backend

Məleykə Abbaszadə təhsil naziri olmaq istəyir, Mikayıl Cabbarov isə Ceyhun Bayramovu TQDK sədrliyinə hazırlayır

Məleykə Abbaszadə təhsil naziri olmaq istəyir, Mikayıl Cabbarov isə Ceyhun Bayramovu TQDK sədrliyinə hazırlayır
























Misir Mərdanovun dövründə əsası qoyulan savaşdan kim qalib ayrılacaq?

Sabiq təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında açıq müstəvidə mübarizə gedirdi. Yüksələn xətlə gedən bu mübarizədən TQDK sədri qalib ayrıldı. Belə ki, ölkə başçısının müvafiq sərəncamı ilə Misir Mərdanov tutduğu vəzifədən uzaqlaşdırıldı. Qeyd edək ki, hələ keçmiş nazirin zamanında komissiya sədri dərsliklərdə müxtəlif nöqsanların olması ilə bağlı məsələləri qabardır, Təhsil Nazirliyinin işindəki neqativ halları ifşa edirdi. Amma bunun müqabilində Təhsil Nazirliyinin rəhbərliyi komissiya sədrinin fəaliyyəti barədə tutarlı faktları ortalığa qoya bilmirdi. Kimlərinsə himayəsinə bel bağlayan TQDK rəhbəri son nəticədə Misir Mərdanovu sıradan çıxarmağa nail oldu. Deyilənə görə, onun hazırkı nazir Mikayıl Cabbarovla da münasibətləri elə də yaxşı deyil. Apardığımız qısa araşdırmalar göstərir ki, Məleykə Abbaszadə hər fürsətdə Təhsil Nazirliyinin fəaliyyəti haqqında mənfi fikirlər səsləndirir və nazirliyin yüksək vəzifəli şəxslərinin işlərinə peşəkar səviyyədə yanaşmadığına işarə edir. Məsələn, bir müddət əvvəl Məleykə Abbaszadə tənqidi fikirləri ilə ictimaiyyətin diqqətini tədris prosesindəki nöqsanlara yönəltdi. Bu məsələlərlə bağlı uzun sürən sükunətini saxlayan komissiya sədri son açıqlamaları ilə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil ocaqlarında vəziyyətin son zamanlar heç də müsbətə doğru dəyişmədiyini bildirdi: "Hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyildir. 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər". TQDK sədri həmçinin Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanların da aşkar olunduğunu vurğulayıb. O bildirib ki, 11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 belə şagird var. Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb: "Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox, vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfərdir". 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər". Azərbaycanın ora məktəblərində tədrisin vəziyyətinin, səviyyəsinin ürəkaçan olmadığını dilə gətirən M.Abbaszadə durumun acınacaqlı olduğuna diqqət çəkməyə çalışır. O deyir ki, bilik səviyyəsi çox aşağı olan şagirdlərin qiymətləri bilərəkdən şişirdilir: "Attestatda bütün qiymətləri "5" olan abituriyentlərlə bütün qiymətləri "3" olan abituriyentlərin imtahan ballarını müqayisə etdikdə məlum olur ki, tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97.17%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif 0-200 bal intervalında olub". Bir sözlə, TQDK sədri öz ampluasındadır. Yəni onun Təhsil Nazirliyinə qarşı açdığı savaş hələ də davam edir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, komissiya sədrinin ölkə təhsilinin acınacaqlı halda olması haqda dedikləri onun nazir postuna iddiası ilə əlaqədardır: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri hər dəfə bu tip məlumatları açıqlayanda cəmiyyətdə Təhsil Nazirliyinə, onun rəhbərliyinə qarşı mənfi imic formalaşmağa başlayır. Əksəriyyət Mikayıl Cabbarovun ona göstərilən etimadı doğrultmadığı qənaətindədir. Şagirdlərin mərkəzləşdirilmiş imtahanlarda göstərdikləri zəif nəticələr buna əyani sübutdur. Komissiya sədri məhz bu amillərdən istifadə edərək naziri konkret faktlarla "vurur". Bu mübarizədə Mikayıl müəllim hələ ki, xanım sədrə uduzur. Amma deyilənə görə, nazirin də bəzi planları var". Məlumatlı mənbənin bildirdiyinə əsasən, nazir Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətindəki boşluqlar, məsələn bal artırılması hallarının və test kitabçalarına salınan sualların bunker müəllimlər tərəfindən kənara sızdırılması halları ilə bağlı məlumat toplamağa başlayıb: "Onun məqsədi komissiya rəhbərini susdurmaq, üstəlik sədr postuna öz adamını gətirməkdir. İddialara görə, Mikayıl Cabbarov Məleykə Abbaszadənin yerinə yaxın dostu, həm də müavini olan Ceyhun Bayramovu gətirməyə çalışır. Nazir bununla həm rəhbəri olduğu qurumla bağlı yayılan mənfi informasiyaların qarşısını almağa çalışır, həm də təhsil sahəsindəki yerini daha da möhkəmlətmək niyyətindədir. Unutmaq lazım deyil ki, komissiya sədrinin də bəzi mötəbər əlaqələri var. Buna görə də nazirin öz adamını sədr vəzifəsinə gətirmək arzusu baş tutmaya bilər". Gələn saylarımızda təhsil nazirinin müavini Ceyhun Bayramovun qeyri-qanuni yolla əldə etdiyi topdağıtmaz sərvəti haqda maraqlı faktları diqqətinizə çatdıracağıq. Bizi izləyin. Yazıda adı çəkilən bütün şəxslərin münasibət bildirmək hüququ var.