backend

Rusiya Qarabağ haqda nə planlaşdırır?

Rusiya Qarabağ haqda nə planlaşdırır?
Ötən gün prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Politika.Az xəbər verir ki, görüşdə son günlər Dağlıq Qarabağ ətrafında baş verən məsələlərə də toxunulub

Rusiya XİN naziri Lavrov çıxışında daha çox İran-Rusiya- Azərbaycan arasında üçtərəfli formatın əhəmiyyətindən bəhs edərək bölgənin nəqliyyat marşrutları, enerji məsələləri üzərində həyata keçiriləcək işlərdən danışıb.

Düzdür, görüş bu formatda bir ay öncədən planlaşdırılsa da, Qarabağ ətrafında aprelin 1-dən 2-nə keçən gecə gözlənilməz döyüş əməliyyatları baş verdi. Hər iki tərəfdən atəşkəs razılığı əldə edilsə də, Ermənistan verdiyi sözə əməl etmir.

Qeyd edək ki, Lavrovun görüşü aprelin 7-nə planlaşdırılsa da, onun nəzərdə tutulandan kənar dünən axşam saatlarında Bakıya gəlməsinə görə daha çox hesab edilirdi ki, çıxışında Qarabağla bağlı məsələdə konkret təkliflərlə çıxış edəcək. S. Lavrov isə Qarabağla bağlı məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə diqqət yetirə biləcəyini ifadə edib.

Politika.Az bildirir ki, qafqazinfo.az bu məqamı əsas tutaraq Sergey Lavrovun prezidentlə görüşü zamanı səsləndirdiyi fikirlər, görüşün əhəmiyyəti barədə bir neçə şəxsdən münasibət öyrənib.
Rusiya Qarabağ haqda nə planlaşdırır?

“Rusiya öz mövqeyinə yenidən baxmalıdır”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, bu cür görüşlərdə əsas məsələlər ifadə olunmur, daha çox kənar məsələlər üzərində müzakirə gedir: “Bu baxımdan fərqli situasiya gözləmirdim. Görüşdə Qarbağ məsələsi də müəyyən dərəcədə müzakirə olunub. Bunun ictimaiyyətə açıqlanan və açıqlanmayam tərəfləri var. Ümumi diplomatik frazalar, regionda olan vəziyyət mətbuata açıqlanan məsələlərdir. Əslində isə daha geniş məsələlərin müzakirə olunduğunu düşünürəm.

Qarabağ məsələsində də Rusiyanın mövqeyi kifayət qədər əhəmiyyətli və təsiredici gücə sahibdir. Ümid edirəm ki, bu görüşdə Azərbaycanın maraqlarına uyğun olaraq bir sıra məsələlər Rusiyanın diqqətinə çatdırılıb. Ölkə prezidentinin də bu məsələdə daha sərt və prinsipial mövqe tutması Rusiyanın öz mövqelərinə yenidən baxmağa təşviqedici bir amildir”.
Rusiya Qarabağ haqda nə planlaşdırır?

“Rusiyaya silah sifarişi vermək lazımdır”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırladıb ki, bu görüş əslində cəbhə bölgəsindəki son vəziyyətlə bağlı deyil: “Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin bir ay bundan qabaq aprelin 7-də Bakıda görüşü planlaşdırılmışdı. Həmin görüşdə də nəqliyyat, enerji məsələləri üzərində fikir mübadiləsi aparılacağı bəyan edilmişdi. İlham Əliyevin İrana uğurlu səfərindən sonra belə bir ideya ortaya atıldı ki, üç ölkə arasında belə bir format yaradılsın. Ona görə də Azərbaycan üçün də maraqlı idi ki, Lavrovla Bakıda bu məsələlər müzakirə edilsin.

Bizim üçün isə indi vacib olan Rusiyanın Ermənistana təzyiq göstərərək beş rayonu qaytarsın. Lavrov Bakıya nəsə deməyə hazır deyil. Çünki biz Rusiyadan təklif gözləyirik. “Atəşkəsə riayət olunsun”, “ancaq sülh yolu ilə həlli mümkündür” kimi çeynənmiş fikirlər eşitmək istəmirik. Biz artıq əməl gözləyirik. Ona görə də Lavrov hazır deyilsə, onunla Qarabağı müzakirə etməyə də dəyməz. Lavrovdan sonra Rusiya baş naziri Dmitri Medvedyev Bakıya gələcək. Çox güman ki, onun Qarabağla bağlı təklifləri olacaq. O həm də İrəvana gedəcək.

Məhz Medvedyev prezident olduğu dövrdə Qarabağla bağlı çox ciddi məşğul olmağa başlamışdı. Onun prezidentliyi dövründə on dəfə Ermənistan və Azərbaycan prezidentləri bir araya gəldi. Medvedyevin münaqişəni həll etmək üçün xoş niyyəti olub. Amma o zaman Rusiya tək Medvedyevden ibarət deyildi, ona mane oldular. O köhnə təkliflərini yenidən gündəmə gətirirsə, gəlib məsələləri Bakıda və İrəvanda müzakirə etsin”.

Politoloq eyni zamanda bir məqamdan da istifadə etməyin vacibiyindən danışıb. Onun sözlərinə görə, son günlər Rusiya ilə Ermənistan arasında anlaşmazlıq bir qədər artıb: “Almaniyada Serj Sarkisyan da bunu dilə gətirdi. Rusiyanın Azərbaycana silah satmasından narazı olduqlarını bildirdi. Rusiya Azərbaycana silah satmasından pul qazanır, Ermənistana isə havayı verir. Ona görə də Rusiyanın nəbzini yoxlamaq lazımdır. Rusiyaya yenidən silah almaq üçün sifariş vermək lazımdır. Baxaq görək, o zaman Rusiya özünü necə aparacaq. Rusiya maraqlıdırsa, Azərbaycana silah satacaq, bu da Rusiya Ermənistan münasibətlərinin gərginləşməsinə gətirib çıxaracaq”.
Rusiya Qarabağ haqda nə planlaşdırır?
“Bunu başa düşmək üçün çox böyük diplomatmı olmaq lazımdır?”

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistanın havadarları çalışacaqlar ki, vaxt əldə etsinlər: “Rusiyanın XİN nazirinin səfəri də bir daha yanılmadığımızı göstərdi. Regionda çox böyük fəlakət baş verib. Çoxsaylı insan ölümləri hər iki tərəfdən baş verib. Bütün bunların fonunda Lavrov tamam başqa şeylərdən danışır. O bu gün gəlməli idi. Ancaq Lavrov dünən axşam saatlarında gəldi. Hesab etdik ki, Rusiyada yəqin narahatlıq var və məsələnin arxa tərəfə keçməsini istəmir. Ancaq bunlar üçün hansısa enerji maraqları daha önəmlidir, nəinki dünyasını dəyişən insanlar. Yəqin ki Rusiyanın baş nazri Medvedyev də hansısa belə məsələ ilə gələcək”.

Ekspert qeyd edib ki, Lavrov Bakıda olduğu zamanlarda Ermənistan havadarının Bakıda olduğunu bilə -bilə Naxçıvanı prosesə qoşdu: “Burada birbaşa məkr görünür. Prosesə Türkiyəni qatmaq niyyəti var, şimalda hansısa təlimlər keçirlər. Lavrov İrəvana mesajlar ünvanlamaq əvəzinə hansısa ikinci məsələlərdən danışır. Bu gün dünyanı narahat edən məsələ Qarabağ məsələsidir.

İqor Popov deyir ki, baş verənləri anlamaq üçün onlara vaxt lazımdır. Azərbaycan öz ərazisini işğaldan azad etmək üçün düşmənin həmləsini dəf edib. Bunu başa düşmək üçün çox böyük diplomatmı olmaq lazımdır? Ona görə də hesab edirəm ki, Lavrovun Bakı səfəri heç bir nəticə verməyəcək”.
qaynarxett.az