backend

Klinikada avtoklav adlı xüsusi strerilizasiya aparatı yoxdur

Klinikada avtoklav adlı xüsusi strerilizasiya aparatı yoxdur

















Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən 9 saylı stomatoloji klinika barəsində şikayət daxil olub.

Verilən məlumatlarda göstərilir ki, sözügedən klinikanın təsərrüfat hesablı olmasına baxmayaraq, klinika öz qaydaları əsasında fəaliyyət göstərir. Məsələ burasındadır ki, tam təsərrüfatlı fəaliyyət nəticəsində əldə olunan gəlir klinikanın xəzinəsinə mədaxil edilmir. Yəni kimlərinsə büdcəsinə gedir. Bildiyiniz kimi, cənab prezident bir neçə il əvvəl dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi.

Buna baxmayaraq, 9 saylı stomatoloji tibbi xidmətlərin bir çoxunun maddi qarşılığı var. Burda çalışan həkim və tibb bacılarının əksəriyyəti xüsusi üsullardan istifadə etməklə öz subyektiv maraqlarını həyata keçirirlər. Belə formada fəaliyyət göstərən diş klinikasında göstərilən xidmətin də sıfıra bərabər olduğu deyilir. Məktubda rentgen aparatının köhnə olduğu nəzərə çatdırılır. Eyni zamanda stomatoloji klinikada alətləri sterilizə edən avtoklav adlı aparat belə yoxdur. Halbuki hər stomatoloji kabinetdə avtoklav adlı xüsusi sterilizasiya aparatları qoyulmalıdır ki, burada da bir çox alətlər hər pasiyentə xidmətdən dərhal sonra 100% mikroblardan təmizlənməlidir. Qeyd edək ki, bu aparat 1879-cu ildə Şarl Şamberland tərəfindən ixtira olunub. Bu gün tibbdə istifadə olunan avtoklavlar daha da təkmilləşib. Tibbi alət və vasitələrin sterilizasıyasını həyata keçirən bu aparatlar yüksək təzyiq və temperaturla işləyir. Təzyiqsiz olan aparatlar isə quru hava sterilizatoru adlanır. Avtoklavlar həcminə görə fərqlənir. Şəhərin bir neçə stomatoloji avadanlıq satan mağazalarından bildirdilər ki, avtoklavlar ötən 10 ilə nisbətən bu gün daha geniş istifadə olunur. Həcmi, tutumuna görə qiymətləri də fərqlidir. 16, 18, 22 litrlik avtoklavların qiyməti 1500 -2000 manat arasında dəyişir. Bu aparat baha olduğuna görə əksər diş kabinetlərində bu aparatdan istifadə edilmir. Həkimə bu barədə irad bildirdikdə isə, o alətlərin xüsusi dərmanla silindiyini bildirir. Təəssüf ki, sterilizə aparatının olmaması insanların məxfi şəkildə müxtəlif xəstəliklərə yoluxmasına şərait yaradır. Bunlar arasında qanla keçən hepatitlər(xüsusən hepatit B, hepatit C), AİDS kimi qorxulu xəstəliklər yer alır. Şikayətçi bildirir ki, sözügedən diş klinikasında fəaliyyət göstərən həkim -stomatoloqlar ən sadə tibbi maska və əlcəkdən də istifadə etmirlər. Hətta beynəlxalq standartlara görə, stomatoloji kabinetin döşəməsi belə infeksiya, mikroblara,bakteriyaya dayanıqlı olan xüsusi linoliumla örtülməlidir. Bundan başqa, orada istifadə olunan cihazlara verilən su belə, bizim gündəlik istifadə etdiyimiz yox, xüsusi qurğularda təmizlənmiş su olmalıdır. Təəssüf ki, adını çəkdiyimiz stomatoloji klinika elə vəziyyətdədir ki, az qala adamın başına uçsun. Həddindən artıq təmirsiz olan klinikada həmçinin antisanitariya hökm sürməkdədir. Bu klinikaya bir dəfə daxil olan ikinci dəfə getmir. Klinikada təmizlikdən əsər-əlamət yoxdur. Şikayətçilər bildirirlər ki, bu cür antisanitariya şəraitində orada ancaq xəstəlik tapmaq olar.

Kabinetin və həkimin gigiyena qaydalarına əməl etməməsi onun özünün sağlamlığı üçün də təhlükə yaradır. Həkimin pasiyentdən xəstəliyə yoluxma riski də çoxdur. Ona görə də 9 saylı stomatoloji klinikada yoxlamalar aparılarsa, hər şey aydınlığa çıxa bilər.

Ona görə də müvafiq qurumlar sözügedən tibb ocağında tezliklə yoxlamalara başlasa, deyilənlərin həqiqəti əks etdirdiyinin şahidi olarlar. Şikayət məktubunda qeyd olunur ki, göstərilən xidmət sıfıra bərabər olsa da, xidmət haqqı həddindən artıq bahadır. Köhnə rentgen aparatıyla dişin rentgeni 6 manatadır. 15-20 manata dişi çıxarırlar. Göstərdikləri xidmət tətbiq etdiyi qiymətlərlə uzlaşmır. Bəzən xəstələr ucuz diş kabinetlərinə üz tuturlar. Lakin çalışmaq lazımdır ki, baha olsa da, keyfiyyətli xidmət göstərən diş klinikalarına müraciət etsinlər.