backend

Narazılıq var

Narazılıq var

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində işləyən yüksək çinli bir məmur haqqında məktub daxil olub.
















Məktub müəllifləri adıçəkilən komitənin sədri Ramiz Həsənova müraciət edərək səlahiyyətlərindən istifadə etməklə tabeçiliyində olan məmura təsir etmək xahişində bulunublar.

Qeyd edək ki, müraciət müəllifləri 8 nəfərdən ibarət tikinti işiylə məşğul olan briqada üzvləri olduğunu bildirirlər və iddia edirlər ki, həmin məmurun (Qeyd edək ki, məsələni araşdırmaq üçün saytın əməkdaşı bir neçə dəfə həmin məmurla telefonla danışıb və hətta tikintisi başa çatmaqda olan bağ evində də olaraq görülən işlərin həcmi ilə maraqlanıb. Amma bu barədə məlumatların ictimailəşdirilməsinə hələlik zərurət olmadığı qənaətindəyik) dəbdəbəli bağ evində işləyiblər, ilkin mərhələdə məvaciblərini vaxtlı - vaxtında alsalar da işin sonuna yaxın ev sahibi işçilərə çatacaq pulun verilməsini əvvəlcə bir müddət yubadıb, sonradan isə ümumiyyətlə onu verməkdən imtina edib. Çoxsaylı üzbəüz söhbətlərin və telefon zənglərinin problemin həllinə kömək etmədiyini görən şikayətçilər hələ avqust ayında üz tutublar.

Biz komitə sədri Ramiz Həsənovun ölkənin iriçaplı məmur kontingenti içərisində heç bir hakimiyyətdaxili intriqalarda və çeşidli korrupsiya qalmaqallarında adı hallanmayanların ən önündə gələnlərindən olduğunu nəzərə alaraq ona ünvanlanan müraciəti ictimailəşdirmədən həllinə nail olmaq istədik. Amma təşəbbüslərimiz nəticəsiz qaldı və komitə sədrinin özü ilə görüşmək mümkün olmasa da problemin onun diqqətinə çatdırıldığıyla bağlı yenə də adını çəkməyə lüzum görmədiyimiz yüksək səlahiyyətli komitə rəsmisi bizə söz versə də bir yenilik olmadı.

Ona görə də mətbuat vasitəsilə Ramiz Həsənova olan hüsn - rəğbətimizə güvənərək ondan əli qabarlı işçilərin halalca zəhmət haqlarının ödənilməsi üçün məsələyə müdaxilə etməsini xahiş edirik. Ümid edirik ki, yaxınlaşan Müqəddəs Qurban Bayramı ərəfəsində hörmətli komitə sədrinin müdaxiləsi bir neçə əli qabarlı soydaşımızın ailəsinə əsl bayram hədiyyəsi olacaq.

Mövzunu diqqətdə saxlayacağıq və çox böyük ümidlə problemin çözüləcəyini gözləyirik...