backend

Avropa Oyunlarının iqtisadi səmərəsi nədən ibarət olacaq? - RƏY

Avropa Oyunlarının iqtisadi səmərəsi nədən ibarət olacaq? - RƏY























Azərbaycanın gələcəyi üçün çox böyük dividentlər vəd edən bir tədbirdir

Birinci Avropa Oyunlarının başlanması tarixi yaxınlaşdıqca, bu möhtəşəm hadisənin məhz Azərbaycanda baş tutacağı faktına sevinənlər ilə ona ikrah hissiylə yanaşanlar arasında mübahisə və müzakirələr getdikcə qızışır. Və çox maraqlıdır ki, məsələnin ilk gündən indiyə qədər məhz iqtisadi tərəfləri və bu sahədə mövcud, o cümlədən gözlənilən arqumentlər daha böyük vəchlə araşdırılır.

Belə ki, bəziləri ölkəmizdə keçiriləcək bu tədbirə nəzərdə tutulandan artıq vəsait xərçləndiyini və ümumiyyətlə, istənilən halda xərclərin ödənilməyəcəyini, digərləri isə bütün görülən işlərin rentabelli olacağını söyləyirlər.

Bəs, əslində vəziyyət necədir? “Bakı-2015”-ə nə qədər vəsait xərclənmişdir? Və Avropa Oyunları Azərbaycana gəlir gətirəcəkmi?

Ümumiyyətlə, bu tədbirin ölkəmizə xeyri nədən ibarət olacaq?

Qitə səviyyəli bu cür kütləvi tədbirlərin və yarışların bütün istiqamətlərdə əhəmiyyəti olduqca böyükdür. İqtisadi yüksəlişə və siyasi sabitliyə sahib olan hər bir ölkənin belə tədbir və yarışlara ev sahibliyi həyata keçirməyə çalışması da məhz bundan irəli gəlir.

Sözügedən əhəmiyyət içərisində sözsüz ki, iqtisadi amillər də vardır. Və bu, bəlkə də ən mühümüdür. Belə ki, qeyd olunan tədbirlərin keçirilməsi böyük məbləğdə maliyyə vəsaitləri tələb etsə də sonda iqtisadi yüksəlişin daha da sürətlənməsi və ümumi daxili məhsul (ÜDM) istehsalı həcminin artmasına gətirib çıxarır.

Bu mənada, təəssüf ki, bəziləri məsələyə çox bəsit yanaşırlar. Və Avropa Oyunları keçirilib başa çatan kimi dərhal “möcüzə” baş verəcəyini gözləyirlər. Halbuki, söhbət, dərhal müvafiq nəticə əldə olunacağından getmir və gedə də bilməz.

Məsələ bundadır ki, bu tədbir özü ilk dəfədir həyata keçirilir. 2012-ci ilin dekabrın 8-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi və bunun da məhz Bakı şəhərində təşkil olunması haqda qərar qəbul edilməsi özlüyündə böyük etimad sayıldı. Bundan əlavə, ölkəmizin ev sahibliyini həyata keçirməsi üçün tələb olunan hazırlıq işlərinə olduqca az vaxtı var idi.

Odur ki, Azərbaycanın bu sahədə xərclərinin çox olması qaçılmaz idi.

Məsələn, sözügedən yarışlar Avropanın bizdə deyil, hər hansı bir yüksək inkişaf etmiş ölkəsində keçirilsə idi, onlarda tələb olunan müvafiq infrastruktur artıq mövcud olduğundan xərclər bizdəkindən 50%-dən də aşağı təşkil edəcəkdi. Məsələn, bundan sonrakı Avropa Oyunlarının Hollandiyada keçirilməsi ehtimalı vardır ki, artıq, indidən bəllidir ki, orada bütün zəruri infrastruktur mövcuddur.

Sözümüz bunda deyil.

O ki qaldı “Bakı-2015”-ə nə qədər vəsait xərclənməsi məsələsinə, bu sahədə hər şey şəffaf xarakter daşıyır. Ölkəmizdə təkcə bu ilin dövlət büdcəsindən sözügedən tədbirlə əlaqədar keçən ildəkindən az qala 400 milyon manat çox – 1 milyard 336 milyon manat vəsait ayrılmışdır ki, bu haqda 2015-ci ilin dövlət büdcəsi haqda qanununun tədbiq olunması barədə ölkə başçısının Fərmanında aydın göstərilib.

Keçən ilin eyni adlı sənədində isə bu rəqəm düz 1 milyard manat təşkil edirdi. 2013-cü ilin dövlət büdcəsində isə bu haqda məlumat yox idi. Çünki Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında Avropa Oyunlarını Bakıda keçirmək haqda qərar qəbul edən zaman növbəti ilin dövlət büdcəsi artıq qəbul olunmuşdu. Lakin, hazırlıq işlərinə 2013-cü ildən etibarən başlanmışdır ki, təqribən, 40-50 milyon vəsait xərclənmişdi.

Deməli, təkcə son 2 ili nəzərə alsaq təxminən, 2,5 milyard manat dövlət vəsaiti xərclənmişdir. Məsələ bundadır ki, bütün bu xərclərin həyata keçirilməsi nəticəsində görülən işlər isə göz qabağındadır. Məsələn, təkcə Bakıda tikilmiş 65000 tamaşaçı tutumu olan futbol stadionu götürsək, bu, Avropada ən müasir idman infrastrukturlarından sayılır.

Bu mənada, sözügedən tikilinin verəcəyi səmərəni konkret olaraq məhz Avropa Oyunlarına bağlamaq və bundan gözləmək şübhəsiz ki, sadəlöhvlük olardı. Bu kimi infrastruktur obyektlər Azərbaycanda bütövlükdə xidmət sektoruna möhtəşəm bir töhvə sayılır. Və onun verəcəyi səmərə təkcə, qarşıdakı tədbirə hesablanmayıb.

Ümumiyyətlə isə Avropa Oyunları Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük töhvə verməlidir və verəcək də... Buraya daxildir: turizm, xidmət sektoru, bank xidməti, rabitə, ticarət və sair. Bütün bunlar isə son nəticədə yuxarıda da qeyd etdiyimiz kimi ÜDM-in artması ilə nəticələnəcək. Ancaq, hər bir sfera üzrə konkret nə qədər gəlir götürüləcəyini isə indidən dəqiq söyləmək çətindir və başqa sözlə desək, mümkün deyil.

Lakin bir cəhət aydındır ki, bütün qeyd olunan sahələrdə dövriyyə sürətlənəcək ki, artım əldə olunacaq. Ölkəyə valyuta axını müşahidə ediləcək ki, nəğd pul, ümumiyyətlə maliyyə bazasının artması qeydə alınacaq. İndiki məqamda isə bunun nə demək olduğu kifayət qədər aydındır. Bundan əlavə, elə sahələrdə dövriyyə sürətlənəcək ki, bunun nəticəsi sonra üzə çıxacaq.

Misal olaraq, reklam işlərini göstərmək mümkündür..

Yəni, məlumdur ki, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarında hazırda bir durğunluq hökm sürür və istehsalı artırmaq - ixracı artırmaq üçün yollar axtarılır. Bizim ölkə isə bu mənada çox əlverişli bazardır.

Bu baxımdan, biz çalışmalıyıq ki, Avropa Oyunları zamanı ölkəmizin cəlbediciliyinə nail olduğumuz zaman hazır məhsul idxalına deyil, məhz investisiya axınlarına nail olaq. Bunun üçün isə olduqca əlverişli imkanlar yaranacaq. Oyunlara məlum olduğu kimi 50-dən çox ölkədən təqribən 6 min idmançı gələcək ki, ölkəmizin iqtisadi potensialını tanıtmaq və reklam üçün bundan gözəl vasitə ola bilməz.

Sözün qısası, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi nəticəsində taktiki və cari deyil, starteji xarakterli iqtisadi səmərə daha çox olacaqdır ki, bunu da əyani olaraq, məhz sonrakı illər ərzində hiss edəcəyik.

Avropa Oyunları bir sirk və teatr tamaşası, o cümlədən bu və ya digər konsert proqramı deyil ki, 600 min bilet satışı ilə öz xərcini dərhal ödəsin və qoyulan xərclər artıqlaması ilə geri qayıtsın...

Bu, Azərbaycanın gələcəyi üçün çox böyük dividentlər vəd edən bir tədbirdir. Və xərcləri də nəinki havayı getməyəcək, hissə-hissə artıqlamasıyla geri qayıdacaq.

Pərviz Heydərov