və itkin düşmüş insanlar arasında fərqi göstərmək daha məqsədəuyğundur. Əsir dedikdə müharibə ərzində və ondan sonra düşmən tərəfindən nəzarətdə saxlanılan döyüşçülər və döyüşçü olmayan şəxslər başa düşülür.

İtkin düşmüş deyildikdə isə müharibə ərzində itkin düşmüş silahlı xidmət heyətinə və digər döyüşçülərə verilən təsnifatdır. Qədim dövrdə müharibədə əsir və itkin düşmüş insanlar onları əsir götürənlərin mülkiyyəti kimi təsnif olunurdu və əsir götürənlər onları öldürmək, satmaq, işlətmək və yaxud azad etməkdə sərbəst idilər.

Orta əsrlərdə əsirlərin pul müqabilində dəyişdirilməsi geniş yayıldığına görə varlı əsirlərə xüsusi qayğı göstərilir, kasıblar isə saxlanılması xərc tələb etdiyinə görə öldürülürdü. 17 və 18-ci əsrlərdə əsir və itkin düşmüş insanlar haqqında daha mütərəqqi fikirlər formalaşmağa başladı. Müharibələrdə dini motivlərin azalması və milli dövlətlərin yaranması ilə əsirlərə və itkin düşmüş şəxslərə qarşı münasibət dəyişməyə başladı.

Fransız İnqilabından sonra müharibələrin “milliləşdirilməsi” və hərbi mükəlləfiyyət sisteminin tətbiq olunması ilə birlikdə əsirlərin dəyişdirilməsi siyasi səbəblərə görə qəbuledilməz sayılırdı.

Nəticədə, əsir və itkin düşmüş şəxslərin saxlanıldığı şərait həm opponentlər arasındakı münasibətlərdə həm də beynəlxalq və daxili ictimai fikrə təsir etmək üçün həyata keçirilən propoganda konteksində müharibələrin vacib siyasi aspekti kimi çıxış etməyə başladı. 19-cu əsrin ortaları və sonlarında müharibələrin artması əsir və itkin düşmüş şəxslərin məsələsini daha da qabartdı.

1863-cu ildə Kolumbiya Kollecinin professoru Fransıs Liber müharibədə əsir və itkin düşmüş insanlarla ümumi və daha mülayim rəftar olunması üçün qaydalar toplusunu nəşr etdirdi. Sonralar Liber Kodu ilə tanınan bu qanun əsir və itkin düşmüş şəxslərə minimal hüquqlar verir və onları əsir götürənin deyil, hökümətin dustağı kimi təsnifatlaşdırırdı.

1864-cu ildə birinci Cenevrə konvensiyasının imzalamasında sonra əsir və itkin düşmüş şəxslərin statusunu müəyyən edən qanunların məcəllələşdirilməsi uğrunda mübarizə daha da genişləndi.

Lakin bütün bu qoruyucu mexanizmlər adətən əynində uniforma olan, hərbi komandanlığın rəhbərliyi altında fəaliyyət göstərən və digər qoşun növlərindən fərqləndirən nişana sahib olan daimi ordular və könüllülərə şamil olunurdu.

1899 və 1907-cu illərdə Quru Müharibəsinin Qanun və Adətləri haqqında Haaqa Konvensiyaları əsir və itkin düşmüş şəxslərə qarşı olan rəftarın daha da mülayimləşdirilməsinə yönəlməklə bərabər bu qoruma mexanizmlərdən yararlanmaq üçün yuxarıdakı konkret kriteriyaları da sadalanmışdır.

1929-cu il Cenevrə Konvensiyası əvvəlki konvensiyalarda nəzərdə tutulmuş maddələri təkrar edərək ora əsir və itkin düşmüş şəxslərə qarşı intiqamın qadağan olunması adlı yeni bir maddə əlavə etdi. Bəşəriyyətin İkinci Dünya Müharibəsində dəhşətli insanı itkilərə və iztirablara məruz qalması dövlətləri bu sahədə mövcud olan mexanizmləri daha da təkmilləşdirməyə vadar etdi və bütün bunların məntiqi nəticəsi olaraq 1949-cu ildə Cenevrə Konvensiyaları və 1977 və 2005-ci ildə ona 3 Əlavə Protokol imzalandı.

Müharibə Əsirləri ilə Davranışın Qaydaları Haqqında 3-cu Konvensiya və Müharibə Vaxtı Mülki Əhalinin Müdafiəsi haqqında 4-cu Konvensiya həmin şəxslərin hüquqlarını, onlarla davranış və azad olunma qaydalarını müəyyənləşdirir. Konvensiyaya görə Əsir düşmüş şəxslər müharibədə birbaşa iştirak etdiklərinə görə ittiham oluna bilməzlər. Onların əsir götürülməsin məqsədi cəza vermək deyil, onların gələcək hərbi əməliyyatlarda iştirakının qarşısını almaqdır.

Əsirlərə bütün hallarda insani münasibət göstərilməli münaqişədən dərhal sonra repatriasiya olunmalıdırlar. Onlar öz adları, yaşları, rütbələri və xidmət nömrələri xaricində heç bir məlumat verməyə və bəzi istisnalar olmaqla hərbi və inzibati iş görməyə məcbur edilə bilməzlər. Sadalanan maddələrin əksəriyyəti müharibə dövründə əsir və itkin düşmüş şəxslərə də şamil olunur.

Müharibələr iqtisadi, sosial və mədəni dağıntılarla bərabər xeyli sayda insanın ölümü və yoxa çıxmasına səbəb olaraq onların ailələri və dostlarına xeyli əzab vermişdir. İnsanların itkin düşən qohumları haqqında məlumat əldə etmək haqları vardır. Beynəlxalq humanitar hüquq və insan hüquqları hüquqi hökumətlərdən, hərbi komandanlıq və silahlı qruplardan tələb edir ki, onlar heç bir şəxsin itkin düşməsinə icazə verməsinlər. İtkin düşdüyü təqdirdə isə həmin şəxslərin taleyi haqqında məlumat almaq və onların ailələri ilə bölüşmək dövlətlərin öhdəliyidir.

Beynəlxalq mexanizmlərin yaradılmasına baxmayaraq, onlar xüsusilə son dövrlərdə baş verən münaqişələrdə öz fəaliyyətsizliyi ilə diqqəti cəlb etdi. Bosniya münaqişəsində 35 min insan yoxa çıxmış və kütləvi qəbirlərin açılması zamanı onların bəzilərinin DNA analizi vasitəsilə şəxsiyyətini müəyyən etmək mümkün olsa da, 7000 çox insanın şəxsiyyəti hələ də müəyyən olunmuyub və ölkədə baş verən mövsümi yağışların yeni kütləvi məzarlıqlar ortaya çıxarır.

1996-cı ildə ABŞ prezidenti Bill Klintonun təşəbbüsü ilə yaradılan İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya DNA Analizi və meyidlərin üzərindəki əşyalar və yaxud meyidə məxsus olan hər hansı bir nişandan istifadə edərək həmin insanların şəxsiyyətini müəyyənləşdirir.

Azərbaycan hər dəfə əsir və itkin düşmüş insanlar haqqında erməni tərəfi ilə Cenevrə Konvensiyasının 116, 117 və 123-cü maddələrinin şərtlərinə uyğun olaraq məlumat mübadiləsi həyata keçirmək, itkin düşmüş insanların kütləvi şəkildə dəfn olunabiləcəyi yerlərdə erməni tərəfinin axtarışlara başlanılmasını israrla tələb etmişdir. İlk dəfə 2014-cu ildə Fransa Prezidenti Fransua Hollandın təşəbbüsü ilə Parisdə keçirilən danışıqlarda Azərbaycanın inadlı israrından sonra Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti altında əsirlər haqqında məlumat mübadiləsi barəsində əməkdaşlığa hazır olduğunu bildirdi.

Amma bu Ermənistanın növbəti yalan siyasətinin bir elementi idi. Çünki Ermənistan tərəfi çox yaxşı başa düşür ki, əsirlikdə olan azərbaycanlıların əksəriyyəti vəhşicəsinə öldürülüb və kütləvi məzarlıqlarda dəfn ediliblər. Erməni əsirliyində olmuş azərbaycanlıların ifadələri həmin şübhələri daha da artırır. Kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərlərinin sözlərinə görə erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər.

Beynəlxalq İctimaiyyətin soyqırım kimi tanıdığı Srebnitsa birbaşa olaraq Serb Respublikasının Prezidenti Radovan Karadzic orduya“ Srebrenitsa sakinlərinin həyatı üçün ümidin olmadığı çəkilməz bir vəziyyət yaratmaq” haqqında əmrindən sonra baş vermişdir. Ermənistan silahlı birləşmələriinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq haqqında bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir.

Erməni əsilli amerikalı yazıçı Marker Melkonian “Mənim qardaşımn yolu” adl əsərində göstərir ki, Xankəndidəki hərbi rəhbərlik 1200 nəfərdən ibarət olan Qaradağlı kəndində “təmizləmə” aparmaq planına malik idi. Bu və digər faktlar Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırım siyasəti yeritdiyini sübut edir. Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.

İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanının fəaliyyəti nəticəsində kütləvi məzarlıqların tapılması və həmin şəxslərin əllərin bağlı halda basdırılması Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Tribunala Serb Respublikasının və ordusun liderlərinin insanlığa qarşı cinayət törətdiklərinə görə ömürlük həbs cəzası verməyə əsas vermişdir.

Həmim Komissiyanın mandatının Qarabağda tətbiq olunması ilə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının kütləvi qətlə yetirildiyi sübuta yetirilsə, bu Bosniyada olduğu kimi genosid aktı kimi dəyərləndirilə bilər və Ermənistan rəhbərliyi və erməni ordusu üçün beynəlxalq hüquqla hüquqi məsuliyyət yaradır.

Ermənistanın imzaladığı Cenevrə Konvensiyaları əsir və itkin düşmüş şəxslərə qarşı işgəncəni, intiqamı və ləyaqəti alçaldan rəftarı qadağan etməsinə baxmayaraq erməni silahlı qüvvələri müharibənin gedişində və ondan sonra yüzlərlə mülki əhalini qətlə yetirmiş, hərbi və mülki əsirlərə misli görünməmiş işgəncələr vermiş və onların üzərində tibbi və bioloji eksperimentlər keçirmişdir.

1993-cü ildə İlham Nəsirov Yerevan hərbi hospitalında ac-susuz saxlanıldığdan, Heydər Heydərov isə Şuşa həbsxanasında müntəzəm döyülmələr nəticəsində vəfat etmişdir. 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyü Xankəndində erməni «həkimləri» tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur. Cenevrə Konvensiyasının 32-ci maddəsinə görə “tərəflər öz əllərində olan şəxslərin iztirabına və yaxud məhv olmasına səbəb olacaq hər hansı bir hərəkətin qadağan olduğu haqqında razılığa gəlirlər”.

Ermənistan tərəfi həmin konvensiyanın maddələrinə məhəl qoymayaraq yaşlılar, qadınlar və uşaqlar da daxil olmaqla azərbaycanlı əsir və itkin düşmüş şəxslərə qeyri-insani rəftar göstərmiş, fiziki işgəncələr vermiş və onları ölüm həddinə çatdırması faktı Ermənistanın azərbaycanlı əsirlərə qarşı soyqırım siyasəti həyata keçirdiyini sübut edir. Nəzəriyyəçilər arasında geniş yayılmış və konvensiyalarda öz təsdiqini tapmış normaya görə əsir fərdlərin deyil, dövlətin nəzarətində olmalıdır.

Azadlıq Radiosunun erməni bölməsinə müsahibə verərkən Keçmiş Müdafiə Naziri müavini və Respublika partiyasının üzvü Manvel Grigoryan müharibədən sonra Ermənistana yüzlərlə əsir apardığını bildirdi. Özünün Simon adı verdiyi bir əsiri isə 4 il öz əsirliyində saxlatdıraraq ona məcburi işləri görmüşdür. Keçmiş girov Budaq Əli oğlu Alışanov 5 azərbaycanlı əsirin Dağlıq Qarabağda ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olmuşdur.

Qubadlı rayonunun işğalı zamanı Biniş Rəsul qızı Məmmədova və Sara Miriş qızı İsmayılova girov götürülərək gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər.

Həm əsirləri fərdlərin nəzarətinə verməklə həm də əsirlərin gördükləri işə görə onlara kompensasiya ödənməsini təmin etməməklə Ermənistan Cenevrə Konvensiyasının 12 və 54-cü maddələrini pozmuşdur.

Ermənistan ordusu hətta uşaqlar və yaşlılara belə mərhəmət göstərmir və hüquqi normaların yoxluğu erməni ordusunun reallığıdır. Bu fikri hətta erməni ictimaiyyətinin nümayəndələri də dəstəkləyir. İtkin və əsir düşmüş şəxslər məsələsinin həll edilməməsi regionda onsuzda kövrək olan sülh quruculuğu prosesinə böyük zərbə vurur.

AŞPA 2007-ci ildə 1553 saylı qətnamə qəbul edərək Ermənistanı əsir və itkin düşmüş şəxslər haqqında informasiya toplanması və mübadilə etməsini çağırmasına baxmayaraq, erməni tərəfi kütləvi məzarlıqların aşkar olunacağı qorxusundan qeyri-konstruktiv mövqe nümayiş etdirir.

Ermənistan hökuməti əsir və itkin düşmüş şəxslərin müdafiəsinə dair öz öhdəliklərini yerinə yetirmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və həmin şəxslərin ailələrinə kompensasiya və reparasiya verməlidir. İtkin, əsir düşmüş şəxslərin qohumları onların taleyi haqqında məlumat almaq hüququna malikdir və bu hüququn təmin olunması sülh quruculuğu prosesinin bir tərkib hissəsi olmalıdır.

Vüsal Hüseynov
Müstəqil tədqiqatçı