backend

Türk Dünyasının Böyük Ozanı Elçibəy haqda

Türk Dünyasının Böyük Ozanı Elçibəy haqda

Fatih Qısabarmaq Milli Azadlıq Hərəkatının liderilə ilk görüşünü necə xatırlayır?


“Təvazökar, özündə bu qədər gözəllikləri yaşadan bir başqa prezident düşünə bilmirəm”


Türk dünyasının tanınmış ozanı Fatih Qısabarmaq türkiyəli jurnalist və şair Yavuz Bülent Bakilerə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, AXCP-nin ilk sədri, ölkəmizin ikinci prezidenti Əbülfəz Elçibəylə bağlı xatirələrini bölüşüb. Müsahibə-reportajı qısa ixtisarla təqdimedirik.

***

Iyul ayının son günləri. Istanbulda dözülməz istilik var. Evimin qonaq otağında Fatih Qısabarmaqla Elçibəy haqda söhbət edirik. Ozan suallarıma fikrə dalaraq, utanaraq və hətta kədərlənərək cavab verir.
– Siz Elçibəylə görüşmüsünüz. Həmin görüş zamanı Elçibəy sizi qucaqlayıb, bir-birinizi çox isti salamlamısınız.
– Bəli. Elə…

– Onunla ilk dəfə harada qarşılaşdınız?
– Ankarada. Ankara Xəstəxanasında.

– Elçibəyin Ankaraya gəldiyindən necə xəbər tutdunuz?
– Rəhmətliyin xəstəliyindən, Ankaraya gəldiyindən xəbərim yox idi. O günlər mən Istanbuldaydım. “Ankara radiosu”nun prodüsseri Kürşat Özkök mənə zəng edərək bildirdi ki, “Əbülfəz Elçibəy müalicə üçün Ankaraya gəlib. Hazırda Ankara xəstəxanasındadır. Nədənsə, onun bu gəlişini və müalicəsini gizli saxlayırlar. Elçibəy professor Mustafa Kafalıya və həyat yoldaşına ”Fatih Qısabarmaqla mütləq görüşmək istəyirəm” deyib. Səni tanıdığım üçün, onlar da mənə zəng vurdular. Sənin ən qısa zaman ərzində dərhal Ankaraya gəlməyin lazımdır” dedi.

– Elçibəylə daha əvvəldən tanış idiniz?
– Xeyr. Mən onu yalnız qəzetlərdən tanıyırdım. Məni dinlədiyini, tanıdığını bilmirdim.

– Sonra?
– Dərhal Ankaraya getdim. O zaman Ankara xəstəxanasının baş həkimi Nüsrət Akyürək idi. Elçibəyi onunla birgə ziyarət etdik. Otaqda professor Xədicə Paşaoğlu ilə prezidentlik dövründə Elçibəyin köməkçisi olmuş Əli Mürsəloğlu, Kürşat Özkök və mənim menecerim Məmməd Güngör də vardı. Elçibəy məni ayaqüstə qarşıladı. Mavi şalvar, mavi köynək geyinmişdi. O anı heç unuda bilmərəm. Mərhum prezident məni çiyinlərimdən tutdu. Heç bir şey söyləmədən dəqiqələrlə gözlərimin içinə baxdı. Bəlkə inanmayacaqsınız, amma bu müddət mənə 5 dəqiqə kimi uzun gəldi. Bir müddət eləcə, heç nə danışmadan göz-gözə baxdıq. Sonra məni böyük qardaş, ata şəfqəti ilə qucaqlayıb bağrına basdı. Təbii, mən də onu qucaqladım. Bir müddət də belə qaldıq. Qollarını kürəyimdən çəkəndə əyilib əlini öpmək istədim. Icazə vermədi. Həyəcanlı bir səslə “Ozanlar kimsənin əlini öpməz! Ozanların əli öpülər!” dedi.
Elçibəyin yorğun olduğunu hiss etdim. Hal-əhval tutduqdan sonra Elçibəy danışmağa başladı. Hamımız diqqətlə onu dinləyirdik:
“Həyatımda çox böyük ideallar arxasınca qaçdım. Əvvəl Şimali Azərbaycanın azad və müstəqil bir vətən olmasını istədim. Allaha çox şükür ki, Azərbaycan artıq Sovet Rusiya imperializminə bir kölə millət deyil. Sonra Cənubi Azərbaycanın da azadlığa qovuşmasını çox istədim. Bir başqa idealım isə dünya gözüylə Istanbulu görməkdir. Bu gözəl təsəlliyə baxın. 1992-ci ildə Istanbula Azərbaycan prezidenti olaraq gəldim. Məni Üsküdara aparmalarını istədim. Üsküdara getdik. Salacak bölgəsində mühafizəçilərimdən ayrılıb Fateh Sultan Mehmetin ayaq basdığı torpağı əyilərək öpdüm. Oranı ”Vətən torpağıdır!” deyərək öpdüm! Istanbulu görmək, Fateh atamızın Istanbula baxdığı yerdə dayanmaq, onun basdığı torpağı öpmək mənim ideallarım arasında idi. Sonra sizi görmək, sizinlə tanış olmaq, sizinlə qucaqlaşmaq istədim. Bu duyğunun ürəyimdə necə sevinc yaratdığını təxmin edə bilməzsiniz. Allaha çox şükür, bu gün bu arzuma da çatdım. Sizə sevgim ozanlıq ənənələrimizi davam etdirmənizi gördükdən sonra başladı. Mən sizi Azərbaycan Xalq Cəbhəsinin apardığı müstəqillik mübarizəsi ilə müşahidə olunan həyəcanlı günlərdə tanıdım. Televiziya proqramlarında dinlədim. Sazınızdan və əhdinizdən zövq aldım. Sizə Azərbaycan Xalq Cəbhəsinin üzvləri də qulaq asdı. Sazınız və sözünüz bizim gücümüzü artırdı”.

– Bu məsələ həqiqətən çox mühümdür. Elçibəy bizim musiqimiz haqqında başqa nələr söylədi?
– Rəhmətliyi dinləyincə başa düşdüm ki, mənə bir yol göstərmək, öyüd-nəsihət vermək istəyir. Yanılmadığımı gördüm. Dedi ki, “Anadolu türk musiqisinin harmoniya sistemini qura bilməyib. Bu çatışmazlığı dərhal aradan qaldırmaq lazımdır. Biz Azərbaycan Türk musiqisinin harmoniya sistemini çoxdan qurmuşuq. Türk musiqişünasları Qərbi təqliddən əl çəkməlidir. Qərbin harmoniyası ilə öz musiqimizi inkişaf etdirə bilmərik. Bu baxımdan Anadolu türk musiqisinin harmoniya sistemini bir an əvvəl qurmağınız lazımdır. Çox istəyirəm ki, Türkiyədəki musiqişünas qardaşlarımız da Anadolu türk musiqisinin harmoniya sistemini qurmaqda gecikməsinlər. O zaman Qərb dünyası bizi də təqlid etməyə başlayacaq. Ozanlıq ənənəsi çox mühümdür”.
Elçibəy fikirlərini böyük bir həyəcanla söyləyirdi. Bu an söhbətə qoşuldum: “Yəni, türkü qanun yazanlardan daha güclü və təsirlidir”.
“Bəli!” dedi. “Millətlərin həyatında qanunlar da çox əhəmiyyətlidir. Qanunsuz və nizamsız dövlət olar? Amma unutmamaq lazımdır ki, bizim bəzi qanunlarımızın ömrü 5-10 ildir. Bir yeni qanunla yüzlərlə qanun artıq qüvvədə olmayan hala gətirilir. Amma Türkülərimiz elə deyil. 5-6 yüz ildən bəri yaşayan Türkülərimiz var. Siz artıq 65 milyonluq bir Türkiyənin ozanı deyilsiniz. Bu gün sizin məsuliyyətiniz daha çox artdı. Ozanlığınızı əsla Türkiyə sərhədləri içində düşünməyin. Siz 250 milyonluq böyük bir türk dünyasının ozanısınız! Bunu ağlınızdan çıxarmayın”.
Elçibəy bu yerdə Kürşat Özkökə tərəf döndü:
– Kürşat bəy, TRT verilişlərini diqqətlə izləyirəm. Görürəm ki, TRT üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmir. Fatih Qısabarmaq bəyə proqram həsr etmirsiniz. Onun sazını və sözünü yurd içinə və xaricə, bütün Türk dünyasına əvvəl TRT car çəkməliydi. Bu laqeydliyi başa düşmürəm.

– Mərhum Elçibəylə otağında ancaq musiqidən danışdınız?
– Xeyr. Möhtərəm Elçibəy ilk qarşılaşmamızda mənə Türk birliyindən bəhs etdi. Türk dünyasından danışarkən, səsinin titrədiyini, gözlərinin yaşardığını gördüm. O, mənə, mənimlə orada olan kəslərə dedi: “Mənim ən böyük ideallarımın biri də bütün Türk dünyasının birləşdiyini görməkdir. Bu, dünya tarixini dəyişəcək bir hadisədir. Amma təəssüf ki, mən bu möhtəşəm hadisəni görə bilməyəcəyəm. Çünki səhhətim buna imkan vermir. Amma şükr olsun ki, sizlər Türklüyün yenidən dirilişinə şahid olacaqsınız”.
Elçibəy bu sözləri söyləyərkən, gözləri yaşardı, səsi titrəyirdi. Ondan soruşdum ki, dünya Türklərinin birləşməsinə dünyanın böyük dövlətləri icazə verərlər?
Birdən birə hirsləndi. Yüksək bir səs tonuyla danışmağa başladı: “Bu böyük iddianın önünə artıq kimsə keçə bilməz, Fatih bəy. Türkün küləyi əsməyə başladı. Bu küləyə qarşı tüpürmək istəyənlərin tüpürcəkləri öz üzlərinə bulaşacaq. Görəcəksiniz!”
Yenə soruşdum ki, “Sizcə, bütün Türk dünyasının birləşməsi neçə il sonra reallaşa bilər?”
Cavabı belə oldu: “25 il ərzində Türk dünyası birləşəcək, bütünləşəcək!..”
Dedim ki, “25 ildən sonra söyləyirsiniz, deməli, çox zaman qalmayıb…”
Elçibəy, “baxın, Fatih bəy”, – deyə davam etdi: “Mən sizin Qazaxıstan konsertinizi mətbuatdan izlədim. Sonra sizi Qazaxıstanda dinləyənlərdən biri də gəlib, mənə olanları danışdı. Siz 1998-ci ildə Almatıda konsert vermisiniz. Salon ağzına kimi dolu idi. Xalqın bir qismi də bayırda qalmışdı. Elə deyilmi?”
Söylədim ki, “elədir”.
– Bu konserti 1998-ci ildə Qazax-Türk iş adamları təşkil etmişdilər. Elə deyilmi?
– Elədir.
– Qazaxıstanda Ahıska Türkləri böyük bir şüar yazmışdılar. Sizə böyük təşəkkür bildirirdilər. Siz də səhnədə ifa edərkən, dayana bilməyib ağlamışdınız. Və Asiya-Can türkünüzü səhnədə bəstələyib, söyləmişdiniz. Elə deyilmi?
– Elədir.
– Indi məni yaxşı dinləyin. Bundan 10 il əvvəl, sizə desəydilər ki, “ey Qısabarmaq, Qazax və Türk iş adamları bir araya gəlib bir dərnək quracaqlar, Sizi Qazaxıstana aparacaqlar. Siz də orada heç bir təzyiq olmadan ürəyinizdən keçənləri söyləyin. Həmin vaxt Siz bu deyilənlərə inanardınız, yoxsa inanmazdınız?
“A kişi dərdiniz nədir. Sən nədən bəhs edirsən? Olmayacaq uşağa don alırsan? Yoxsa ağlını itirmisən?”, – deyə həmin adama söyləyərdin. Amma Siz 1998-ci ildə əlinizi-qolunuzu yelləyərək Qazaxıstana getdiniz və orada ürəyinizcə bir konsert verdiniz. Bu gün də Sizə bütün Türk dünyasının birləşməsi qeyri-mümkünmüş kimi görünə bilər. Amma 2023-cü ildə bütün imkansızlıqların sovrulub, getdiyini görəcəksiniz. Yetər ki, biz davamıza sahib çıxaq.
Sizə yaşadığım bir hadisəni danışım. Mənim prezidentliyim dövründə bəzi rus balıqçıları icazəsiz olaraq Azərbaycan sularına girmişdilər. Təhlükəsizlik güclərimiz tərəfindən həbs edilmişdilər. Rusiya dövlət başçısı Boris Yeltsin mənə zəng elədi. Hər zamankı alışqanlığıyla amiranə danışdı: “Həbs edilən balıqçılarımızı dərhal azad edin”. Mən güldüm, “Boris Yeltsin, sən indi mənimlə Rusiya prezidenti olaraq danışırsan, yoxsa köhnə yoldaşım kimi zəng eləmisən?” deyə soruşdum. Boris Yeltsinin cavabı belə oldu: “Rusiyanın dövlət başçısı olaraq danışıram!”.

Cavab verdim ki, “mən də Azərbaycanın dövlət başçısı olaraq danışıram və sizin balıqçıları buraxmayacağıq! Başa düşdün?” Bunu deyib, dəstəyi asdım. Az sonra, Boris Yeltsin təkrar zəng elədi:
– Elçibəy, səndən köhnə dostun olaraq xahiş edirəm, balıqçıları azad edin.
– Bax indi oldu, Boris! – dedim.
Rus balıqçılarını azad etdik.
70-80 min rus əsgərini Azərbaycandan mən çıxartdım. Rus gəmilərini bizim sularımızdan mən uzaqlaşdırdım. Dünən, bəziləri bu işlərə, “olmaz, mümkün deyil” kimi baxırdılar. Olmaz deyilən işlərin olduğunu gördülər. Bu gün, böyük Türk birliyinə “olmaz” deyənlər sabah, Türk Birliyinin olduğunu görəcəklər.

Mərhum prezidentin bu çıxışı mənə bir hadisəni xatırlatdı:
– Bəy, mən Elazığlıyam. Bir zamanlar Harput ləhcəsini araşdırdım. Əvvəl 700-ə yaxın söz tapdım. Sonra bu sözlərin sayı mini keçdi. Gördüm ki, bu sözlər Kərkük və Azərbaycan torpaqlarında da eynilə bizdəki kimi danışılan, yaşayan sözlərdir. Sonra Elçibəyyə dedim ki, “bəy, biz də Azəri əsilliyik. Mənim anamın nənəsi Qubadan Türkiyəyə gəlmişdir. Ona həmişə Qubalı Fəridə xanım deyərdilər.

“Biz də Azəri əsilliyik” ifadəmə Elçibəyin acığı tutdu:
– “Azəri” ifadəsi səhvdir, Fatih bəy. Yer üzündə bir Türk milləti vardır. Azərbaycan bir coğrafiya adıdır. Azərbaycan coğrafiyasında ruslar da doğulub yaşayır, ermənilər də, yəhudilər də, gürcülər də. Amma onlar Türk deyil. Azərbaycan torpağında doğulub-yaşayan başqa millətlər də özlərinə “Biz Azəriyik” deyə bilərlər. Bu baxımdan, bizlər “Azərbaycan Türkləriyik!” deməliyik.
Elçibəy, indi sizə söylədiklərimi danışarkən, çox həyəcanlanırdı. Bir an baş həkim Nüsrət Akyürəklə göz-gözə gəldik. Sanki mənə “xəstəmizi çox həyəcanlandırmayaq” demək istəyirdi. Mərhum Elçibəydən sağollaşmaq üçün icazə istədim. Birlikdə ayağa qalxdıq. Bu zaman ömrüm boyu unutmayacağım bir hadisəyə şahid oldum. Elçibəy çiyinlərimi ovucları arasına aldı. Nəsə söyləmək istəyirdi, amma söyləyə bilmirdi. Baş həkim Elçibəyin üzünə diqqətlə baxırdı. Bizə “Otağı tez boşaldın!” dedi. Xəstəxananın birinci mərtəbəsinə enərək nəticəni gözləməyə başladıq. Köməkçisi Əli Mürsəloğlu aşağı endi. Üzünə baxdım. Bir faciənin izləri yox idi. Demək Elçibəyin səhhəti düzəlmişdi. Əli bəy “Elçibəy sizi yola salmaq üçün aşağı enəcək” dedi.

Doğrusu çaşdım:
– Əli bəy, belə olmaz. Elçibəy xəstə halıyla aşağıya necə enər? Siz məni burada görməmiş olun. Gedin Elçibəyə deyin ki, “endim aşağıya Fatih Qısabarmaqı görə bilmədim”.
Əli bəy də anlayışlı davrandı. “Yaxşı” deyərək, yuxarı çıxdı.
Təvazökar, özündə bu qədər gözəllikləri yaşadan bir başqa prezident düşünə bilmirəm. Millətimizin şərəfli, zadəgan, bu idealist övladına min rəhmət olsun!

Qaynarxett.az