backend

Sehrli çubuq

Sehrli çubuq Mən sözgəzdirən deyiləm ha, nəyimə lazımdı kim-kimin üzdə qadasın alıb, dalda yerdə qabırğasına nə döşəyir. Belə döşəkağının funksiyasını hamınız bilirsiz, çirkləndikcə dəyişirlər. Çirkin xislətləri isə görünməz olduğundan dəyişmək, yeniləmək mümkün deyil. Deyəsən söhbətimiz alınmadı. Tənqid eşitdikcə, bəzi qoturluq gənələri yerində qurdalanır, guya ağayana adamların qoltuğunun altında zəlzələ qoparacaq. Üzdən burunlu-qulaqlı, əlli-ayaqlı insana bənzəri var. Danışa da bilir. Di gəl ki, barmaq eləməsən kürəyindən dürtmələməsən, bir işə yaramır. Yəqin yallanmağın vaxtı çatır. İndicə durub gedirəm. Gedirəm ki, gizlində əldən qapıb aşkarda gövşək vuran yalançı sensasiya və "sos"lara susqun müşayiət fonu verməkdən canım qurtarsın. Belə zülmə dözməkdənsə, gedib dağlarda haqqı haraylamaq, ya da sehrli çubuq axtarmaq yaxşıdı, heç olmasa cavab əvəzinə "exo" verir. Yaxşı yadıma düşdü, rəvayətə görə, Musa peyğəmbərin böyük qardaşı Harun əlindəki sehrli çubuğu bircə dəfə havada yellətməklə çiçək açmış badam ağacına döndəribmiş. O zamanlar badam həm də təmizlik, saflıq, bəkarət ağacı hesab olunurmuş. Harunun əlindəki jezlin badam ağacına döndüyünü görənlər onun saflığına heyran-heyran tamaşa edərmişlər. İstər-istəməz peyğəmbər qardaşının istəklərini yerinə yetirərmişlər. Mən bilmirəm, Harun bu etibardan sui-istifadə edib, ya yox. Amma belə qənaətdəyəm ki, çubuq ona hansısa müstəcəb məqsədə nail olmaq üçün lazım olub. İndi reallıqlar zamanıdı. Başı baltalı çubuqlarla Bakıdakı badam ağaclarının canını alırlar. Kəsib yerində elə bir mülk tikirlər ki, içində 40 incəbel qız bir mollasız müntəzir "ifa mədəniyyəti" sərgiləyir. Bu mədəniyyət artıq düzü-dünyanı başına alıb. Dünya dəyişdikcə, çubuğun sehri də dəyişib. Hər çubuq gəzdirəndən Harun çıxmasa da, meşəbəyi də çıxır, istəsən lap çoban da. Kinolarda görmüş olarsınız, sehrli çubuqla adamı lap daşa da döndərə bilirmişlər. Bunların hamısı indi keçmişdə qalıb. Zamanın təkərini geri fırlatmağa onsuz da ehtiyac qarışıq həvəs yoxdu. Həvəs yuxusuna haram qatıb qazanc dalınca gecə-gündüz yollarda risk və müsibətlərə qatlaşan qardaşlarımız da qalıb. Sən heç modern jezl görübsən? Gecələr də işıq saçır ee. Belə möcüzələri görəndə yaxşı qazanmağın, dəbdəbə içində ömür sürməyin açarı hesab edilən çubuğun sehri üzərində saatlarla baş sındırmışam. Bu çubuğun bir möcüzəsi də odur ki, hörmətə "hörmət" calağı vura bilir. Fəaliyyət Qurbanov