backend

Xalq artisti RASİM BALAYEV: “45 YAŞIMDAN SONRA ÖMRÜM BOŞA GETDİ”

Xalq artisti RASİM BALAYEV: “45 YAŞIMDAN SONRA ÖMRÜM BOŞA GETDİ”

Xalq artisti Rasim Balayev: “İndi Rüstəm İbrahimbəyovun əsərindən danışırlar, amma adını çəkmirlər...”

“Qalsaydım, bəlkə də indi Türkiyənin ən məşhur aktyorlarından biriydim...”

“Mənim yaşıdlarım demək olar ki, o mühitdən tamam uzaqlaşıblar, yeniləri də məni tanımır...”

“Kino biznesi deyilən anlayış bizə hələ də gəlib çatmayıb...”


Son vaxtlar kimsə onun “bostanını daşlayır”, gah da o, kiminsə qarasına danışır. Əvvəlki həlim xasiyyət, təmkinli Rasim Balayevdən əsər-əlamət yoxdur indi. Tez qıcıqlanır, tez əsəbiləşir. Əslində gərginliyinin səbəbi bəllidir. Amma bir də bunu onun öz dilindən eşidək...

KAMERA GÖRƏNDƏ XOŞBƏXT OLURAM

- Son zamanlar müsahibələrinizdə bir aqressiya hiss olunur. Bu, içinizdəki yaradıcı potensialı gerçəkləşdirə bilməməkdəndir, yoxsa, başqa səbəb var?

- Əsas səbəb işsizlikdir. Bayaq televiziyaya müsahibə verdim, özünüz də gördüz, necə məmnun idim. Mən kamera görəndə xoşbəxt oluram. Çünki həyatımın qırx ili kamera qabağında keçib. Düzdür, indi də dəvət edirlər. Amma elə şeylərə çağırırlar, mən getmirəm. Nəyi mən istəyirəm, o, yoxdur. O aqressiya ki var, hiss eləmisiz, bax, buna səbəb odur. Axır illər, 45 yaşımdan sonra ömrüm boşa getdi. Mənim o illərə heyfim gəlir. Cavanlıqda çəkilirdim, bu başqa, amma indi təcrübəm daha çoxdur, yaşa dolmuşam. Həyata başqa cür baxıram. Di gəl, indi də yaxşı iş yoxdur. Bunların hamısı adamın əsəblərinə təsir eləyir. Elə bir dərddir, heç kimə də deyiləsi deyil. Bir adamdan asılı olsa, gedib deyərsən, o da düzəldər....
... Neynim ki, bu gün sənət mən dediyim kimi deyil. Bunun da çoxlu səbəbləri var... Ssenari qıtlığı bir dərd, rejissor işi bir başqa... Hələ texnika, aktyor oyunu bunları demirəm. İndiki filmlərə saatlarla baxırsan, fikirləşirsən, bu adam bunu niyə çəkib? Hər bir əsərlə nəsə demək olar. Balaca hekayəylə də, romanla da, şerlə də. Müəllifin bir ideyası, bir fikri olmalıdır tamaşaçıya desin. Bu yoxdursa, bunu niyə çəkirsən? Heç bilmirsən nə demək istəyir...

TAMAŞAÇI BUNU GÖRMÜRSƏ, NİYƏ ÇƏKİRSƏN?

- 10 il qabaq kinomuza milli sifət axtarırdıq, indi də deyirik, bu sənətin biznesini yarada bilmədik, üstəlik özünü də itirdik...

- Təəssüf ki, elədir, indi bizdə kino da çatmır, biznesi də. Yaxşı kinonun biznesi də olur. Baxımlı film çəksən, bunu alırlar. Yaxşı olmayandan sonra onu niyə alsınlar. Bu gün Amerika film çəkir. 50-100 qat onun qazancı olur. Niyə? Çünki yaxşı çəkir, kino biznesi deyilən anlayış bizə hələ də gəlib çatmayıb...

- Kino simaları kinodan, operadakılar vokalçılardan, teatrdakılar ssenarilərdən, tamaşaçı isə hamınızdan narazıdır...

- Bilirsiz, mən də sizin kimi - tamaşaçı kimi baxıram. Yadımdadır, Opera Teatrında yaxşı tamaşa qoyulanda, yaxud “Azdrama”da yaxşı premyera olanda camaat bayram eləyirdi. Hamı “paradnı” geyinib gəlirdi, ibrət götürürdü. Çoxlu əl çalırdı. İndi o şeylər yoxdur. İndi kino çəkirlər, bir dəfə hansısa kanalda göstərirlər. Bir dəfə də uzağı Nizami kinoteatrında təqdimat eləyirlər. Vəssalam. Məndən elə hey soruşurlar, a balam, sizdə axır vaxtlar kino çəkmirlər? Deyirəm çəkirlər, ildə üç-dörd dənə. Deyirlər, bəs, hanı? Çəkirlərsə, niyə görünmür. İstehsal eləyirsənsə, gərək bunun istehlakçısı da ola. Prokatın yoxdursa, tamaşaçı bunu görmürsə, niyə çəkirsən, çəkmə də!...

OPERASI DA BU GÜNDƏDİR, KİNOSU DA, TEATRI DA...

Bu gün onların heç biri yoxdur, operası da bu gündədir, kinosu da, teatrı da... Düzdür, bu yaxında eşitdim “Azdrama”da “Ölülər”i qoyublar, sevindim. Ordakı müəlliflərə baxın. Kimdir ey onlar... Vaxtilə Cəfər Cabbarlı, Hüseyn Cavidin əsərlərinin qoyulduğu teatra baxın. Yaxşı, onlar yoxdur, heç olmasa İlyas Əfəndiyevdən nəsə qoyun. Belə olmaz axı...

MƏNİM ÜRƏYİM AĞRIYIR

-Bəlkə narazı sənət adamları bir araya gəlib bunu bir petesiyaya çevirəsiz...

-Adamlar var, nəyinsə xatirinə deyirlər, “əla”, “ideal”, “genialna”. Elə deyil axı... Vallah elə deyil. Mən olanı deyirəm. Fakt belədir. Elə bilirsiz, mənım xoşuma gəlir belə demək? Mənim də ürəyim ağrıyır. Amma mən səlahiyyət sahibi deyiləm. Pensiyada olan adamam. Ola bilər, bu söhbətimi kimsə eşidib inciyəcək. Deyəcəklər, pensiyaçı adamdır, danışır da özüyçün. Halbuki, özümə görə demirəm. Mənim üç-beş, pis-yaxşı, nə rolum olub, olub. Camaat da bəyənib. Kinoda belə bir söz var, “uxodyaşiy obyekt”, indi mən ondanam. Amma bu işə canı yanan adam kimi deyirəm ki, bu, elə belədir. Bununla məşğul olmalı səlahiyyətlilər var, amma məşğul olmurlar. Olurlarsa da, görünmür. Onlar bu işə ironiya ilə baxırlar. Öz aramızdır, keçmişdə sənət adamından bir müsahibə alanda onu müzakirə edirdilər. Yığıncaq keçirirdilər. İndi danışanda deyirlər, qoy danışsın, bekar adamdır. Mən də ha deyirəm danışmayım, amma özümü saxlaya bilmirəm...

SƏNƏT EŞQ TƏLƏB EDİR

- Səlahiyyət deyirsiz. Amma siz də uzun müddət kino qurumuna rəhbərlik eləmisiz...

- Mən onda da sən deyən səlahiyyət sahibi deyildim. Demirəm ki, bu, tək nazirdən, ya kino şöbəsindən asılıdır, yox. Bu, qlobal temadır. Burda gör nə qədər sənət gedir. Dramaturgiya, aktyorların yetişməsi... Bu gün yaxşi aktyor yetişdirə bilmirlər. Deyəcəm, institut müəllimlərinin acığına gələcək. Bu gün sənət ali məktəblərinə seçim düzgün deyil. Konservatoriyadır, İncəsənət Akademiyasıdır, bura istedada görə adamı götürməlidirlər. Yadımdadır, bir dəfə məni qəbula çağırdılar. Üç-dörd ümidverici gəncı qiymətləndirdik. Sonra bildim ki, onlar yoxdur. Orda gəlib təsadüfi adamlar oturub. Belə şəkildə sənət düzəltmək olmaz. Sənət məcnunluq istəyir, eşq tələb edir. Əgər o yoxdursa, onda çətin olacaq. Bununla tək məmurlar bacara bilməz. Bununçün simpoziumlar keçirilməlidir. Prezident Aparatından, yaxud belə qurumlardan səlahiyyətli adamlar buna əncam çəkməlidirlər.

AMALİYA PƏNAHOVANIN TEATRI BİNASİZ QALIB

- Bir ara bu məsələlərlə bağlı millət vəkili də olmaq istəyirdiniz. Amma sonra vaz keçdiniz...

- “Vaz keçdin” deyəndə, qoydular ki? İmkan vermədilər...

- Kim?

Əlini yelləyir. Bu suala cavab vermək istəmir. Biz də israr eləmirik...
- Orda vardı da biri... Amaliya Pənahova. Elə hey deyirdi... Odu ey, indi öz teatrı qalıb binasız. O neynəyə bildi?!

RÜSTƏM İBRAHİMBƏYOVLA HAQQI-SALAMI NİYƏ KƏSİM Kİ...

- Sizi Rüstəm İbrahimbəyova görə də qınadılar. Ona hücumlar olanda dəstək vermədiniz deyə...

- Yəqin onu deyənlər özləri Rüstəm İbrahimbəyovdan acığı gələn insanlardır. Nooldu, indi Rüstəmə qahmar çıxırlar?

- İndi Rüstəm müəllimlə münasibətiniz varmı?

- Yox.
- Niyə bəs? Haqqı-salamı kəsmisiz?

- Yox, niyə ki... Qardaşının, Maqsud İbrahimbəyovun hüzründə getmişdim. Dedilər, bir gün əvvəl qayıdıb Moskvaya. Görüşə bilmədik.

- O vaxtlar siz, Rafiq Hüseynov, Baba Vəziroğlu, Rüstəm İbrahimbəyov tez-tez bir yerdə görünürdüz.

- Hə. Bir yerdə işləyirdik. Amma bizim orda ancaq kino haqda söhbətlərimiz olurdu. Yəni heç bir siyasi məsələni müzakirə eləmirdik...

RÜSTƏM NƏİNKİ AZƏRBAYCANDA, BÜTÜN DÜNYADA MƏŞHURDUR

... Mən ona nə dəstək ola bilərdim?! Onunla heç bir siyasi ilişgim olmayıb. Sənət baxımındansa, düzdür, onun adını çəkmirlər, amma deyim, o, nəinki Azərbaycanda, hətta bütün dünyada məşhur adamdır. Bunu hamı bılır. İndi onun əsərindən danışırlar, amma adını çəkmirlər...

FƏXRƏDDİN MANAFOVUN CAVABI BELƏ OLUB...

- Qabaqlar sizə tez-tez Rusiyadan, Türkiyədən dəvətlər gələrdi. İndi yoxdurmu?

- Bilirsiz, o vaxt mənim münasibətim vardı, çağırmışdılar, mənə dedilər qal, ilboyu işin olacaq. O vaxt artıq bizdə film çəkilmirdi. Qalsaydım, bəlkə də indi Türkiyənin ən məşhur aktyorlarından biriydim... Mən qala bilmədim. Çünki şəxsi problemlərim vardı. Övladlarım institutu qurtarırdı. Onları evləndirmək lazım idi.
Rusiyadaysa o rejissorları ki, mən tanıyırdım, indi onlar yoxdur. Biri var, o Fəxrəddin Manafovla məni “Dronqo” filminə çəkmişdi. Fəxrəddin onu görüb deyib ki, sən film çəkirsən, bizləri niyə çağırmırsan? O da qayıdıb ki, mən həmişə hazıram, Balayevlə də səninlə də işləmişəm, xoşum gəlir. Amma bizim əksər prodüsserlərimiz ermənidir, deyə Bakıdan aktyor cağırmağa imkan vermirlər. İndi də bilirsiz də, prodüsser diktə edəndir. O nə desə, odur. Mənim yaşıdlarım demək olar ki, o mühitdən tamam uzaqlaşıblar, yeniləri də məni tanımır...
... Əşşi, o vaxt məni Arxangelskdə də yolda saxlayırdılar, Vladivostokdan ruslardan məktub gəlirdi. Bizim filmlərimiz prokatla yayılırdı. Bir də görürdün heç tanımadığım rejissor məni dəvət edirdi. Bu gün bizim filmlərimiz Azərbaycandan kənara çıxmır. Ona görə də əlaqə yoxdur.

FUAD POLADOV “AZDRAMA”DAN ACIQ EDİB GETDİ...

- Ana teatrdan incik olan Fuad Poladov, o biri teatrları bəyənməyən Fəxrəddin Manafov özləri üçün Rus Dram Teatrını məkan seçdilər. Siz nə əcəb?..

- Mən rusdilli deyiləm. Fəxrəddin də, Fuad da rusca çox səlist danışırlar. Vaxtilə Fuad acıq edib “Azdrama”dan Rus Dram Teatrına getdi. Aradan illər keçib, indi o, “Azdrama”da da işləyir.
- Rasim müəllim, axı siz teatrın yaxşı vaxtlarında da ora getməmisiz...
- Mənim o vaxtlar kinodan başım ayılırdı ki... İldə üç filmə çəkilirdim. Bakıda tapılmırdım. Orta Asiyadan Moskvaya, ordan nə bilim day hara uçurdum. Tacikistanda, Şimali Osetiyada, Çeçenistanda çəkilirdim. Mənə o vaxt deyirdilər, teatra gəl. Deyirdim, qoy bunu da qurtarım, bunu da bitirim. Deyirdim, nə qədər canımda can var, qoy çəkilim.

İSTƏYİRƏM MƏN DƏ O GÜNLƏRİ GÖRÜM

- Yeri gəlmişkən, o vaxt deyirdilər, sizin, Həsən Məmmədovun tamaşaçıyla canlı ünsiyyətı alınmırmış...

- Mən teatrda bir-iki tamaşa oynamışam. Bir dəfə İblisdə, bir də... Normal aktyor teatrda oynamalıdır, vaxtı olanda kinoya çəkilməlidir. Çünki teatr aktyoru formada saxlayır. Gündəlik trenajdlr, amma baxır hansı əsərdə, hansı rejissurada. Mən bu səbəbdən teatra getməmişəm. Sevdiyim insan, müəllimim Mehdi Məmmədov dəvət elədi, getdim. Tofiq Kazımov rəhmətlik, məni dəvət eləsəydi, gedərdim.

- Tutaq ki, indi Azərpaşa Nemətov dəvət eləsə, gedərsiz?

- Nə bilim vallah. Azərpaşa yaxşi rejissordur, amma... Heyət məsələsi var. Belə danişiram, görürəm aktyorların xoşuna gəlmir. Qabaq beləydi. Deyirdilər, bu gün filankəs oynayır. O filankəsin öz azarkeşləri vardı. Bilet tapılmazdı. “Azdrama”ya abonoment olardı. Kimisə günahlandırmaq istəmirəm. Müxtəlif sənətlərin inkişaf və tənəzzül dövrü olur. Görünür, teatr da bəzi illərdə zəifləyir, bəzi illərdə irəli gedir. Kino da həmçinin...
...Ümidlə yaşayırıq. Düzdür, hərdən deyirəm, bu cür getsə, yəqin ömrümün sonuna qədər filmə çəkilməyəcəm. Razı olaram, epizod da olsa, oynayım. Təki yaxşı əsər olsun. Mənası olsun.
Yenə də gözləyirəm...
...Ümidim var ki, zaman öz sənətkarlarını yetişdirəcək. Bunuçün vaxt lazımdır. Amma istəyirəm mən də o günləri görüm...

Rəna CUMAQIZI, Hurriyyet.org