Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib.
Publika.az-ın məlumatına görə, deputat Q.Həsənquliyev deyib ki, Gürcüstanın ayrı-ayrı vəzifəli şəxslərinin Azərbaycana qarşı ədalətsiz mövqeyi zaman-zaman müşahidə olunub: “Biz vaxtilə NATO Parlament Assambleyasında iştirak edən zaman həmin tədbirdə Gürcüstandan Burcanadze də iştirak edirdi. O zaman işğalla bağlı suala cavab verən Burcanadze bildirdi ki, Kosovoda tətbiq olunan təcrübə Moldova və Gürcüstana tətbiq oluna bilər. O, həmin vaxt da Azərbaycanın adını çəkməmişdi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 üzvü əleyhinə səs verib. Bunu burada hörmətli Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilərlər”.
Partiya sədri gürcü deputatların Azərbaycana qarşı atdığı bu addımın Gürcüstanın diqqətinin çatdırılmasının vacibliyini söyləyib: “Mən sonda bildirmək istəyirəm ki, biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, bu cür tərəfdaşlıq, qonşuluq və riyakarlıq olmaz”.