backend

Tibb müəssisəsinin direktoru Səhiyyə Nazirliyinin qərarına əməl etməkdən boyun qaçırır

Tibb müəssisəsinin direktoru Səhiyyə Nazirliyinin qərarına əməl etməkdən boyun qaçırır
Heydər Əli oğlu Əliyevin sahibi olduğu klinikada qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir
"Atlas Medical Center" MMC-nin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb.
Məsələn, bununla bağlı yayılan informasiyalarda deyilir ki, adıçəkilən tibb müəssisəsində qiymətlər həddən artıq baha olmaqla yanaşı, tibb personalının bilik səviyyəsi də yetərincə deyil. Həmçinin o da bildirilir ki, "Atlas"ın yazdığı dərmanların əksəriyyəti firmalara məxsusdur. Çünki həmin firmalarla anlaşan həkimlər bunun müqabilində əlavə gəlir götürürlər. Məhz elə bu səbəbdən də vətəndaşların "Atlas" tibb müəssisəsində göstərilən tibbi xidmətdən şikayətləndiklərini bildirən məlumatlı şəxsin sözlərinə görə, ötən ilin dekabr ayının əvvəlləri "Gorgud Holding"in sahibi Heydər Əli oğlu Əliyevin direktoru olduğu MMC-nin fəaliyyəti dayandırılmışdı: "O zaman Səhiyyə Nazirliyinin rəsmiləri bunun səbəbini "Atlas Medical Center" MMC-nin lisenziyasında qeyd olunan xidmətlərdən kənar ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə nazirliyə daxil olan müraciətlə əlaqələndirmişdilər. Məhz bundan sonra nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında Heydər Əli oğlu Əliyevin direktoru olduğu "Atlas" tibb müəssisəsində araşdırma aparıb. Yoxlama zamanı müəssisədə qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənməklə bərabər ümumilikdə müəssisədə tibbi xidmətlərin təşkili zamanı mövcud normativlərin ciddi şəkildə pozulması faktları da aşkarlanmışdı. Bütün bunları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən "Atlas Medical Center" MMC-nin tibb fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər dayandırılmışdı. Lakin bir qədər sonra klinikadan ictimaiyyətə məlumat verildi ki, tibb müəssisəsi fəaliyyətini dayandırmayıb, sadəcə ginekoloji şöbə bağlanıb. Təbii, nazirlik də öz növbəsində, tibb müəssisəsinin rəhbərliyinin açıqlamasını təkzib edib və bir daha bildirib ki, klinikanın fəaliyyəti bütünlüklə dayandırılıb və bu barədə səhiyyə nazirinin sərəncamı da var. Məsələnin maraqlı tərəfi ondadır ki, bu boyda həngamədən, Səhiyyə Nazirliyinin rəsmi qərarından sonra "Atlas" tibb müəssisəsi hələ də öz fəaliyyətini davam etdirməkdədir". Əldə etdiyimiz bilgilərdə o da deyilir ki, adıçəkilən tibb müəssisəsinin rəhbərliyi Səhiyyə Nazirliyinin qərarı ilə razılaşmadığı üçün bir müddət əvvəl nazirliklə bağlı məhkəməyə müraciət edib: "Beləliklə, "Atlas Medical Center" MMC-nin rəhbərliyi Səhiyyə Nazirliyini məhkəməyə versə də klinika hələ də işinə davam etməkdədir. Bu zaman ortaya maraqlı suallar çıxır. Məsələn, nədən nazirliyin MMC-yə sözü keçmır? Səhiyyə Nazirliyinin məlum qərarına rəğmən, "Atlas"ın fəaliyyətini dayandırmaması nə ilə bağlıdır? Bu işin arxasında hansı nüfuzlu şəxslər var? Əslində bu tip onlarla bəlkə də daha çox sual var. Lakin hələlik ortada hər hansı bir məntiqli cavab yoxdur. Yalnız onu deyə bilərəm ki, "Atlas Medical Center" MMC-nin direktoru, "Şərq" bazarının rəhbəri, "Gorgud Holding"in sahibi Heydər Əli oğlu Əliyev nüfuzlu şəxslərdən birinin himayəsində olduğu üçün özünü bu qədər rahat hiss edir, Səhiyyə Nazirliyinin qərarlarına məhəl qoymadan öz bildiyini etməkdə davam edir". Adıçəkilən klinikanın Sumqayıt şəhərində filialınının olduğunu vurğulayan məlumatlı şəxsin iddiasına görə, MMC-nin direktorunun 94 faizlə səhm paketinə nəzarət etdiyi, yeni adı "Gorgud Plaza & Hotels" olan "Mehmanxana Şərq" ASC-nin səhmdarları tibb müəssisəsinin payçısı olduqları səhmdar cəmiyyətinə aid binada məskunlaşdığını qeyd ediblər: "Lakin onların arasında bunun səbəbini bilən yoxdur. Bu arada, o da deyilir ki, "Atlas Medical Center" MMC-nin vergi, mühasibat işləri qaydasında deyil. Belə ki, adıçəkilən tibb ocağında xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilmədiyi və vergidən yayınma hallarının mövcud olduğu bildirilir. Əgər müvafiq qurumlar qeyd olunan məqamları ciddi şəkildə araşdırsalar, o zaman "Atlas" klinikası ilə bağlı daha ciddi faktların üstü açıla bilər". Yeri gəlmişkən, onu da qeyd edək ki, bu günlərdə "Atlas" klinikasının direktoru barəsində polisə şikayət edilib. Belə ki, paytaxt sakini, 1969-cu il təvəllüdlü Elvina Hacımuradova polisə müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında "Atlas" tibb müəssisəsinin direktoru Heydər Əli oğlu Əliyev sənəd düzəltmək adı ilə ondan 20 min manat alaraq qaytarmayıb. Bununla bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, bir neçə gün əvvəl isə adıçəkilən MMC-nin direktoru keçmiş işçisi olan İradə Vəliyevadan polisə şikayət edib və onun klinikanın 30 min manatını mənimsədiyini qeyd edib: "Hazırda hər iki şikayətlə bağlı araşdırma aparılır. Deyilənlərə görə, bu araşdırmanın sonunda "Atlas" tibb müəssisəsində yaşanan bir sıra olaylara aydınlıq gətirilə, hətta klinikanın və onun rəhbərliyinin yol verdiyi ciddi nöqsanlar aşkara çıxa bilər…" Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.