backend

ƏLİ MİRƏLİYEV DAHA NƏLƏR DEMƏDİ: "Ayıb olsun yuxarıda oturanların hamısına!”


“Qazın, işığın qiymətinin qaldırılması Azərbaycanı onurğa beynindən vuracaq. İki-üç aya bunun əks-sədasını eşidəcəyik ki, Azərbaycan çökdü. Bunlar Azərbaycanı çökdürmək istəyirlər, başqa məqsədləri yoxdur”
ƏLİ MİRƏLİYEV DAHA NƏLƏR DEMƏDİ: "Ayıb olsun yuxarıda oturanların hamısına!”
Bunu moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev Tarif Şurasının son qərarı haqqında danışarkən deyib.

Əli Mirəliyev Tarif Şurasının son qərarının biabırçılıq olduğunu bildirib:

“Milli Məclisdə oturan deputatlar ayda iki min maaş alırlar, hələ deyirlər ki, azlıq edir, maaşımızı qaldırın. Utanmırlarmı o deputatlar? Kim seçib onları, özləri özlərin seçiblər, yoxsa xalq seçib? Bəs onları seçən xalqın nə gündə olduğunu bilmirlərmi? Qazın, işığın heç köhnə qiymətlərlə pulunu verə bilmirdik. İndi qiymətləri qaldırandan sonra necə verəcəyik?
Camaatı aldadırlar ki, bu, əlillərə, təqaüdçülərə aid deyil, xeyr, yalandır, bu, hamıya aiddir. Çörəyin qiymətini qaldırıb 50 qəpik elədilər, ətin qiyməti 12 manatdır, hələ deyirlər çörək 80 qəpik olacaq. Bu biabırçılıqdır!”

Müğənni sonda qeyd edib ki, belə getsə ölkədə vətəndaş müharibəsi olacaq:

“Bilmirəm mən bunlar nəyə baxırlar, bunu niyə edirlər, məqsəd nədir. Azərbaycanı çökdürürlər, dağıdırlar, milləti müharibəsiz qırırlar. Özləri və qohum - əqrəbaları yuxarıda oturub, ancaq kasıb-kusub qırılacaq. Erməni bu milləti müharibəylə qırırdısa, yuxarıda oturanlar müharibəsiz qıracaq. Cumacaqlar dükan-bazara, aləm qarışacaq bir-birinə, vətəndaş müharibəsi olacaq. Nə istəyirlər axı bunlar camaatdan? Dinc yaşamaq istəmirlərmi? Qaşınmayan yerdən qan çıxartmaq istəyirlər? Ayıb olsun yuxarıda oturanların hamısına!”