backend

Sosial etirazların müəllifi kimdir?

Sosial etirazların müəllifi kimdir?



Azərbaycan tamamilə yeni mərhələyə qədəm qoyub və bu mərhələnin adını şərti olaraq, “keçid dövrü” də qoya bilərsiniz. Ağlınıza başqa şey gətirməyə tələsməyin, mən ən azı, postneft dövrünə keçidi nəzərdə tuta bilərəm. Amma bir qədər dərinləşdirib, bunu, əlbəttə, postəliyev dövrü də adlandıra bilərsiniz. Həm də, ona görə ki, indiki hakimiyət komandası neft pulları üzərində dayanmağa öyrəncəli olan bir komandadır və bölüşdürəcək “xam” pulların olmadığı şəraitdə bu komandanın elə əvvəlki şəkildə və biçimdə qalacağını heç kim ağlına gətirə bilməz. Zatən, qurbanlar da verilməyə başlayıb. Qurbanlar dövlət idaələri üzərində eksperimentlər də sayıla bilər, yüksək çinli oliqarxların və mafiozların sıradan çıxarılması da. Hətta bəzən, çox gülməli şəkildə dəyişikliklər olur. Məsələn, elə bu günlərdə struktur islahatları ilə bağlı bir fərmanı yəqin ki, oxudunuz: “Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb”.

Mən onu demək istəmirəm ki, Nazirlər Kabineti yanında bu hoqqalara nə ehtiyac vardı. Demək istəmirəm, çünki, az əvvəl qeyd etdim ki, neft pulları ilə idarə edilən hökumət vardı və həmin hökumət də ağlına gələn- gəlməyən eksperimentlər aparırdı. Ölkənin 87 yaşlı bir baş naziri var, onun yanını o qədər idarələrlə doldurublar ki, adam pulunun sayını bilməyən hipnotik milyonerə dönüb.