backend

Suriya kürdləri Azərbaycana axın edir? - Tahir Süleymandan özəl açıqlama

Suriya kürdləri Azərbaycana axın edir? - Tahir Süleymandan özəl açıqlama










“Bilirsiniz ki, Azərbaycanda turizm yavaş-yavaş inkişaf etməyə başlayır. Son dövrlərdə ərəb ölkələrindən Bakıya və səfalı bölgələrimizə xeyli sayda turist gəlib. Onlar tur firmalarla danışır, viza alır, hotel tutur və gəlirlər, ölkəni gəzirlər, sonra qayıdırlar. Bu ənənə hələ də davam edir. Amma İraq və Suriyadan, Türkiyədən, Livandan kürdlərin İŞİD zülmündən qaçıb Azərbaycana gəlib məskunlaşması,burada günəmuzd işləməsi haqda iddialar təpədən dırnağa qədər cəfəngiyatdır”.

Bu sözləri Politika.Az-a”Azərbaycan kürdləri” İctimai Birliyinin sədri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman Yaxın Şərq ölkələrindən kürdlərin Azərbaycana axın etməsi haqda iddialara münasibət bildirərkən deyib.

Onun fikrincə, bəzi mətbu orqanlar ağlına yox, ağzına gələni yazır: “Azərbaycanın hüquq-mühafizə orqanları Yaxın Şərqdə baş verən qanlı hadisələrə ciddi yanaşır,sərhədlərimizə nəzarət var.

Bu halda kiminsə saxta pasportla Azərbaycanda yaşaması və ya işləməsi absurddur. Keçən il də bu fikirlər səslənmişdi. Bəzi qəzetlər iddia edirdi ki, kürdlər qəsəbələrə yerləşdirilir.

Mən bir neçə qəzetin əməkdaşını Xudat, Şəmkir və Gəncənin bəzi kəndlərinə apardım. Şərt kəsmişdik ki, deyilənlər təsdiqini tapsa jurnalistlərin bütün yol xərclərini özüm çəkəcəyəm. Amma heç biri düz çıxmadı.

Əgər bu gün də bizim bilmədiyimiz nəsə varsa yığışaq gedək, araşdıra, dövlət rəhbərliyinə,Xarici İşlər Nazirliyinə məlumat verək ki,Suriyadan gələnlər burada yerləşirlər”.

T.Süleyman Politika.Az-a qeyd edib ki, Azərbaycanda devalvasiya olub və iqtisadi vəziyyət də qaçqın qəbul etməyə imkan vermir:

“Azərbaycanın özündən vətəndaşlar Avropaya axın edir, ordakı komfort həyatı qoyub bura niyə gəlsinlər? Tamamilə nağıldır və hüquq-mühafizə orqanları hər şeyi nəzarətdə saxlayır”.