backend

Onların rəhbərlik etdiyi nazirliklərdə ciddi qanun pozuntuları mövcuddur

Onların rəhbərlik etdiyi nazirliklərdə ciddi qanun pozuntuları mövcuddur















İki nazir üçün kritik dönəm...

Elmar Məmmədyarov və Azad Rəhimov vəzifələrini itirməyə çox yaxındırlar

Son günlər bəzi yerli icra hakimiyyəti orqanlarında aparılan kadr islahatlarının mərkəzi icra hakimiyyəti orqanlarında da həyata keçiriləcəyi gözlənilir. Müxtəlif mənbələr bununla bağlı artıq öz proqnozlarını verir və hansı nazirlərin istefaya göndərilə biləcəyi barədə mülahizələr yürüdürlər. Baş verən proseslər buna doğrudur. Yəni həqiqətən də, yaxın vaxtlarda yüksək rütbəli məmurlardan, konkret olaraq nazirlərdən bir neçəsi tutduğu vəzifədən uzaqlaşdırıla bilər.

Maraqlıdır görəsən, hansı nazirləri bu təhlükə gözləyir? Aparılan müşahidə və araşdırmalar göstərir ki, axır zamanlar fəaliyyəti qənaətbəxş hesab edilməyən, adı tez-tez mətbuatın gündəminə düşən şəxslərdən biri də xarici işlər naziri Elmar Məmmədyarovdur. Məlumatlı şəxslərin bildirdiyinə görə, bu yaxınlara kimi kölgədə qalmağı bacaran xarici işlər naziri ilə bağlı da artıq müxtəlif maraqlı faktlar üzə çıxmaqdadır. Məlumat üçün qeyd edək ki, Elmar Məhərrəm oğlu Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. Əmək fəaliyyəti dövründə bir sıra vəzifələrdə çalışıb. 2 aprel 2004-cü ildən xarici işlər naziri vəzifəsində işləyir. 11 ildir Xarici İşlər Nazirliyinə rəhbərlik edən Elmar Məmmədyarovun adı son günlər mətbuatın gündəmindən düşmək bilmir ki, bilmir. Belə ki, bir müddət əvvəl Haqqin.az saytı Azərbaycanın Livandakı səfirliyinin yerləşdiyi məkan haqda sensasion informasiya yayıb. Həmin saytın təsisçisi, araşdırmaçı-jurnalst Eynulla Fətullayevin Beyrutdan hazırladığı reportajda bildirilirdi ki, Azərbaycanın Livandakı səfirliyi paytaxt Beyrutun erməni məhəlləsində yerləşir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə həmin informasiyanı təkzib edib: "Bu informasiya həqiqəti əks etdirmir. Azərbaycanın Suriyadakı səfirliyi müvəqqəti olaraq Livanın paytaxtı Beyrutun Nəqqaş Rabiya rayonunda bu ünvanda yerləşir: Əl-Mətn, Əl-Rəhban küçəsi, Aramtın mərkəzi. Beyrutun ermənilərin kompakt yaşadığı məhəlləsi isə Bürc Həmmud adlanır". Bürc Həmmudun erməni məhəlləsi olduğunu H.Hacıyev özü də etiraf edib. Bu məlumatın üzə çıxması Elmar Məmmədyarovun səfirliyimizin yerinin harada yerləşdiyini bilmədiyini göstərdi. Amma Xarici İşlər Nazirliyinin rəsmiləri israrla öz bildiklərini diqtə etməyə çalışdılar. Bu məsələnin üstündən heç bir ay keçmədi ki, Elmar Məmmədyarovun şəxsi biznesi barədə məlumatlar yayıldı.

Həmin məlumatlarda bildirilirdi ki, Xarici İşlər Nazirliyinin inzibati binasının arxasında yerləşən və dəyəri 20 milyon manat civarında olan "Şirvanşahlar" adlı restoran məhz Elmar Məmmədyarova məxsusdur. "Buranın başlıca müştəriləri dövlət məmurları, iri sahibkarlar və xarici qonaqlardır. Xarici İşlər Nazirliyinin xətti ilə ölkəmizdə səfərdə olan əcnəbilərin əksəriyyəti məhz bu restoranda dincəlir", deyə yayılan xəbərlərdə qeyd olunurdu. Çox maraqlıdır ki, Xarici İşlər Nazirliyinin yetkili şəxsləri bu məsələ ilə bağlı heç bir münasibət bildirmədilər. Yəni fakt nə təsdiq, nə də təkzib olundu. Bəzi mənbələrin iddiasına əsasən xarici işlər nazirinin biznes şəbəkəsi təkcə "Şirvanşahlar" restoranı ilə kifayətlənmir. Deyilənə görə, şəhərin bəzi bahalı geyim dükanları da Elmar Məmmədyarovun nəzarəti altındadır. Bu isə başqa yazının mövzusudur. Özəl qaynaqlar bildirir ki, yuxarılarda xarici işlər nazirinə qarşı münasibət xeyli dəyişib: "Elmar Məmmədyarov artıq öz işinin öhdəsindən layiqincə gələ bilmir. Təkcə son üç ay ərzində xarici ölkələrdəki bəzi səfirlik və konsulluqlarımızla bağlı böyük problemlər yaşandı. Bunun hamısı Elmar Məmmədyarovun işinə qarşı yetərincə məsuliyyət göstərməməsinin nəticəsidir. Prezident Administrasiyasında xarici işlər naziri ilə bağlı narazılıq pik həddə çatıb. Bir müddət əvvəl dövlət büdcəsindən XİN-ə ayrılan pulların ödənilməsində gecikmələr yarandı. Buna görə də nazirliyə bağlı bir sıra qurumların internet səhifələrinin maliyyələşdirilməsi müşkülə çevrilmişdi. Nəticədə Azərbaycanın xaricdəki bir çox səfirliklərinin internet səhifələri fəaliyyətini müvəqqəti dayandırmalı olmuşdu. Bundan başqa, Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat deyil. Bu barədə prezident İlham Əliyev də öz tənqidlərini bildirmişdi. Lakin nazir tənqidlərdən bir nəticə çıxarmayıb. Odur ki, onun işdən azad edilməsi məsələsi müzakirə mövzusuna çevrilib. Nazir ya parlament seçkilərinə qədər, ya da seçkidən dərhal sonra istefaya göndəriləcək". Yol üstə olan digər məmur isə gənclər və idman naziri Azad Rəhimovdur. İddialara görə, son illərdə ölkəmizdə idman arenalarının tikintisinə ayrılmış vəsaitlərin sərf edilməsində olduqca ciddi qanun pozuntuları aşkarlanıb: "Milyonların düzgün xərclənməməsinin səbəbkarı kimi isə nazir Azad Rəhimov göstərilir. Deyilənə görə, yaxın vaxtlarda onunla bağlı məsələ yuxarılar səviyyəsində müzakirəyə çıxarılacaq və son qərar veriləcək. Gedişat isə göstərir ki, nazir vəzifəsini qoruyub saxlaya bilməyəcək".


Mövzu ilə əlaqədar qarşı tərəfləri də dinləyə, mövqelərini dərc edə bilərik.