backend

«Hökumət özünü heç nə olmamış kimi aparır»

«Hökumət özünü heç nə olmamış kimi aparır»



Prezident sərəncamı ilə təqaüdçülərin pensiyasının baza hissəsi, bəzi sosial müavinətlər artırılıb. Manatın dollara nisbətdə iki dəfə ucuzlaşması fonunda ərzaq və qeyri-ərzaq məhsullarında kəskin bahalaşma müşahidə olunur. Pensiyaçıların təqaüdünə və sosial müavinətlərə edilən bu artım onları bahalaşmanın cəngindən qurtara bilərmi?

İqtisadçı Məhəmməd Talıblı AzadlıqRadiosuna bildirir ki, bir neçə gündür rayonlarda baş verən aksiyalar camaatın sosial vəziyyətinin yaxşı olmadığını göstərir:

– İkinci devalvasiyanın təsirləri, onun doğurduğu fəsadlar adamların həyatına əhəmiyyətli dərəcədə təsir edib. Bəzi ərzaq və qeyri-ərzaq məhsullarında kəskin qiymət artımı var. Vətəndaşlar istehlak etdikləri məhsullara əvvəlkindən daha artıq pul xərcləməlidirlər. Pensiyaların baza hissəsinin isə 10 faiz artırılması bazardakı qiymət artımına adekvat deyil. Düşünmürəm ki, bazardakı qiymət təzyiqi fonunda artırılan bu vəsaiti pensiyaçılar öz ciblərində hiss edə bilsin, 10-20 manatlıq artım onların həyatına təsir etsin. Üstəlik, ölkədə aztəminatlı digər əhali qrupu var, müəllimlər, həkimlər, büdcə təşkilatlarının işçiləri var. Pensiyaya, maaşa azı 50 faizlik artım edilməsi bəlkə artan qiymətlərlə ayaqlaşardı.