backend

Başçının başı: Maoridən Hacımurada qədər - HÖKUMƏT ÜCÜN CİDDİ MƏSƏLƏ

Başçının başı: Maoridən Hacımurada qədər - HÖKUMƏT ÜCÜN CİDDİ MƏSƏLƏ
Britaniya Yeni Zelandiyanın adalarından birində qəbilə başçısı olmuş şəxsin mumiyalanmış başını 170 il müddətində muzeydə saxladıqdan sonra doğma vətəninə qaytarmaq qərarına gəlib.
Maori tayfa başçısının başı və yaxud maorilərin öz dilində desək “toi moko” Çeşirdəki Warrington muzeyində saxlanırdı.
Əlbəttə, başın özünü yox, onun surətini ekspozisiyaya qoymuşdular. Maori mədəniyyətində başın hətta fotoşəklini açıqda saxlamaq günah sayılır.
Muzeyin direktoru Janice Hayes deyir ki, maorilər başları iki səbəbə görə saxlayırdılar: ya ölənə hörmət əlaməti olaraq, ya da düşməni alçaltmaq üçün.
Sonralar üçüncü səbəb də ortaya çıxıb. Maorilər görüblər ki, Avropalılar mumiyalanmış və üstəlik döymə naxışları olan başları alırlar. Bu ticarətə görə neçə bədənin başsız qaldığını tarix, bir də Allah bilir.
Başın üz hissəsinə naxışlar fərdi qaydada döyülürdü, yəni hər başın naxışları unikal idi.
Yeni Zelandiyadakı "Te Papa Tongarewa” muzeyi artıq neçə illər idi ki, başın vətəninə qaytarılmasını xahiş edirdi.
“Te Papa Tongarewa” muzeyinin sağ əli kimin başına deyə bilmirəm.
Çünki Azərbaycanda da bir başsız bədənə son mənzil olmuş məzar var.
Söhbət Şeyx Şamilin silahdaşı və Lev Tolstoyun qəhrəmanı Xunzaxlı Hacımuraddan gedir. Rusiya imperiyasına qarşı mübarizə aparmış bu şəxsin başı həmin imperiyanın paytaxtı Sankt Peterburqdakı muzeylərdən birində saxlanır.


Bir məzarın tarixçəsi

Azərbaycanın Qax rayonunda Tanqıt kəndi yaxınlığındakı məzarın tarixçəsindən öncə bu məzarda yatan şəxs haqqında qısaca məlumat vermək yerinə düşərdi.
19-cu əsrdə Rusiyanın Qafqaz işğallarına qarşı müharibə aparmış Şeyx Şamilin silahdaşı, rus yazıçısı Tolstoyun eyni adlı povestinin qəhrəmanı Hacımurad Dağıstanın Xunzax kəndində doğulub. Onun Xunzaxlı Hacımurad kimi tanınması da bununla bağlıdır.
Hacımurad, necə deyərlər, 1836-cı ildə, qardaşı Osmanla birlikdə imam Həmzətə qarşı sui-qəsddə iştirak etdikdən sonra ad çıxarıb.
İmam Həmzətin öldürülməsi onun Rusiya ilə müharibədə neytral mövqe tutan Avar xanlarını qətlə yetirdiyi üçün qisas aktı idi. Sui-qəsd zamanı Osman da həlak olmuşdu.
Bu hadisə, Hacımuradı istər-istəməz ruslarla müttəfiq edir. Öz növbəsində Rusiya imperiyası Hacımuradın nüfuzundan Qafqazdakı mövqeyini möhkəmləndirmək üçün istifadə etmək niyyətində idi.
Lakin Hacımurad xarakteri etibarilə kiminsə buyruğunda ola bilməzdi.
1840-cı ildə ruslar onu şeyx Şamillə gizli müttəfiqlikdə ittiham edirlər. Hacımurad həbs olunub Temirxan-Şuraya göndərilir.
Yolda qaçmağa müvəffəq olan Hacımurad bu dəfə doğrudan da Şamilə pənah gətirir.
Hacımurad Şamillə müttəfiq olduğu dövrdə Azərbaycanın şimal rayonlarına hücumlar edir. O əslində Şamil tərəfindən avarların yaşadıqları bütün ərazilərin naibi təyin edilmişdi.
Lakin ipə-sapa yatmayan xarakter yenidən düşməniçiliyə səbəb olur və o, 1851-ci ildə bir daha rusların yanına qaçır.
Hacımuradın dəfələrlə cəbhə dəyişdiyini görən ruslar, artıq ona əvvəlki qədər inanmaslar da, onu bu dəfə də qəbul edirlər. İndi o, demək olar ki, ev dustağı kimi Nuxada (indiki Şəki) yaşayırdı. Ruslar ondan şeyx Şamilə qarşı döyüşlərdə istifadə etmək ümidində idilər.
Hacımurad bu dəfə də qaçmaq qərarına gəlir. Onun bir daha Şamilin yanına qayıtmaq niyyətində olduğunu ehtimal etmək olar. Beləki, ailəsi Şamilin qərargahında girov saxlanırdı.
Lakin 1852-ci ildə baş vermiş bu qaçış cəsur dağlının son qaçışı olur.
O Qax rayonu ərazisində rus kazakları tərəfindən mühasirəyə salınaraq öldürülür.
Başı kəsilərək Qafqaz canişininə göndərilir. Cəsədi isə öldürüldüyü yerdə dəfn olunur.

Başın sonrakı taleyi


Lakin Hacımuradın başı ölümündən sonra da bəla çəkməkdə davam edir.
Baş bir müddət Tiflisdəki yanğınsöndürmə məntəqəsində saxlanır və sonradan mumiyalanması üçün məşhur rus anatomu Nikolay Piroqova təqdim olunur.
Bundan sonra Hacımuradın başı Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasının muzeyində nümayiş etdirilib.
1959-cu ildə Hacımuradın başı keçmişdə Kunstkamera kimi tanınan SSRİ Antropologiya və Etnoqrafiya Muzeyinə göndərilir.
Bir sıra mənbələrdə başın 2009-cu ildən bəri Sankt-Peterburqdakı Din Tarixi Muzeyində saxlandığı göstərilir.
Son on ildə Dağıstanın müxtəlif siyasətçiləri, din xadimləri, tarixçiləri və ən başlıcası Hacımuradın hazırda elə həmin Xunzaxda yaşayan qohumları başın qaytarılmasını Rusiya rəsmilərindən rica ediblər.
Lakin heç bir şey alınmayıb. Çünki Hacımuradın başı bu gün tarixi obyektdən daha çox siyasi subyektdir.

Məzar necə tapılıb?


Bulaç Hacıyev özünün “Dağıstan tarixlərdə və rəvayətlərdə” kitabında yazır ki, Azərbaycanın Qax və Nuxa rayonlarının sərhədində yerləşən Qıpçaq kəndinin sakinləri çoxdan bilirdilər ki, kəndin yaxınlığındakı meşəlikdə bir neçə qəbir var. Baş daşlarının üstündəki ərəb yazılarından qəbirlərin müsəlmanlara aid olduğu da bəlli idi. Lakin kənd adamları ərəbcə oxuya bilmirdilər.
1958-ci ildə Qax rayon qəzetinin əməkdaşlarından biri bu qəribə məzarlıq barədə Azərbaycan SSR Elmlər Akademiyasına yazır. Bundan sonra Bakıdan Qıpçaq kəndinə alimlərdən ibarət ekspedisiya göndərilir.
Alimlər qəbir daşlarından birini mamırdan təmizlədikdən sonra heyrətə gəlmişdilər. Baş daşında belə yazılmışdı: “Bu, mərhum Xunzaxlı avar Hacımuradın məzarıdır...Hicri 1268 (1852)”.
Başqa üç məzarın Hacımuradın müridlərinə aid olduğu müəyyən edildi.
Pyatiqorsk Universitetinin professorru, tarixçi Rudolf İvanov isə “Əfsanəvi məzarlığa ziyarət” məqaləsində yazır ki, Hacımuradın üstünü yerli kənd sakinləri götürüblər.
O qeyd edir ki, 1860 və ya 1864-cü ildə Hacımuradın böyük oğlu Qulla atasının məzarına baş çəkib və 1958-ci ildə aşkar edilmiş baş daşını da o düzəltdirib.
Rudolf İvanov 1958-ci ildə təşkil edilmiş arxeoloji komissiya barədə də yeni məlumat verir.
O yazır ki, Azərbaycan SSR Elmlər Akademiyasının nüfuzlu alimlərdən ibarət komissiyası 1958-ci il sentyabrın 10-da akt tərtib edib.
Həmin aktda Hacımuradın məzarının dövlət tərəfindən qorunan qiymətli tarixi abidələrin siyahısına salınması tövsiyə edilir.

Qorunur, yoxsa qorunmur?

Azərbaycan EA-nın 2001-ci ildə dərc olunmuş “Azərbaycanın epiqrafik abidələri siyahısında” Hacımuradın məzar yazısı 670-ci inventar nömrəsi ilə bu siyahıya daxil edilib.
Lakin bir incəliyə fikir verin. Məzar yox, “məzar yazısı”. Məzar yazısı isə Azərbaycan Tarixi Muzeyindədir.
Hacımuradın məzarının tarixi abidə sayılıb-sayılmadığı o qədər də aydın olmur.
BBC Azərbaycanca ilə söhbətində sənətşünaslıq üzrə fəlsəfə doktoru, memar, Azərbaycan Mədəniyyət Nazirliyinin keçmiş rəsmisi Hacı Fazil bildirdi ki, tarixi abidələrin 2001-ci ildə tərtib olunmuş siyashısında Hacımuradın məzarı qeydə alınmayıb.
Onun sözlərinə görə, hazırda yeni siyahı Mədəniyyət Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib, ancaq məzarın həmin siyahıda olub-olmadığı məlum deyil. BBC Azərbaycanca bu barədə Mədəniyyət Nazirliyindən məlumat ala bilməyib.
Rudolf İvanov bunu da yazır ki, qəbrin abadlaşdırılması üçün Şəkinin icra başçısı Elxan Usubov çox iş görüb.
Azərbaycan Avar Mədəniyyət Mərkəzi ictimai birliyinin sədri Mahama Bazarov bizimlə söhbətində bildirdi ki, indi orada "abadlıqdan heç nə qalmayıb". Məzarı dövrələyən zəncir və baş daşının üstündəki şəkil yoxa çıxıb.
O həmçinin bildirir ki, sonralar bu məzarın ətrafında yeni qəbirlər də peyda olub və əslində kiçik bir qəbristanlıq yaranıb. Əvvəllər magistral yolda Hacımuradın dəfn olunduğu yeri göstərən yol işarəsi olub. O işarəni də götürüblər...
Professor İvanov Hacımuradı həm də Azərbaycanın övladı hesab edir. O yazır ki, Azərbaycanda üç hakimiyyət – çar hakimiyyəti, kommunist hakimiyyəti və milli hakimiyyət zamanı bu məzar qorunub saxlanıb.
Rudolf İvanovun fikrincə, Hacımuradın başı Azərbaycana qaytarılmalı və nəhayət sahibi ilə birləşməlidir.

Aslan Masxadovun cəsədi

Hacımuradın başı 161 ildir ki, onun bədənindən ayrıdır. Lakin Rusiya, necə deyərlər, dünən-sragagün həlak olmuş dağlıların da cəsədlərini ailə və yaxınlarına qaytarmaqdan imtina edir.
Bu ilin iyununda Avropa İnsan Haqları Məhkəməsi Çeçenistan separatçılarının 2005-ci ildə öldürülmüş lideri Aslan Masxadovla bağlı işə baxıb və qərar qəbul edib.
AİHM-ə şikayətlə Masxadovun dul xanımı və başqa qohumları müraciət etmişdilər.
Məhkəmə Aslan Masxadovun Rusiya hərbçiləri tərəfindən yox, öz silahdaşları tərəfindən öldürüldüyü barədə Moskvaya aid versiyanı qəbul edib.
Aslan Masxadovun ailəsi onun Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən hazırlanmış və həyata keçirilmiş əməliyyat nəticəsində öldürüldüyünü iddia edir.
Rəsmi Moskva Masxadovu Beslanda törədilmiş dəhşətli terror aktında ittiham etsə də, onun Rusiya qüvvələri tərəfindən öldürüldüyünü həmişə təkzib edib.
AİHM hər halda Aslan Masxadovun ailəsinin irəli sürdüyü bir iddia ilə razılaşıb. Məhkəmə bu qərara gəlib ki, Masxadovun cəsədinin ailəsinə verilməməsi İnsan Haqları Konvensiyasına ziddir.
Lakin ən maraqlısı budur ki, Avropa Məhkəməsi qanunsuzluğu sadəcə konstatasiya edib. Yəni qərarda cəsədin ailəyə qaytralıması tələb edilmir, sadəcə olaraq bildirilir ki, Rusiya cəsədin avtomatik şəkildə ailəsinə qaytarılmaması barədə qərarı qanunsuz qəbul edib.
Burada söhbət həm də 2005-ci ildə Nalçikdə məhv edilmiş 55 yaraqlının cəsədlərindən gedir, hərçənd bu cəsədlərin artıq kremasiya edildiyi və ya yandırıldığı barədə xəbərlər yayılıb.
Eyni zamanda məhkəmə Rusiya hakimiyyət orqanları ilə razılaşıb ki, cəsədlərin verilməməsi qanuni olub və qanuni məqsədlər güdüb.
Məhkəmə bildirib ki, dəfn mərasimlərində iğtişaşların baş verməsi ehtimalını minimallaşdırmaq, həmçinin terrorçuların informaiya və psixoloji təsirini azaltmaq lazımdır.
Avropa Məhkəməsinin bu qərarından daha ziddiyyətli olsa da, bəzən ölkələrin qəbul etdikləri anti-terror qanunları bir sıra hallarda İnsan Haqları barədə Konvensiya ilə ziddiyyət təşkil edir.
Bununla belə, məhkəmə hökmündə əlavə edilir ki, hakimiyyət bu məsələdə düzgün mövqe tutmayıb, beləki ailəyə və yaxınlara mərhumla məhdud mənada son görüş imkanı verilməliydi.
Lakin söhbət Qafqazdan gedirsə, burada Avropa Məhkəməsi olmadan da ziddiyyətlər xirtdəyə qədərdir.
Ötən ilin noyabrında yaraqlı cəsədlərinin torpağa tapşırılması məsələsi Çeçenistan və İnquşetiya başçıları Ramzan Kadırov və Yunusbek Yevkurov arasında qəzəbli söz müharibəsinə səbəb olub.
Yevkurov şəxsi bloqunda Çeçenistan müftisi Sultan Mirzoyevin terrorçuların dəfnində adamların iştirakını və onların müsəlman qəbristanlıqlarında dəfnini qadağan etməsini tənqid etmişdi.
“Onlar it kimi gəbərirlər və adi dəfnə layiq deyillər” – demişdi müfti.
Ramzan Kadırov isə öz müftisindən daha qəzəbli şəkildə Yevkurovu ittham etmişdi.
O Yunusbek Yevkurovun bloquna cavabında yazırdı: “O hətta o həddə çatıb ki, şəxsi reklamı naminə qətl törətdiklərinə görə federal axtarışda olan yaraqlıların qohumlarını dəvət edir və onların qarşısında üzr istəyir”.
Rusiya rahat ola bilər. Masxadovun məkanı bilinməyən məzarı etibarlı əllərdədir. Hər hansı dövləti imperiya siyasətində günahlandırmaq olar, lakin Qafqaz dağlarında, təəssüf ki, millətlərarası kin-küdurəti qızışdırmaq üçün çox vaxt kənar qüvvəyə ehtiyac olmur.
Aslan Masxadovun cəsədi barədə söhbəti burda qurtarmaq olardı. Lakin deyiləcək mühüm bir məqam qalır.
Avropa Məhkəməsinin qərarından o qədər də razı qalmayan Rusiyanın məhkəmədəki nümayəndəsi hakim Dmitri Dedov xüsusi rəylə çıxış edib.
Həmin rəydə bildirilir ki, hökumət Masxadovun dəfn mərasimi ilə bağlı zorakılıqların baş verə biləcəyini nəzərə alıb və mülki əhalinin dinc yaşaya bilməsi terrorçuların cəsədlərinin dəfn üçün qohumlara verilməsindən daha vacibdir.
Bu rəyin altında başqa bir dövlətdən olan hakimin də imzası var. Bu, Azərbaycanın Haaqa məhkəməsindəki nümayəndəsi Xanlar Hacıyevdir.
Bir tərəfdən bu halı başa düşmək olar. Masxadovun dul xanımı, uşaqları Anzor və Fatima üç ölkədə - Azərbaycanda, Norveçdə və İsveçdə yaşayırlar.
Buradan başqa bir şeyi də başa düşmək çətin deyil. Hacımuradın başının qaytarılması üçün Azərbaycandan heç vaxt rəsmi xahiş edilməyib.
Mürəkkəb məsələdir. Hacımuradın başı təkcə tarixi eksponat yox, həm də əsr yarımdır ki, siyasi məsələ olaraq qalır.

Başla bədən harda birləşsin?

Hacımuradın başını Rusiya hökumətindən Dağıstandan da istəyənlər oluib. Onlardan biri də tarixçi Hacımurad Donoqodur.
O müsahibələrindən birində deyir ki, bir qrup Dağıstan ziyalısı Moskvaya belə bir xahişlə müraciət edib.
O vaxt hakimiyyətdə Boris Yeltsin idi.
Donoqo bildirir ki, Yeltsinin təkrar seçkilərinin kampaniyası vaxtı, 1996-cı ildə prezidentin nümayəndəsi Şaxray Mahaçqalada, açıq havada çıxış edərkən Hacımuradın başının qaytarılmasını vəd edib. Vəd vəd olaraq qalıb.
İndiyədək, yazılanlardan da görünür ki, Azərbaycan istəsə də, istəməsə də bu işin içindədir.
Həm Masxadov məsələsində, həm də Hacımurad məsələsində.
Əgər Haaqa məhkəməsinin Masxadov barəsindəki məlum qərarına Rusiyalı hakim Dedov tərəfindən əlavə edilmiş rəyə Xanlar Hacıyevin də imzasını qoyduğunu nəzərə alsaq, rəsmi Bakı üçün vəziyyət qibtəolunmazdır.
Yəni, Bakının bu başı Moskvadan istəməsi qəlizdir.
Bir tərəfdən Hacımuradın məzarı bir abidə kimi turizm obyekti ola bilərdimi?
Bütün dünyada məşhur Tolstoyun məşhur qəhrəmanının son mənzilini elə bütün dünyadan görmək istəyənlərin sayı yəqin ki, az olmazdı.
Digər tərəfdən hakimiyyət Qax meşəliyindəki bu məzarın tarix və mədəniyyət deyil, dini-siyasi məqsəd güdənlərin ziyarətgahına çevrilə biləcəyindən narahatdır.


QAYNARXETT.AZ