backend

“Günəşli” yatağındakı yanğın belə söndürüldü - Video

“Günəşli” yatağındakı yanğın belə söndürüldü - Video

“Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olub.

Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək məqsədilə dekabr 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant edilib. Bu gün saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb.

Nazirlikdən bildirilib ki, özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcək.

Dekabrın 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin “Vixr-5” və “Vixr-8” gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu 2 manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant edilir. Özülə desant edilən qruplar yanan quyular ətrafında SOCAR tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər.