backend

Biz bu məhkəmələrlə boğuşuruq, onlar isə...

Biz bu məhkəmələrlə boğuşuruq, onlar isə...






Dünyanın inkişaf etmiş ölkələrində ən qəribə məhkəmə iddiaları, ilginc proseslər
Bu günlərdə Azərbaycan məhkəmələrini bir-birindən ilginc məhkəmə prosesləri gözləyir. Səs-küylü həbslər heç şübhəsiz ki, ardınca çoxlu sayda məhkəmələri də gətirəcək. Hələlik hər şey absurd həddə davam edir.

Kimin nəyə görə həbs olunması, barəsində hansı ittihamarın verilməsi dəqiqləşməyib. Amma “Yeni Müsavat” bu ərəfədə aktuallığını nəzərə alıb, dünyadakı ən absurd məhkəmə işləri, iddiaları ilə bağlı maraqlı bir dosye hazırlayıb. Məlum olub ki, okeanın o tayında insanlar bəzən həyatlarını maraqlı etmək üçün məhkəmə qapılarını döyürlər. Sırf ekstrim, cansıxıcı günlərinə rəng qatmaqçün.

Amerikanlar başlarını itirib?

Ər-arvadlar arasındakı ilginc məhkəmə işlərindən biri isə 36 yaşlı Peter Vellislə(36) həyat yoldaşı Ceyn Vellis arasında yaşanıb. Amerikada yaşayan Peter boşandığı həyat yoldaşına aliment ödəməmək üçün məhkəmə iddiasında bildirib ki, Ceyn ona xəbərdarlıq etmədən, hiylə ilə hamilə qalıb. Məhkəmə onun iddiasını təmin etməyib.

Yenə həmin ölkədə bir qadın sürücü buzlu yolda motorlu bir xizəklə toqquşdu. Xizəyin sürücüsü öldü, qadın sürücü isə şahidi olduğu ölüm anında yaşadığı şoka görə ölənin dul həyat yoldaşından 1.5 milyon dollar mənəvi təzminat istəyib.

Bu ölkədə oğruların da hüquqları var imiş. Terrence Dickson adlı oğru bir evi soyandan sonra qarajdan çıxmaq istəyəndə qapı avtomatik olaraq bağlanıb, evin giriş qapısı da şifrəli olduğu üçün qapını aça bilməyib. Ev sahibləri tətildə olduğu üçün oğru düz 8 gün evdə yaşamalı olub. 8 gündə ancaq it yeməyi və kola ilə qidalanmaq zorunda qaldığı üçün oğru daha sonra mədə fəsadı keçirib. Buna görə də ev sahibindən 500 min dollar dəyərində təzminat istəyib və məhkəmə onun iddiasını təmin edib.

Axı niyə fırtına qopdu - belə bir iddia

Floridada bir balıqçı şiddətli fırtınada öləndən sonra ailəsi hava proqnozu doğru çıxmadığı üçün bir telekanaldan 10 milyon dollar tələb edib. Məhkəmə 10 milyon dollar təzminat əvəzinə qərar verib ki, telekanal mərhumun dəfni üçün xərclənən vəsaiti ödəsin.
Həmin ştatda 40 yaşlı Doroti adlı qadın həyat yoldaşını yoldan çıxaran qadınla bağlı məhkəməyə müraciət edib və ondan 1 milyon dollar istəyib. Hakim 18-ci əsrdən qalmış bir səbəblə həmin işə baxılmasını qəbul edib. Proses xəyanətə uğrayan qadına 700 min dollarlıq təzminat verilməsi qərarı ilə yekunlaşıb.

“McDonalds” şirkəti ilə bağlı dünyaya səs salan bu ilginc davadan xəbəriniz var idi? 81 yaşlı Stella Liebekin bu restorandan aldığı kofe üstünə töküldüyü üçün dərisində yanıq izləri əmələ gəlib. Buna görə də yaşlı qadın restorandan düz 2.7 milyon dollar təzminat qazanıb. Amma sözügedən məhkəmədən sonra “McDonalds” bu cür iddianı təkrarlamaq istəyən başqa “ağıllılar”a qarşı müəyyən tədbirlər görüb.

Evin olmasa da, ev dustaqlığı cəzası

Texasda yaşayan Katlin Robertsonun bir mebel mağazasına qarşı 780 min dollarlıq iddiasının qələbə ilə sonuclanması da tarixdə yer alan faktlardandır. 37 yaşlı Katlin bir mebel mağazasında hələ yeni yeriməyə başlayan balaca bir uşağa ilişərək yıxılıb və ayağını qırıb. Qadın mağaza rəhbərliyindən “mebelləri düzgün yerləşdirmədiyinə” görə şikayətçi olub. Amma qərar dükan rəhbərliyi üçün şok olub. Çünki Katlinin ayağına ilişən və yıxılmasına səbəb olan uşaq elə onun öz uşağı imiş.

Bir gecə klubuna girmək istəyən, amma giriş üçün 3.5 dollarlıq ödənişi vermək istəməyən Kara Valtonun məhkəmə hekayəsi isə daha ilgincdir. Bu gənc gecə klubuna ayaqyolunun pəncərəsindən girmək istəyərkən yıxılıb və dişlərini qırıb. Qabaq iki dişini qıran Kara buna görə gecə klubu rəhbərliyindən 12 min dollar təzminat alıb, üstəlik, xəstəxana xərclərini də ödətdirib.

Filadelfiyadakı bir restoranın müştərisi Amber Carson isə yeridiyi zaman ayağı sürüşüb yıxıldığı üçün restorandan məhkəməyə şikayət edib və 113 min 500 dollar təzminat qazanıb. Maraqlıdır ki, Çarsonun yıxılmasına yemək zamanı sevgilisi ilə dalaşanda onun başına atdığı "kola" butulkasının 30 saniyə sonra ayağına ilişməsi səbəb olub.

İtaliyanın Milan şəhərinin məhkəməsinin qərarı da absurd təsir bağışlayır. Belə ki, soyğuna təşəbbüs, kiçik oğurluqlar və narkotik maddə satıcılığında suçlanan evsiz-eşiksiz, küçədə yaşayan adama ev həbsi verilib. Evsiz adam bu minvalla ev dustağı olmalıdır. Məhkəmənin qərarına uyğun olaraq 48 yaşlı Domeniko Kodispoti 2006-cı ildən bəri eyni yerdə, küçədə yatmağa məhkumdur. Onun cəzası gələn ilin aprel ayında başa çatır.

Hər axşam gün batan kimi polis “Stazione Centrale”nin qarşısındakı “22 Via Vittor Pisani”’ küçəsinə baş çəkir, Kodispotinin səkidə olub-olmadığını yoxlayır.

Məhkəmənin qərarına görə, Kodispoti səhər saat 7-dək həmin səkiyə atdığı döşəkçədə olmalıdır.

“Səhərədək buradan tərpənə bilmərəm. Bir dəfə iki tin o yandakı ayaqyoluna getmək istəyirdim. Polis məni yarıyolda saxladı və hökmün şərtlərini pozmaqda suçladılar. Məhkəmə də cəzamı artırdı. İndi yenə qaydanı pozmaq, cəzamın daha da artmasını istəmirəm”, - Kodispoti deyib.

Almaniyanın Köln şəhər məhkəməsi qəribə hökm çıxarıb. Bu hökmə əsasən sahibkara işçiləri ilə bağlı əlavə səlahiyyətlər verilir. Lenta.ru saytının məlumatına görə, bundan sonra rəhbərlik xanımlardan işə gələrkən mütləq büstqalter geymələrini tələb edə biləcək.

Məhkəmə hesab edir ki, bu, heç də hüquq və azadlıqların pozulması deyil. Qərara səbəb aeroportda sərnişinlərin yoxlanılması ilə məşğul olan şirkətlərdən birində bu sahədə yaranmış qalmaqaldır. Məhkəmə qərarına əsasən, indi bu şirkətin rəhbərliyi xanım işçilərin dırnağının uzunluğunu və ona çəkilən rəngi də müəyyənləşdirmək hüququna malikdir. Dırnaqların 0,5 santimetrdən uzun olması qadağandır.