“AĞSU RAYON PROKURORLUĞU POLİS LEYTENANTI ELÇİN SÜLEYMANOVUN QANUNSUZ ƏMƏLLƏRİNİ ÖRT-BASDIR EDİB” - ŞAMAXI SAKİNİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

gundem / Sosial / Bolge / redaktor 29-12-2018, 22:02
“AĞSU RAYON PROKURORLUĞU POLİS LEYTENANTI ELÇİN SÜLEYMANOVUN QANUNSUZ ƏMƏLLƏRİNİ ÖRT-BASDIR EDİB” - ŞAMAXI SAKİNİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Şamaxı rayonu, Y.Şeydayev küçəsi 12 saylı ünvanda yaşayan Kərimov Ramazan Şərif oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:


“Ağsu Polis Şöbəsinin müstəntiqi, baş leytenant Süleymanov Elçin məndən şikayət vermiş iki nəfər Ağsu şəhər sakininin – Həmidov Əlvan Usub oğlunun və Şahbazov Cəlal Fazil oğlunun ərizəsi əsasında barəmdə qəbul etdiyi saxta və əsassız 01.06.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı bir-iki ay əvvəl mənə rəsmən Ağsu Rayon Prokurorluğu tərəfindən təqdim edilmişdir. Baxmayaraq ki, əsassız və saxta qərar müstəntiq Süleymanov tərəfindən 01 iyun 2018-ci il tarixində qəbul edilmişdir. Bu müstəntiq bizi süründürməçiliyə salmaqla məşğul olmuşdur.

Mən polis müstəntiqi E.Süleymanovun 3 mart 2018-ci ildə bizə qarşı törətdiyi şou xarakterli əməlindən və mənə qohum-əqrəbalarımla birlikdə vurduğu mənəvi və maddi ziyana görə (yaxınlarımızdan xidməti otağında aldığı 2500 manat pulla bağlı) bu ilin iyul ayında Ağsu Rayon Prokurorluğuna şikayət vermişdim. Çox təəssüflər olsun ki, prokurorluğun müstəntiqi də polis müstəntiqi ilə gizli sövdələşərək, onun barəsində yazdığım ərizəni formal araşdıraraq cinayət işinin başlanmasının rədd edilməsi barəsində 15 avqust 2018-ci il tarixli əsassız qərar qəbul edib, iki aydan sonra məcbur olub ünvanımıza göndərmişdir. Həmin qərardan Baş perokurorluğa verdiyim şikayətə də Ağsu rayon Prokurorluğundan təkrarən formal cavab məktubu yazaraq, polis Elçin Süleymanovu haqlı çıxarmağa çalışmışlar.

Amma unudurlar ki, insanlar çörəyi ağızlarına yeyirlər. Belə ki, Ağsu rayon Prokurorluğunun müstəntiqi A.Şəkərəliyev 3 və 4 avqust 2018-ci il tarixlərində əvvəlcə şikayət ərizəmdə qeyd etdiyim müstəntiqə pul vermə faktı üzrə qardaşım Kərimov Orucəlidən yazılı izahat almışdır. Orucəli də izahatında faktı təsdiq edərək yazmışdır ki, polis Elçin Süleymanov Ramazan və Vurğunu 2 sutka həbsdə saxladığı vaxt biz qohum-qardaşlardan tələb etmişdir ki, 10 000 manat pul gətirib çatdırmasalar Ramazan Kərimovun işi ağır olacaq və Gəncə şəhərinə etap olunacaqdır. Ona görə də gecəynən qardaşım qohum-əqrəbadan 1000 manat toplayıb, gətirib polis E.süleymanova xidməti otağında Vurğun Hidayətovun atası Hidayət Hidayətovla birlikdə 2500 manat pul vermişlər. Eləcə də Hidayət Hidayətovdan 4 avqust 2018-ci ildə alınmış izahatda o da təsdiq etmişdir ki, topladığı 1500 manat pulu polis Elçin Süleymanovun otağında ona təhvil vermişdir.

Amma nə baş vermişdir. Ağsu rayon Prokurorluğu müstəntiqinin 15 avqust 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan əvvəl müstəntiq bütün bu izahatlarda yazılanları və izahatı iş materiallarından çıxarıb, evinə aparmışdır. Və qərarda bir cümlə də bu barədə yazmamışdır. Nə də ki, bizə polisin təşkil etdiyi və “Xəzər” TV-nin də canfəşanlıqla lentə aldığı şou proqramında iştirak edən hadisə iştirakçıları olan qohum-əqrəbalarımızdan heç biri istintaqa cəlb edilməmiş və ərizələri alınmamışdır. Eləcə də bizdən sifarişlə şikayət verən qarşı tərəflə də üzləşmə aparılmamış, polis E.Süleymanovla da görüşməyə və üzləyməyə imkan verilməmişdir. Bir sözlə, prokurorluğun istintaqı tam qanunsuz, sifariş əsasında aparılan bir teatr və ədalətsiz, əsassız qərardad qəbul etmişdir. Mənim Baş Prokurorluğa etdiyim iki dəfə şikayətə qarşı da belə arayış vermişlər ki, guya faktlar öz təsdiqini tapmadı. Və uyğun olaraq Baş Prokurorluğun İstintaqa nəzarət İdarəsinin rəis müavini cənab Adil Vəliyev də Ağsu prokurorluğunun saxta və əsassız 15.08.2018-ci il tarixli qəradadına don geyindirmək üçün Baş Prokurorluğa yalan məlumat vermişlər. Görəsən, Ağsu Prokurorluğunu polis leytenantı Elçin Süleymanovu qorumaq üçün Baş Prokurorluğa yalan məlumat verməyə nə vadar etmişdir? Xatırladım ki, polis Elçin Süleymanov yaxşı “işlədiyinə” görə onun vəzifəsini və rütbəsini artıraraq Abşeron rayon Polis İdarəsinə xidmətə göndərmişlər.

Cənab Prezident! Sizdən çox xahiş edirəm ki, mənim polis Elçin Süleymanovla bağlı verdiyim şikayəti ört-basdır etmiş Ağsu rayon Prokurorluğunda deyil, onun digər qonşu rayonlardan birində yenidən araşdırlması və ədalətli qərar qəbul edilməsi üçün göstəriş verəsiniz”.


Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az
Oxunub: 327
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10