backend

Gədəbəyli sahibkarlar icra başçısının ünvanına şok ittihamlar yağdırdılar, prezidentin fərmanına əməl olunmur

Gədəbəyli sahibkarlar icra başçısının ünvanına şok ittihamlar yağdırdılar, prezidentin fərmanına əməl olunmur

























"Qüdrət Paşayev açıq şəkildə deyir ki, nə qədər məktub yazırsınız yazın, onların heç birinin ünvanına çatmasına imkan verməyəcəm"

Ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına yüksək diqqət və qayğı göstərilir. Cənab prezident İlham Əliyevin bu günlərdə sahibkarların incidilməsi barədə səsləndirdiyi tənqidi fikirlər onun hər zaman sahibkarlara dəstək verdiyini bir daha sübut etmiş oldu. "Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq- mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər". Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. Prezident bəyan edib ki, sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq- mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam: "Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq". "Nəyə görə icra başçısına 150 min manat rüşvət verməli idim?" Qeyd edək ki, prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb. Bu fərmanın müddəaları vergi yoxlamalarına şamil edilmir; "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin birinci və ikinci cümlələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; həmin Qanunun 3.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə İqtisadiyyat və Sənaye Nazirliyi nəzərdə tutulur. Fərmanla "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı" təsdiq edilir. Göründüyü kimi, ölkə başçısı sahibkarların rahat fəaliyyət göstərə bilməsi üçün hər cür şərait yaradır. Di gəl ki, bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarında rəhbər vəzifələri tutan şəxslər sahibkarları sıxma-boğmaya salmağa, eyni zamanda onların hüquqlarını pozmağa davam edirlər. Bildiyiniz kimi, Gədəbəy rayonundan olan bir qrup sahibkar neçə müddətdir ki, icra başçısı Ramiz Yediyarovun və rayonun digər məmurlarının özbaşına əməllərinə ən kəskin formada etiraz edirlər. Prezidentin məlum fərmanından ruhlanan gədəbəyli sahibkarlar dünən Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdilər. Konfransı giriş sözü ilə açan sahibkar, Gədəbəy rayonunun abadlaşması istiqamətində bu günə qədər gərgin əmək sərf etmiş Oqtay Əliyev ilk növbədə sahibkarları sevindirəcək fərman imzaladığı üçün prezident İlham Əliyevə təşəkkürünü bildirdi: "Mən və burda oturan digər sahibkarlar hər zaman İlham Əliyev cənablarını dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Biz ona inanırıq. Bildiyiniz kimi, neçə müddətdir icra başçısı Ramiz Yediyarov bizə əziyyət verir, Gədəbəydə sahibkarlığın inkişaf etməsinə süni əngəllər yaradılır. Xaricdə qazandığım pulla doğma Azərbaycanımda, Gədəbəydə sahibkarlığın inkişaf etməsi, yeni iş yerlərinin açılması üçün hərəkətə keçdim. Bu məqsədlə rayonun Qalakənd meşə zonasında istirahət mərkəzi tikdirməyə başladım. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamında olduğu üçün qanuni sənədləşmə aparıldı və tikinti üçün icazə aldım. Həmin sərəncama uyğun olaraq obyekti tikdirməyə başladım. Həmin ərəfədə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavinləri tikintini dayandırdılar. Bu zaman Qüdrət Paşayevlə görüşdüm və razılıq əldə etdikdən sonra işimə başladım. O mənə dedi ki, rayonun abadlığına köməklik göstər və tikintini apar. İcra başçısının müavininin dediyi kimi etdim. Lakin bir müddətdən sonra, daha dəqiq desəm 2014-cü ilin iyulun 14-də mənim xəbərim olmadan obyektimi yerlə-yeksan etdilər. Səbəb isə onların tələb etdiyi məbləği verməməyim oldu. İcra Hakimiyyətindən Rüstəm Nağıyev isə mənə dedi ki, əgər dediyimiz məbləği verməsən uçuracağıq. Mən isə bildirdim ki, siz qanunsuz olaraq söküntü etsəniz, mən dövlətin qanunları ilə haqqımı tələb edəcəyəm, bu işi yerdə qoymayacağam. İyulun 23-də icra nümayəndələri gəlib obyekti sökdülər. Söküntü işləri üç mərhələdə aparıldı. İcra hakimiyyətinin başçısı və müavinləri gözləyirdi ki, mən onların dediyini verəcəm. Axı mən nəyə görə icra başçısına 150 min manat rüşvət verməli idim?". Ramiz Yediyarov məhkəmənin qərarını icra etməkdən boyun qaçırır Oqtay Əliyevin sözlərinə görə, istirahət mərkəzinin bütün sənədləri qaydasında olsa da, rayon rəhbərliyi buna əhəmiyyət vermədi: "Ramiz Yediyarov qəbul etmək istəmir ki, mənim gördüyüm iş rayonun turizm sektorunun inkişafına və işsizlik probleminin azalmasına hesablanmışdı. Həmin istirahət mərkəzində ən azından 30-40 nəfər adam işləyəcəkdi. Bu qədər ailə dolanışıq yeri tapacaqdı. Lakin icra başçısı layihəmi tam həyata keçirməyə imkan vermədi. Diqqətinizə çatdırmaq istəyirəm ki, bununla bağlı məhkəmə də oldu və mənim xeyrimə hökm çıxarıldı. Gəncə İnzibati-İqtisad Məhkəməsinin qərarına əsasən, icra başçısı mənə 66 626 manat təzminat ödəməlidir. Qərarın üstündən təxminən 1 il ötür, amma icra başçısı məhkəmənin qərarını icra etməkdən boyun qaçırır. Gədəbəy Rayon Məhkəməsi sonradan qərar çıxardı ki, obyekt mənim öz vəsaitim hesabına sökülməlidir. Bu qərar çox gülüncdür. Burda ziyan çəkən tərəf mənəm. Onsuz da obyekti darmadağın ediblər". Oqtay Əliyev deyir ki, o və Ramiz Yediyarov tərəfindən təzyiqə məruz qalan digər sahibkarlar bir neçə gün əvvəl xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Prezident Administrasiyasında olublar: "Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Biz həmişə onun xatirəsini əziz tuturuq. Ulu Öndərin məzarını ziyarət edib şikayətimizi lazımi instansiyalara ünvanladıq. İndiyə kimi 167 teleqram vurmuşam, amma bunların heç birinə cavab verilməyib. Soruşan yoxdur ki, ay sahibkar, ay vətəndaş, sənin dərdin nədir, səni kim incidir. Ramiz Yediyarovun birinci müavini Qüdrət Paşayev Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi işləyən qardaşı general-leytenant Ədalət Paşayevə arxalanaraq bizim hüquqlarımızı pozur. Qüdrət Paşayev açıq şəkildə deyir ki, nə qədər məktub yazırsınız yazın, onların heç birinin ünvanına çatmasına imkan verməyəcəm. Azərbaycan hüquqi dövlətdir və ölkə rəhbərliyi vətəndaşların mənafeyini hər şeydən üstün tutur". "Əgər mənim obyektimin sənədləri qanunsuz idisə, niyə vaxtında tikintiyə icazə verirdiniz, ay Ramiz Yediyarov?" O.Əliyevin bildirdiyinə görə, Ramiz Yediyarov öz haqqını tələb edən sahibkarları həbslə hədələyir: "İlin 9 ayının yekunlarına həsr olunmuş iclasda icra başçısı bizim haqqımızda danışıb. Deyib ki, biz bir daha yuxarı orqanlara şikayət etsək, bizi həbs etdirəcək. Cənab prezident bilsin ki, Gədəbəydə sahibkarlara qarşı özbaşınalıq davam edir. Ramiz Yediyarovun kimə və nəyə xidmət etdiyini bilmirik. Əgər mənim obyektimin sənədləri qanunsuz idisə, niyə vaxtında tikintiyə icazə verirdiniz, ay Ramiz Yediyarov? Mən qanunlarımıza, prezidentimizə arxalanıram. Cənab prezidentin Gədəbəydə baş verən bu qanunsuzluqlardan xəbəri yoxdur. Rusiyada halal zəhmətimlə qazandığım pullarla doğma vətənimdə iş qururam, bunlar isə mənə imkan yaratmaqdansa, qarşımı kəsirlər. Yediyarov deyir ki, sizi həbs etdirəcəm, gedin nə bilirisiniz, onu da, edin. Tikdirdiyim istirahət mərkəzi elə yerdədir ki, yolu pis gündə idi. Şəxsi vəsaitim hesabına yolu düzəltdirdim. Bu işlər başa çatan kimi başçı obyektimi yerlə-yeksan etdirdi. Başçı son vaxtlar başqa bir yola əl atıb. İclaslarda vurğulayır ki, Oqtay Əliyev hərbi xidmətdə olmayıb. Ramiz Yediyarov, Oqtay Əliyev hərbi xidmətdə olanda siz Gədəbəydə deyildiniz. Mənim qardaşım Xasay Əliyev Gədəbəy uğrunda canını qoyub, hərbi hissə komandiri işləyib. Hazırda isə Rusiyada yaşayır. Ramiz Yediyarov məni şantaj edir. O gedib arxivi qaldırsın və görsün ki, Gədəbəyin ermənilərdən müdafiə olunmasında qardaşım Xasay Əliyevin hansı xidmətləri olub. Mən hərbi xidmətdə olmuşam. Hərbi xidmətdə olmasaydım, daxili işlər orqanlarında xidmət apara bilməzdim. Gədəbəydə hər sahədə problemlər mövcuddur. Kəndlərdə və rayonun mərkəzində ev tikdirmək müşkül məsələdir. Kəndlərdə ev tikdirməyə özlərindən qiymət qoyurlar. Heç kim həyətində toyuq damı belə tikə bilmir". "Qüdrət Paşayev, Rüstəm Nağıyev və icra hakimiyyətinin digər işçiləri məhkəmədə üzümə durdular ki..." Gədəbəyin icra başçısının zülmünə məruz qalan Oqtay Əliyev adlı başqa bir sahibkar da var. Hansı ki, icra başçısı şikayət etdiyi üçün onu 15 sutkalıq həbsə atdırıb. Narazı sahibkar prezidentin sahibkarlarla bağlı imzaladığı fərmanı çox müsbət qarşıladığını bildirdi: "Dəvətimizi qəbul edib bura gəldiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Gədəbəydə 35 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Fevral ayının 12-də Bakıda müalicədə olduğum vaxt mənə xəbər verdilər ki, icra başçısı Ramiz Yediyarov mənə məxsus dükanı heç bir məhkəmə qərarı olmadan sökdürüb. Dükanda əşyalarım, firmaların malları var idi. Ayın 16-da rayona getdim. Artıq dükandan heç bir əsər-əlamət qalmamışdı. Yaranmış problemlə bağlı icra hakiminin qəbuluna getmək istədim. O məni qəbul etmədi. Buna baxmayaraq, rayonun memarı Elxan müəllimlə görüşdüm. Ondan hansı əsasa görə obyektimi sökdüklərini soruşdum. Dükanın bütün sənədləri qaydasında idi. Sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün bankdan kredit götürmüşdüm. Sökülən dükanı girov kimi banka qoymuşdum. Ramiz Yediyarov mənim hansı əzab-əziyyətlə sahibkarlığı inkişaf etdirdiyimi bilmir. İcra başçısı bəzi şəxslərə arxayın olaraq məndən başqa daha 43 sahibkarın obyektini qeyri-qanuni olaraq sökdürüb. Rayon rəhbəri deyir ki, hara istəyirsən şikayət elə, qanun mənim sözümdü. Müvafiq dövlət qurumlarına saysız-hesabsız məktublar göndərmişəm, teleqramlar vurmuşam. Heç kim şikayətimizə baxmır. Ramiz Yediyarov obyektimi sökdürdükdən sonra onun barəsində çoxsaylı şikayətlər etdim. Lakin icra başçısı məni həbs etdirdi. 15 sutka həbsdə qaldım. Bu prosesdən sonra Prezident Administrasiyasının qəbul şöbəsində Tağı Tağıyevlə görüşdüm və başıma gələn hadisəni danışdım. O isə mənə bildirdi ki, şikayətinizə baxılacaq. İcra Hakimiyyətində Qüdrət və Zülfüqar adlı icra nümayəndələri mənə hədə-qorxu gəlirlər. Mən qanunvericilik səviyyəsində haqqımı tələb edirəm. Daha sonra məni Gədəbəy Rayon İcra Hakimiyyətinə dəvət etdilər. İclas zalında Qüdrət Paşayev bildirdi ki, sənə 20 min manat pul, 17 kvadratmetrlik də qanunsuz obyekt verəcəyik. Bu təkliflə razılaşmadım. "Rabitəbank"a 33 min manat borcum var. Ayın 22-də Gədəbəy Rayon Polis Şöbəsinə getdim. Məni ən qatı cinayətkar kimi qeydiyyata aldılar. Nə baş verdiyini anlaya bilmədim. Polislər məni məhkəməyə apardılar. Qüdrət Paşayev, Rüstəm Nağıyev və icra hakimiyyətinin digər işçiləri məhkəmədə üzümə durdular ki, guya xuliqanlıq etmişəm. Beləcə məni 15 sutka həbs etdilər. Obyektim sökülübsə də, orda olan bütün tikinti materialları mənimdir. Şəhər icra nümayəndəliyi sökülən obyektimin daşı ilə özlərinə nəysə tikirlər. Maliyyə idarəsinin müdiri Namiq Məmmədov Slavyankada Ramiz Yediyarova böyük bina tikdirir. Əlimdə çıxarışım ola-ola dükanımı sökdülər. İcra başçısı bütün sahibkarları incidir. Camaata işləməyə imkan vermir. Başçı elə şərait yaradıb ki, yerli sahibkarlar Gədəbəydən baş götürüb qaçırlar və başqa rayonlara sərmayə yatırırlar. Rayon rəhbəri şikayətlərimizə məhəl qoymur". İcra başçısı şəxsi maraqlarını vətəndaşların mənafeyindən üstün tutur İcra başçısının çətin vəziyyətə saldığı şəxslərdən biri də Məmmədov Qasım Nəriman oğludur: "20 il bundan əvvəl aldığım obyekti çayxana kimi işlədirdim. Keçən ilin noyabr ayında icra hakimiyyətinin işçiləri çayxananı sökdülər. Onlara buranın mənim ailəmin çörək yeri olduğunu deyəndə başqa yerdən obyekt təklif etdilər. Gedib həmin yerə baxdım. Çayxanamın sahəsi 51 kvadratmetr idi. Onların mənə təklif etdiyi yer isə 16 kvadratmetr idi. Həmin yerdə çörəkpulu qazanmaq mümkün deyildi. İcra hakimiyyətinin təklifini rədd etdim. Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyindən pozulmuş hüquqlarımın bərpasını istəyirəm. Hazırda mənim çayxanam olan yerdə obyekt tikiblər. İkinci mərtəbəsi şadlıq sarayıdır. İcra hakimiyyətindən kompensasiya verilməsini tələb edirəm". Narazı sahibkarlardan Natiq Mahmudov isə bildirdi ki, 2005-ci ildə sahibi olduğu obyekti özəlləşdirib: "Heç bir məhkəmə qətnaməsi olmadan icra başçısı obyektimi sökdürdü. Şikayətlərimə görə başçı mənə polislə təzyiq etməyə başladı. Dəfələrlə Gədəbəy Rayon Polis Şöbəsinə çağırılmışam. Haqqımın pozulduğunu görüb ölkəmizin birinci xanımı Mehriban Əliyevanın qəbuluna yazıldım. Məlahət xanım məni qəbul etdi və dedi ki, sizə köməklik göstəriləcək. Buna rəğmən, icra başçısı qanunsuz əməllərini davam etdirir. Mətbuat vasitəsilə prezident İlham Əliyevə müraciət edib kömək istəyirəm. Ondan xahiş edirəm ki, Ramiz Yediyarovun qanunsuz əməllərinə son qoyulsun. Rayon rəhbərinin hansı əməlləri törətməsi barədə bizdə konkret faktlar var. Başçının fikrincə, guya bizim obyektlər maşınların gediş-gəlişinə maneçilik törədib və buna görə uçurulub. Əgər belədirsə, onun Mehdi Quliyev küçəsini tamamilə bağlayıb inşa elətdirdiyi nədir bəs? Gədəbəydə Heydər Əliyev prospektində piyada səkisinin üstündə aptek fəaliyyət göstərir. Bəs bu obyekti niyə sökmürlər? Yəqin Ramiz Yediyarovun hansısa maraqları təmin olunub və həmin aptek sökülməyib". "Dedi ki, o məhkəmə, o da sən, get haqqını orda tələb elə" Gədəbəy rayon sakini, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Vaqif Səfərov da icra başçısının qanunsuz əməllərindən şikayətçidir: "Mən 1997-98-ci illərdə barəsində danışılan obyekti alıb özəlləşdirmişəm. Obyektin sahəsi 2665 kvadratmetr idi. Sənədlərimin hamısı tam qaydasında idi. Buna baxmayaraq, icra başçısının göstərişi ilə "kartof bazarı" kimi tanınan obyekti sökdülər. Sökülən obyektimin yerində icra başçısı özünə ticarət mərkəzi tikdirib. Bir dəfə yolda Ramiz Yediyarovun maşınının qarşısını kəsib sənədləri ona göstərdim. O mənə nə desə yaxşıdır? Qayıtdı ki, bu gədəbəylilər həmişə əl açır. Ona layiqli cavab verdim. Gədəbəy Böyük Vətən müharibəsi vaxtından bütün rayonlara kömək göstərib. Sözüm başçıya təsir etdi. Bu adam rayonda istədiyi hərəkəti edir, nəyə görə bizim haqqımızda belə danışmalıdır? Onun fəaliyyətindən narazı qalan yüzlərlə sakin var. Vətəndaşlar qorxularından etiraz səslərini çıxara bilmirlər. Rayon rəhbəri hamını həbslə hədələyir. Bir həftədən sonra sənədləri memar Elxan müəllimə verdim. Uzatdılar, sənədlərimə baxmadılar. Bildirdilər ki, get məhkəməyə şikayət elə. İcra başçısına dedim ki, əgər həmin ərazidə dövlət əhəmiyyətli obyekt tikilirsə, heç olmasa indiyə kimi çəkdiyim xərci, kompensasiyanı ödəyin. 8 nəfər ailə üzvüm həmin obyektdən dolanırdı. Başçı gəlinimi işdən çıxartdırdı. Ki, mən çəkilim oturum yerimdə. Rayon rəhbərinin qəbuluna yazıldım. Həyat yoldaşımla birlikdə qəbula getdik. Başçıdan yerimin hansı məhkəmə qərarı ilə söküldüyünü soruşdum. Dedi ki, o məhkəmə, o da sən, get haqqını orda tələb elə. Məhkəmə başçını qoyub bizim xeyrimizə qərar çıxararmı? Odur ki, siz mətbuat nümayəndələrindən problemimizin ictimailəşməsini və ölkə başçısına çatdırılmasını xahiş edirik". Sahibkarlarla yanaşı, digər problemləri olan bir neçə Gədəbəy rayon sakini də şikayətlərini bildirdilər. Şikayətçilərdən Rəşad Cəfərov fərdi yaşayış evlərinin tikintisinə də icra nümayəndələri tərəfindən əl qoyulduğunu bildirdi: "Ailəm fərdi yaşayış üçün İcra Hakimiyyətindən torpaq üçün sərəncam alıb və inşaat layihəsi təsdiq olunub. İşə başlayarkən rayon icra nümayəndələri heç bir əsas göstərmədən tikintini dayandırıblar. Dəfələrlə müraciət etmişəm, ümumi ifadələrlə yola veriblər. Bizim burada toplaşmağımızın səbəbi Gədəbəy İcra Hakimiyyətinin etdiyi qanunsuzluğu ölkə başçısına çatdırmaqdır". Vətəndaş Cəfərov Sazilə Əli qızı isə rayonda məhkəmə sisteminin bərbad halda olduğunu, icra başçısının məhkəmənin işinə müdaxilə etdiyini bildirdi. Tədbiri yekunlaşdıran iş adamı Oqtay Əliyev sonda prezident İlham Əliyev cənablarına müraciət edib Ramiz Yediyarovun sahibkarlara açdığı müharibəyə son qoyulmasını xahiş etdi. Ümidvarıq ki, narazı sahibkarların etiraz səsi yuxarı instansiyalara çatacaq və rayonda sahibkarlığın inkişafına əngəl törədən icra başçısı layiqli cəzasını alacaq. Yazıda adı çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq.