backend

İş adamı Beynəlxalq Banka olan borcunu ödəməsə, həbs cəzası çəkə bilər

İş adamı Beynəlxalq Banka olan borcunu ödəməsə, həbs cəzası çəkə bilər

"Xalqlar Dostluğu" yarmarkasının sahibinin ölkədən çıxmasına qadağa qoyulub












Bildiyiniz kimi, tanınmış iş adamı, "Xalqlar Dostluğu" yarmarkasının, "Romance Palace" şadlıq sarayının və "Şərq" sarayın sahibi, "Qozbel İman" ləqəbli İman Quliyev haqda bu günlərdə mətbuatda maraqlı məlumatlar yayıldı. Tikinti maqnatı kimi ad çıxaran, iri layihələr həyata keçirən biznesmenin müflis olduğu bildirildi. "İman Quliyev Azərbaycan müstəqillik qazandıqdan sonra ulduzu parlayan iş adamlarındandır. O, 90-cı illərdən öz biznes şəbəkəsini quraraq ciddi maliyyə uğuru əldə edib.

Əsasən 1993-cü ildən başlayaraq uğur onun üzünə gülməyə başlayıb. Bakıda "tolkuçka" biznesi çiçəklənən vaxtlarda Nizami rayonu ərazisində "Xalqlar Dostluğu" ticarət mərkəzini tikdirib. Son illər onun sahibi olduğu "tolkuçka" sürətlə boşalır. Bunun bir səbəbi rəqabət mühitinin güclənməsi idisə, digər səbəb dünyada baş verən iqtisadi tənəzzül idi. İman Quliyev tikinti sahəsində də qabaqcıllardan olub. Onun şirkətləri Bakıda xeyli yaşayış binaları tikib. Hazırda da iş adamı Nizami rayonu ərazisində çoxmərtəbəli yaşayış binası inşa etdirir. Onun əksər layihələri isə dayanıb. İşçilərinin belə maaşını vaxtında verə bilmir. Onun çöküşünün əsas səbəbi iqtisadi tənəzzül göstərilir.

O, əmlakını satışa çıxarmağa başlayıb. İ.Quliyevin Bakıda xeyli daşınmaz əmlakının, gəlirlə işləyən obyektlərinin olduğu deyilir", deyə yayılan məlumatlarda vurğulanıb. Bunun ardınca iş adamının ölkəni tərk etməsi haqda xəbər yayıldı. Məlumata görə, iş adamı Ukraynada yeni biznes fəaliyyətinə başlayıb: "Hazırda onun Ukraynadakı biznesinin Azərbaycandakı biznesindən daha böyük olduğu bildirilir. İman Quliyevin bir müddət öncə bank borcları olan və vergidən yayınan iş adamlarının Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması ərəfəsində Azərbaycandan getdiyi vurğulanır". Lakin iş adamının ölkəni tərk edib xaricə köçməsi barədə xəbərlər həqiqətə uyğun deyil. Belə ki, mötəbər qaynaqlardan aldığımız məlumatlara əsasən Beynəlxalq Banka külli miqdarda borcu olan biznesmenin Azərbaycandan kənara çıxmasına qeyri-rəsmi qadağa qoyulub: "Düzdür, İman Quliyev Beynəlxalq Bankla bağlı qalmaqallar ortaya çıxandan sonra xaricə getmək istəyib, amma onun ölkəni tərk etməsi yasaqlanıb. Hətta bir müddət əvvəl iş adamı "Bandotdel"ə çağırılaraq dindirilib. Ona banka olan borcunu ödəməsi üçün 15 gün vaxt verilib. Bu müddət başa çatsa da, iş adamı borcunu ödəyə bilməyib. Bu məqsədlə paytaxtdakı bəzi bahalı obyektlərini, o cümlədən "Milyonçular Məhəlləsi"ndəki villalarından birini satışa çıxarıb. Həmin mülklərin heç biri satılmadığından biznesmen daha da çətin vəziyyətə düşüb. Bu durumdan çıxış yolu axtaran iş adamı çarəni "Xalqlar Dostluğu" yarmarkasında icarə haqlarını artırmaqda görüb. Yer pullarının artırılması isə sahibkarları razı salmayıb və onlar etirazlarını bildiriblər. Bəzi dükan sahibləri mallarını yığıb başqa ticarət mərkəzlərinə köçüblər. Hazırda yarmarkadakı dükanların əksəriyyəti boş qalıb. Yer pulları həddən artıq baha olduğuna görə heç kim burda işləmək istəmir".

Etibarlı mənbənin sözlərinə görə, hələ illər öncə İman Quliyevlə konflikti olan məmurlardan biri fürsəti dəyərləndirərək "Xalqlar Dostluğu" yarmarkasının ərazisini ələ keçirməyə çalışır: "İş adamı ya həbs cəzası ilə razı olmalıdır, ya da dövlətə olan borcunu ödəməlidir. Yəqin ki, o həbsə girmək istəməz. Buna görə də məcburdur ki, nəyin bahasına olur-olsun banka borcunu ödəsin. Yayılan söz-söhbətlərdən belə aydın olur ki, biznesmen ən böyük obyektlərindən sayılan "Xalqlar Dostluğu" yarmarkasını dəyərindən az qiymətə satmağa razılıq verib. Bura göz dikən vəzifəli şəxsin adamları ilə İman Quliyevin arasında artıq ilkin söhbətlərin aparıldığı deyilir. Çox güman ki, alqı-satqı prosesi yaxın günlərdə baş tutacaq. Bu isə iş adamının çöküşünün başlancığı ola bilər. Əgər biznesmen banka olan borcunu son qəpiyinə kimi ödəməsə, Nizami Piriyevin aqibətini yaşamaq məcburiyyətində qalacaq". Xatırladaq ki, İman Quliyevin adı bir müddət əvvəl Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən təqribən 60 sot yaşıllıq zonasının məhvində də çəkilirdi. Sakinlərin müdaxiləsindən sonra biznesmen geri addım atmalı olmuşdu.


Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.