backend

Cahangir Hacıyevin vəkili od püskürdü: "Mənə deyirlər ki, sənə torba tikərik"

Cahangir Hacıyevin vəkili od püskürdü: "Mənə deyirlər ki, sənə torba tikərik"
Vəkil Aqil Layıcov Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında qanunsuzluğa, buna etiraz edən zaman isə şantaja məruz qaldığını bildirir

O, bildirib ki, bu gün BİT-ə müdafiə etdiyi şəxslə görüşməyə gedib. “Bakı İstintaq Təcridxanasında hər zaman vəkillərə qarşı diskriminasiya tətbiq edilir və onlar əsassız olaraq axtarışa və yoxlanışa məruz qalır. Hablbuki bu qanuna zidd olmaqla bərabər, müdafiə hüququnun kobud pozuntusudur. Buna görə də yoxlanışa və axtarışa icazə verməyəcəyimi bildirdim. Daxili mayor rütbəli inspektora bunu bildirdikdə, o, məni şantaj edəcəyini bildirdi: "dustaqları üzünə durdurub, sənə torba tikərəm”. Qeyd etdi ki, paqonunu çırıb, təcridxanada saxlanılan 3-4 şəxsi üzümə durduracaq və protokollaşdıracaq. Bu ifadələri publik şəkildə bildirdikdə, mənimlə digər eyni işdə vəkil yoldaşım Fəxrəddin Mehdiyevin də haqlı narazılığına səbəb oldu. Vəkil olaraq məndə və digər həmkarlarımda ikrah hissi oyadan bu hərəkət dövlət qulluğunda olan şəxsin şantaj və digər metodlarla müdafiə hüququnu həyata keçirən şəxslərə təzyiq edilməsidir. Hesab edirəm ki, mayor rütbəsi daşıyan Ədalət Şükürov adlı məmura heç kim haqq vermir ki, dustaqları şantaj metodu kimi istifadə etsin. Yaxud heç bir qanun icazə vermir ki, vəkillər prosessual tərəf kimi iştirak edən istintaqçılara nisbətdə axtarışa, yoxlanışa məruz qalsın. Məhz bu gün Ədalət Şükürovun qeyri-etik davranışlarına etiraz olaraq biz imkan vermədik ki, axtarışa məruz qalaq” – deyə A.Layıcov bildirib.

Vəkil qeyd edir ki, penitensiar xidmət əməkdaşının şantajçı mövqeyi, vəzifəsinə və zabit etikasına yaraşmayan davranışı, həmçinin penitensiar xidmət əməkdaşlarının ona həvalə edilmiş vəzifə öhdəliklərini sui-istifadə etməsi hallarından Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Penitensiar Xidmətin rəhbərliyinə, Baş Prokurora, eyni zamanda məlumat üçün Vəkillər Kollegiyasına müraciət ediləcək. “Bu hadisələrin birbaşa şahidi olan 2 vəkil yoldaşım - Ceyhun Yusifov və Fəxrəddin Mehdiyev də bu hadisəni əyani müşahidə elədilər”.(bizimyol.info)

Vəkil qeyd edir ki, vəkillərin yoxlanışa və axtarışa məruz qalması qanunvericiliyə ziddir. "Vəkillər və Vəkillik" fəaliyyəti haqqında AR Qanunun təlblərinə görə müdafiə hüququnun, o cümlədən vəkillik fəaliyyətinin əsaslarından birini "vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi" təşkil edir. Bu, qanunsuz yoxlanışları, axtarışları, sənədlərə baxışı da özündə ehtiva edir.

“Həmçinin həmin mayor Ədalət Şükürov bilməlidir ki, Penitensiar Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin Məhbuslarla rəftarın əsas prinsiplərini, Avropa Penitensiar Qaydalarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət-Prosessual məcəllələrini, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi kollegiyasının qərarlarını, nazirliyin əmr və sərəncamlarını, və Əsasnaməsini rəhbər tutmalıdır.

Bundan başqa, vəkilin hər an yersiz və əsassız axtarışa qanunla qadağan edilməklə bərabər, müdafiə hüququnun konfidensiallığı baxımından yol verilməzdi. Müəssisəsəd axlanılan şəxsləri belə "üzəduranlıq vasitəsi kimi" istifadə etmək istəyi və bunu dilə gətirməsi saxlanılan şəxslərin hüquqlarını pozmaqla bərabər, dövlətin məmuruna yaraşan hal deyildir” – deyən vəkil sonda vurğulayır ki, adekvat addım atılacağına və bu şəxs barəsində müvafiq ölçü götürüləcəyinə ümid edir.

Məsələ ilə bağlı Penistensir Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Qurumdan bildirdilər ki, məsələ araşdırıldıqdan sonra açıqlama veriləcək.