backend

"Azərişıq" "Azərenerji"yə olan borcunu ödəməsə, tərəflər məhkəmədə üz-üzə gələ bilər

"Azərişıq" "Azərenerji"yə olan borcunu ödəməsə, tərəflər məhkəmədə üz-üzə gələ bilər














Ləğv olunmuş "Bakıelektrikşəbəkə"yə ayrılan milyonların hara xərcləndiyi nə vaxt araşdırılacaq?

ASC-nin rəhbərliyi "Olimpik Novxanı Otel"in direktoru Elşən Abdullayevdən nə tələb edir?

Baba Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri təyin olunmaqla kreslosunu bir qədər də möhkəmləndirdi. Hətta bəzi mənbələr ASC sədrinin daha yüksək vəzifəyə təyin olunacağı barədə proqnoz da vermişdilər. Məsələn, Baba müəllimin energetika naziri Natiq Əliyevin yerinə keçəcəyi ilə bağlı iddialar səsləndirilirdi. Amma bunlar elə iddia səviyyəsində də qaldı. Yəqin ki, bu məmur hələ bundan sonra bir neçə il yeni yaradılmış "Azərişıq" ASC-yə rəhbərlik edəcək. Yeni yaradılan qurumun fəaliyyəti isə hələ ki, vətəndaşlar tərəfindən o qədər də müsbət qarşılanmır.

Belə ki, keçmiş "Bakıelektrikşəbəkə"nin dövründən qalan bəzi problemlər bu gün də insanları narahat edir və köhnə borc məsələsi yenidən gündəmə gətirilir. Bu başqa yazının mövzusudur. Bununla bağlı növbəti saylarımızda geniş məlumat verəcəyik. Bugünkü məqalədə sizlərə ASC sədrinin illərdən bəri yığdığı sərvət, biznes layihələri və həyata keçirilən qaranlıq maliyyə əməliyyatları barədə danışmaq istəyirik. Aparılan araşdırmalar göstərir ki, Baba Rzayevin biznes sahəsində uğurlu addımlar atmasında "Santral Elektrik" LTD-nin böyük rolu olub. Rəsmi sənədlərə görə, şirkətin səhmlərinin 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur. "Santral Elektrik" LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. Araşdırmalara əsasən, həmin vaxt şirkətə ASC sədrinin qardaşı Emin Rzayev rəhbərlik edib. Aradan müəyyən vaxt keçəndən sonra sədrin qardaşı şirkətin rəhbərliyindən gedib. İdarəçilik bundan sonra ASC rəhbərinin qayını İlham Həsənova həvalə edilib: "Şirkət Azərbaycanda elektrik məhsulları sahəsində neçə illərdir ki, nəzarəti əlində saxlayır. Baba Rzayev "Bakıelektrikşəbəkə"nin sədri təyin olunan vaxtdan biznes sahəsində iri addımlar atmağa başlayıb. O, "Santral Elektrik"in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını ona satıb. "Bakıelektrikşəbəkə"yə sədr keçdikdən sonra şirkəti ailə üzvlərinə tapşırıb. "Santral Elektrik" ölkədə elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində iri özəl şirkət hesab edilir. "Legrand" (Fransa), "Pirelly" "GEWISS", "KEMMR.I" (Finlandiya), "Vortice" (İtaliya), "Stanley" (ABŞ), Philips, Osram "Dewallt", "Massive" və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da məhz bu LTD-dir". Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Baba müəllim hələ "Bakıelektrikşəbəkə"yə rəhbərlik etdiyi vaxtlarda qurumun tenderlərinin yetərli hissəsini öz nəzarətindəki LTD-yə həvalə edib: "Büdcədən maliyyələşən sifarişləri həyata keçirən "Göknur Bakı LTD", "GBS" MMC şirkətləri "Santral Elektrik"lə eyni ünvanı bölüşür. Bu şirkətlərin təsisçi və rəhbərləri də sədrin ailə üzvləridir. Məsələn, "General Boards System" - GBS Məhdud Məsuliyyətli Cəmiyyətini ASC sədrinin oğlu Fuad Rzayev və qardaşı Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırılmasını təmin etmək olub. Elə həmin ildə yaradılmış "Gök-Nur Bakı LTD"-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də cəmiyyət rəhbəri təsisçi olaraq göstərilib. Digər təsisçi isə Handa Groupdur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan - "Bakıelektrikşəbəkə"dən alıb. "Bakıelektrikşəbəkə"yə 2007-ci ildə 60 milyon manat, 2008-ci ildə 120 milyon manat, 2009-cu ildə 50 milyon manat, 2010-da 55 milyon manat və nəhayət, 2011-ci ildə 50 milyon manat investisiya yatırılıb. Bundan başqa, ASC-nin "Azərenerji"yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83 mln. manat kreditor borcları Nazirlər Kabinetinin qərarı ilə silinib. Ayrılan investisiyaların hansı işlərə və necə xərclənməsi şübhəli qalıb. Məhz bu tip əməliyyatların sayəsində "Azərişıq"ın sədri milyonlara sahib çıxmağı bacarıb. O hazırda ölkənin ən varlı məmurlarından biri kimi qəbul edilir". Onu da qeyd edək ki, bu günlərdə "Azərişıq" və "Azərenerji" arasındakı borc qalmaqalı yenidən gündəmə gətirilib. "Azərişıq" ASC-nin rəsmiləri məsələ ilə bağlı bunları bildiriblər: ""Azərenerji" və "Azərişıq" üzərlərinə düşən vəzifələrini həmişə olduğu kimi bu gün də layiqincə yerinə yetirirlər. "Azərenerji"dən alınan elektrik enerjisinə görə ödəmələr "Azərişıq" tərəfindən heç bir geçikdirmələr olmadan və əvvəlki illərə nisbətən artımla həyata keçirilir.

Belə ki, 2006-cı ilədək olan müddətdə "Azərenerji"yə ödəmələr 40%-i keçmədiyi halda, hazırda Bakı şəhəri üzrə bu rəqəm 93% -dən artıq, yəni, qəbul edilmiş regional şəbəkələrin mövcud problemlərinə baxmayaraq "Azərişıq"ASC üzrə ötən ayda bu göstərici 80%-dən artıq olmuşdur". Xatırladaq ki, "Azərenerji"nin bir qrup işçisi Qurban bayramından öncə maaşlarını ala bilmədiklərini bildirmiş və buna səbəb kimi "Azərişıq"ın "Azərenerji"yə ödənişi gecikdirməsini göstərmişdilər. Özəl mənbələrin dediyinə görə isə Etibar Pirverdiyev və Baba Rzayevin rəhbərlik etdiyi qurumların arasındakı borc problemi hələ də həllini tapmayıb. Deyilənə görə, borcun qaytarılması bir qədər də geciksə, "Azərenerji" rəhbərliyi məhkəməyə müraciət edə bilər. Bu arada, "Olimpik Novxanı Otel" "Azərişıq"ı rüşvət tələb etməkdə ittiham edib. "Qafqazinfo"ya müraciət edən otelin direktoru Elşən Abdullayevin sözlərinə görə, "Azərişıq" artıq 3 gündür ki, işıq verilməsini dayandırıb və yeni elektrik xəttinin çəkilməsi üçün tələb olunan 26 min vəsaiti otelin ödəməli olduğunu bildirib. Belə ki, elektrik naqillərinin yerin altından çəkilməsi üçün otel rəhbərliyinə üç gün əvvəldən möhlət verilib. Müdiriyyət isə bildirir ki, təxminən 500 metrlik elektrik xəttinin yerin altından çəkilməsi üçün azı bir həftə vaxt lazımdır: ""Azərişıq" bizə üç gün əvvəldən xəbərdarlıq etdi, lakin bu çox qısa müddətdir. Bizə elektrik xəttini yerin altından çəkmək üçün azı bir həftə vaxt lazımdır. Hazırda 3 gündür ki, otel generatorla işıqlandırılır. Bu isə otelin zərərinə işləyir, çünki generatora görə ayda 15 min manat xərcimiz çıxır. Üstəlik "Azərişıq" naqilin çəkilməsi xərcini, yəni 26 min manatı bizdən tələb edir". Dövlət başçısı öz çıxışlarında da dəfələrlə ölkədə, xüsusən bölgələrdə turizmin inkişafına şərait yaradılması ilə bağlı təklif və iradlarını səsləndirib. Hazırda bizim otel çoxlu sayda yerli və əcnəbi turistləri qonaqlayır. İşıq olmadığı halda qonaqlara necə xidmət göstərəcəyimizi dediyimiz zaman isə "Azərişıq"dan bizə bildirirlər ki, turistləri yola salın öz ölkələrinə getsinlər.

Otelin indiyə qədər "Azərişıq"a heç bir borcu olmayıb və 5-8 min manat arası işıq borcunu hər ay vaxtlı-vaxtında ödəyib. Niyə görə, dövlətdən vəsait aldığı halda "Azərışıq" elektrik xəttinin çəkilməsi üçün bizdən əlavə 26 min manat tələb edir?"


Yazı ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.