backend

Baş verən avtoqəza nələrdən xəbər verir?!

Baş verən avtoqəza nələrdən xəbər verir?!























Azərbaycanda uğurla aparılan kompleks dövlət siyasəti, qeyri - neft sektorunda istehsal sahələrinin genişlənməsinə, sahibkarlığın, kənd təsərrüfatı və digər özəl sahələrin dayanıqlı inkişafına zəmin yaradır.

Bu sahədə xüsusilə diqqət çəkən özəl sektorların inkişafı, ölkənin dinamik inkişaf tempinin dayanmadan irəliləməsinə xüsusi önəm verir. O cümlədən sahibkarlığın ölkə iqtisadiyyatına bəxş etdiyi önəmli töhfələr, bu sahənin inkişafında dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə əks olunaraq ölkə vətəndaşlarının maddi rifahına xidmət edir. Lakin bir çox oliqarx və biznes krallarının malik olduqları özəl sektorların spesifik "özəllikləri" heç də həmişə müsbət nəticələrlə müşayiət olunmur. Əsasən bu sektorlarda qabarıqlıq təşkil edən problemlərin fonunda əməyin mühafizəsi və eləcə də işçilərin həyat və sağlamlıqlarının qorunmaması kimi neqativ məsələlər durur. Məhz belə məsuliyyətsiz işbazların ucbatından ölkənin özəl istehsal sahələrində baş verən hüquq pozuntularının və bədbəxt hadisələrin sayının durmadan artmasına xidmət edir ki, nəticədə ölkə əhalisi özəl sektorlardan imtina edərək dövlət sektorlarına can atırlar. Ölkədə əhalini quş əti ilə təmin edən 40-a yaxın quşçuluq fabrikləri var. Ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına xidmət göstərən fabriklər, dünyanın aparıcı şirkətlərinin ən son texnologiyaları və müvaviq avadanlıqları ilə təchiz edilərək əhalini ərzaqla təmin edirlər. Əsasən istehsal sahələrinin bütünlüklə avtomatlaşdırıldığı quşçuluq fabriklərində quşların kəsimi, təmizlənməsi və qablaşdırılması kimi prosesləri həyata keçirilir. Lakin burada çalışan insanlara keyfiyyət deyil, kəmiyyət baxımından yanaşılması, bu gün özəl sektorlarda baş alıb gedən hüquq pozuntularından bir daha xəbər verir. Bu sırada xüsusi "fəallıq" nümayiş etdirən Hacıqabul Quşçuluq fabriki, ciddi nöqsan tərkibli fəaliyyətlərin mərkəzinə çevrilib. Əsasən adının bir çox hallarda şəstlə çəkildiyi Hacıqabul Quşçuluq Şirkəti MMC, broylerlər sırasında istehlakçı sayına görə birinci yeri tutaraq nəhəng dövriyyəyə malik olan geniş istehsal sahələrini əhatə edir. Lakin sadalanan tərif və nailiyyətlər, son dövrlər ciddi əmək pozuntularının mərkəzində duran "Hacıqabul Broyler", fabrikinin daxili prosesində baş alıb gedən şok ilgilərin; əməyin qeyri-normal təşkili, istehsalatda baş verən ardıcıl bədbəxt hadisələrin, peşə xəstəliklərinin mərkəzində durur. 500 vətəndaşın çalışdığı fabrikdə baş alıb gedən qanunsuzluqlar və hüquq pozuntuları, buranın rəhbəri Adışirin müəllimi qətiyyən maraqlandırmır. Fabrikdə cərəyan edən gərgin və dözülməz iş rejimi, işçilərin sözün əsl mənasında istismar edilməsinə gətirib çıxarır. Baxmayaraq ki, bu sahəni əhatə edən "Əmək Məcəlləsində iş saatının altı, yeddi həftəlik qrafikə əsasən 6-7 saat müəyyənləşdirilsə də, Hacıqabul Quşçuluq Şirkəti, dövlətin bu sahədə tətbiq etdiyi qanun və layihələrin üzərindən xətt çəkərək işçilərini səhər saat 06.00-dan başlayaraq axşam saat 20.00-dək işlədir. Nəticədə işçilərin hüquqları kobud şəkildə pozulur ki, bu da özlüyündə 500 nəfərlik kollektivin hüquqlarının pozulmasına gətirib çıxarıır. İşə götürülən zaman əmək müqavilələrinin bağlanmadığı tərzdə işə götürülən işçilər, hətta əmək haqlarını vaxtlı-vaxtında belə ala bilmirlər. İstehlakçılarının sayına görə birinci yerdə duran Hacıqabul Quşçuluq fabriki, burada çalışanların müvafiq xüsusi geyim və ayaqqabılarla, digər fərdi mühafizə vasitələri ilə, o cümlədən fabrikdə hökm sürən zərərli iş rejimini nəzərə almadan onların müalicə-profilaktik qida və dərman preparatları ilə təmin edilməsinə əməl etməyərək dövlət tərəfindən tələb olunan normativlərdən boyun qaçırır. İşçilərinin deyil, ona gəlir gətirən toyuqları üçün ən ağır dərman preparatlarından istifadə edərək fabrikdə baş verən bədbəxt hadisələrin, çoxsaylı peşə xəstəliklərinin uçota alınması və təhlil edilməsi tələblərinə məhəl qoymayan Adışırin müəllim həmçinin müvafiq xəstəliklərə tutulan işçilərinin peşə xəstəliklərinə tutulması zamanı onların sosial müdafiə məsələsi ilə maraqlanmayaraq, bu yolda yeganə çıxış yolunu onları işdən kənarlaşdırmaqda görür. Nəticə etibarı ilə əmək müqaviləsi bağlamadan uzun illər işləyən işçilər, əmək müqaviləsinin olmaması üzündən sonda dövlət tərəfindən müvafiq qayğıdan məhrumolma faktı ilə üzləşirlər. "Əməyin Mühafizəsi Haqqında" Qanunun 11 Maddəsində göstərilən müəssisə rəhbərliyinin mülkiyyətçi qismində üzərinə düşən tələblərin təşkil etdiyi; "Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi, rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi, hər bir iş yerində sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması və o cümlədən işçilərin lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkili kimi başlıca vəzifələri üzərində cəmləşdirən Adışirin müəllim fabrikdə baş verənləri ört-basdır etmək üçün öz metodlarından istifadə edir. Hər hansı bir işçisinin müəssisədə baş verənlər barədə dövlət rəhbərliyinə ünvanladığı şikayətləri asanlıqla ləğv elətdirərək, işçini tez bir zamanda işdən kənarlaşdırır. Fabrikdə az qala hər bir daşın altına qoydurduğu gizli kameralar vasitəsilə onun "dalınca danışan" işçiləri min bir bəhanəylə işdən kənarlaşdırır. Əldə etdiyimiz digər məlumatlara əsasən, fabrikdə çalışan 500 işçinin iş və ev marşrutunu təmin edən 8 avtobus işləməli olduğu halda bu prosesi 2 yararsız avtobus icra edir. Özünü təəssübkeş müdir kimi nümayiş etdirərək işçilərin təyinatı üzrə daşınmasını təmin edən Adışırın müəllim bu avtobusların istismar müddətlərinin bitməsini nəzərə almadan dəfələrlə onların həyat və sağlamlıqlarını təhlükə altında qoyub. Belə ki, dünən saat 20.00 radələrində, Hacıqabul Quşçuluq fabrikinin işçilərinin evə daşınmasını təmin edən avtobus yoldan çıxaraq üç dəfə aşıb. Hadisə zamanı 30 nəfər işçinin ağır bədən xəsarəti alması xəbərini aldıq. Lakin rəsmi statistikanı gizlədərək guya qəza zamanı 5 nəfərin yüngül bədən xəsarəti aldığını bəyan edən şirkət rəhbərliyi, əslində baş verən qəzanın kökündə texniki nasazlıq faktorunun durduğunu gizlədir. Baş verənlərin məsuliyyəti isə, bütünlükdə Adışırin müəllimin üzərinə düşür. Onun işçi kollektivinə göstərdiyi etinasızlıq, sonda baş vermiş qəza nəticəsində bir daha öz əksini tapdı. Ölkədə biznes mühitinin yaradılması müsbət hal olsa da, son vaxtlar bu sahədə baş verən müvafiq problemlər, çalışanların sayında azalma ilə müşayiət olunur. Azərbaycanda mövcud makroiqtisadi mühit daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlıq sinfinin mövqelərinin güclənməsinə, başlıca olaraq ölkənin iqtisadi inkişafına təkan versə də, özəl sektorlarda hökm sürən ciddi problemlər, xüsusilə bu sahədə ümumi əmək qanunvericiliyinin təkmilləşdirilməsinin vacibliyini bir daha ön plana çəkir.