backend

Milyonların şərik olduğu neft damlası

Milyonların şərik olduğu neft damlası






İki il öncəydi, o zaman neftin dünya bazarındakı qiyməti bir qədər enmiş, 100 dollar civarında durmuşdu. 2014-cü ilin dövlət büdcəsində neftin qiyməti 100 dollardan götürülürdü.

Neftin tədricən ucuzlaşması (sent-sent) tendensiyası müşahidə olunsa da, narahatlığa əsas yox idi. Hamı güman edirdi ki, neft nə qədər ucuzlaşsa da, 100 dollardan aşağı düşməyəcək.
Hamı bir müddətdən sonra neftin yenidən bahalaşması təmayülünə ümid edirdi.

Bax, o günlərdə, neftin qiymətinin tədricən düşməsi müşahidə olunduğu dönəmdə mövcud iqtidarın qatı əleyhdarlarının bir qisminin ritorikası fərqliydi: sidq-ürəkdən neftin daha da ucuzlaşmasını istəyirdilər.

Onlar düşündüklərini sosial şəbəkələrdə, qəzet və saytlarda yazırdılar, nefti Azərbaycan xalqının bəlalarının əsas baiskarı kimi görürdülər, hesab edirdilər ki, bu iqtidarı ayaqda saxlayan, güclü edən məhz neftdir, o olmasa, yaxud ucuz olsa vəziyyət dəyişər, iqtidar komandası laxlayar.

Əslində, bu fikirlərdə müəyyən həqiqət vardı: neft satışından gələn böyük pullar hakimiyyəti çox gücləndirmişdi. Dövləti idarə edənlərdə belə bir qənaət hasil olmuşdu ki, onlar pul gücünə hər şey edə, hamını satın ala, bədxahları susdura, ölkənin reputasiyasını yaxşılaşdıra bilərlər.
Neft pulları artdıqca ölkədə insan haqlarının durumu daha da pisləşirdi, müxalifət daha çox basqıya məruz qalırdı, seçki mühiti daha da bərbad olurdu. Bunun nəticəsi idi ki, 1990-cı ildən 2010-cu ilə qədər parlamentdə az sayda mandatla təmsil olunan müxalifət qüvvələrinə 2010-cu ildən sonra bir mandat belə verilmədi. Məhz verilmədi.

Bununla yanaşı, danmaq olmaz ki, 2010-cu ildən 2014-cü ilin bu vaxtlarına qədər ölkə əhalisinin rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdı. Düzdür, “neftin bu xalqa nə xeyri var, faydasını özləri görür” ritorikası geniş yayılmışdı, amma şəhər ətrafında salınan yeni-yeni qəsəbələr, tikilən on minlərlə evlər, ölkəyə gətirilən və dərhal da satılan yüz minlərlə avtomobillər - hamısı birbaşa və dolayısı ilə ölkəyə gələn neft pullarının bəhrəsiydi.
Neft pullarının hesabına ölkədə tikinti-quruculuq işləri gedirdi və on minlərlə insan bu layihələrdə çalışır, evlərinə maaşla yanaşı, “dolu zərf”lər, çırpışdırma paraları da aparırdılar. Təbii ki, bu cür layihələrdən kənarda qalanlar da vardı, amma neft damlasının bölüşdürülməsi prosesində iştirak edənlər çox idi.

Həmin günlərdə neftin qiymətinin düşməsini ölkənin xilası hesab edənlərin hesablamalarının yanlış olmasına dair bir yazı yazmışdım. Məzmunu təxminən beləydi ki, neft ucuzlaşsa, olan xalqa olacaq. Qeyd etmişdim ki, ataların məsəli var: “Kök arıqlayınca arığın canı çıxar”.
Zimbabve təcrübəsindən misal gətirmişdim, yazmışdım ki, əgər neftimiz olmasa, bu cür səriştəsiz, tamahkar, əliəyri məmurlar tərəfindən idarə olunan ölkədə biz zimbabvelilər kimi çöllərdə həşarat yığıb yeyərik.

2015-ci ildə neftin qiymətinin düşməsi ilə bağlı olaraq, ölkənin milli valyutasının - manatın 100 faiz dəyərdən düşməsi və əhalinin kasıblaması göstərdi ki, gerçəkdən də bizi ayaqda saxlayan neft imiş. Biz hamımız bu sərvətin hesabına pis-yaxşı dolanırmışıq.

Budur, neft ucuzlaşıb, ölkə əhalisi kasıblayıb, hamı depressiyadadır, hamı qayğı çəkir. Dünənə qədər ayda tutaq ki, 1000 manat qazananların bugünkü qazancı 500-dür, dünənə qədər aylıq güzəranına 300-500 manat xərcləyənlərin indiki məsrəfi isə 500-1000 arası olacaq. Yəni qazanc 100 faiz azalıb, məsrəf 100 faiz artıb.

Bəs bu mövcud hakimiyyətin yumşalmasına, laxlamasına təsir göstərəcəkmi? Axı buna ümid bəsləyənlər, bunu istəyənlər vardı və onlar öz arzularına çatıblar...

İndilikdə demək çətindir. Dünyada xeyli kasıb ölkə var ki, çox sərt diktatura rejiminə malikdirlər. Sadəcə, həmin ölkələrin liderləri ölkəni pul-para hesabına idarə etmirlər, qandal və dəyənək hesabına idarə edir, öz hakimiyyət dövranlarını sürdürürlər.

Ən pisi odur ki, bizim ölkənin idarə olunmasında pul və dəyənək həmişə müttəfiq olub, təcrübədə yanaşı tətbiq edilib.

Ona görə də neft pulu azaldı, ölkə avtomatik demokratikləşəcək kimi düşüncələrə qapılmağın əsası yoxdur.

Bunu insanların kütləvi şəkildə depressiyaya düşməsi də göstərir. Onlar hiddətlənmək, etiraz bildirmək, hesab sormaq yerinə ruh düşkünlüyünə qapılıblar və “başlı başını saxlasın” təlaşı içindədirlər.