backend

Xankəndində də Naxcıvandakı kimi hava limanı olsaydı...- ŞOK FAKT

Xankəndində də Naxcıvandakı kimi hava limanı olsaydı...- ŞOK FAKT

...Bu günlərdə əlimə bir qəzet düşmüşdü, "Xalq qəzeti"nin 4 mart 2017-ci il tarixli sənbə buraxılışı. Orada diqqətimi maraqlı bir yazı cəkdi. Yazının müəllifi Əməkdar jurnalist Qafar Cəbiyevin qələmə aldığı Naxçıvan Muxtar Respublikasının keçmiş Baş Naziri, hazırda Xaçmaz rayon İH-nin Başçısı Şəmsəddin Xanbabayevlə müsahibə belə adlanır: "Blokadadan dünya hava məkanına". Geniş yazıda söhbət 90-cı illərin əvvəlində Naxcıvanda baş verən ictimai-siyasi vəziyyətdən, o dövrün tarixi hadisələrindən bəhs edir. Qeyd edim ki, həmin yazıda mənim diqqətimi daha cox bir tarixi fakt çəkdi. Müəllif qeyd edir ki, o zaman mərkəzdən Naxçıvan ücün nə nəzərdə tutulurdusa Xankəndi ücün də eyni addım atılırdı. Azərbaycanın rəhbərliyi Naxcıvanla Dağlıq Qarabağ arasında balansı qoruyub saxlamaq xətti yeridirdi. Baxmayaraq ki, Naxçıvan ərazisinə, ən başlıcası isə statusuna görə daha üstün idi və Dağlıq Qarabağla eyni sırada durmamalı idi. Nəzərə almırdılar ki, Naxçıvan axı, həm də xarici dövlətlərlə həmsərhəd olan bir məkandır.


Söhbət 1989-cu ildən gedir. Naxcıvanda böyük cəhdlə hava limanının tikintisi gedirdi.
O zaman Naxçıvan hava limanının yenidən qurulması məqsədi ilə yaradılan xüsusi Qəragahın rəhbəri, və həmin dövrdə Naxçıvan Şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışmaqla tikinti işlərinə bilavasitə rəhbərlik edən Şəmsəddin Xanbabayev müsahibəsində o günləri belə xatırlayır:

"Oktyabr ayında, çiskinli günlərin birində Qazaxıstandan olan layihəçilər, nəhayət ki, Naxçıvana, birbaşa hava limanında yaratdığımız qərargaha gəldilər. Onlar 6 nəfər idi: 3-ü milliyətcə qazax, 3-ü isə rus idi. Aralarında layihə institutunun baş mühəndisi Gennadi Dmitriyeviç Qovoruxin də vardı. Layihəçilər gələndə biz artıq uçuş zolağının yarıdan çox hissəsinin tikintisini başa çatdırmışdıq. Qonaqları “Təbriz” mehmanxanasında yerləşdirib necə lazımdırsa, qulluq göstərdik. Onlar Naxçıvanda işlərini yekunlaşdırdıqdan sonra qatarla Bakıya, oradan da Xankəndiyə gedəcəklərini bildirdilər. Dedilər ki, Xankəndidə də eyni ilə Naxçıvandakı kimi iri tutumlu təyyarələri qəbul edən hava limanı layihələndirmək barədə tapşırıq alıblar. Mən də yarızarafat, yarıciddi şəkildə,--bəlkə, heç oraya getməyəsiniz,--dedim. Layihəçilərin rəhbəri Qovoruxin bildirdi ki, Azərbaycan Mülki Aviasiya İdarəsindən rəsmi müraciət var. Odur ki, biz oraya gedərək vəziyyəti yerində öyrənməliyik. Mən onlara izah etdim ki, indi Xankəndidə iri tutumlu təyyarələr üçün hava limanı tikmək vaxtı deyil. Görmürsünüz, Ermənistanda azərbaycanlıların başına nə oyun açdılar?! Görmürsünüz, Qarabağ erməniləri hər yandan bizə qarşı necə ədavət və düşmənçilik xətti yeridir?! Bir sözlə, mən istəmirəm ki, indiki halda Xankəndidə hava limanı tikilsin və bunun üçün hər şeyə hazıram.
Mənim bu sözlərimdən sonra onlar bir anlığa bir-birinin üzünə baxdılar və kənara çəkilərək nəsə pıçıldaşdılar. Sonra da bizə yaxınlaşaraq, qoy, hələ bir Xankəndiyə gedək, oradan qayıdanda rəyimizi sizə bildirərik dedilər. Mən layihəçilərlə bu söhbəti edəndə Əli Abbasov, Mehrac Bağırov və əvvəllər Şərur Rayon Partiya Komitəsinin birinci katibi olmuş, o zaman isə Naxçıvan kommunal təsərrüfatı naziri işləyən Tahir Əliyev də yanımızda idi. Yaxşı yadımdadır, o zaman, hətta Tahir Əliyev üzünü mənə tutaraq “Şəmsəddin, odla oynayırsan,” – dedi. Mən isə “nə olur -olsun, daha bundan o yanı yoxdur. Lazım gələr, hər şeydən keçərəm. Bundan sonra M.Qorbaçov və Ə. Vəzirov kimi satqın şəxslərin lideri olduğu partiyanın sıralarında qalıb nə edəcəyik?!” – dedim.
Axşam layihəçilər qatarla Bakıya, oradan da Xankəndiyə getdilər. İki gün sonra onlarla yenidən Naxçıvanda, hava limanındakı qərargahda görüşdük. Hamısının üzü gülürdü. Sən demə, Xankəndidə onları olduqca pis qarşılayıblar. Nə şəhər partiya komitəsində, nə vilayət partiya komitəsində, nə də vilayət XDS İcraiyyə Komitəsində rəsmilərdən heç kəs onları nə qəbul edib, nə də bir stəkan çay təklif edib. XDS İcraiyyə Komitəsində görüşdükləri ağsaçlı yaşlı bir erməniyə ətrafdakı dağlar imkan vermədiyindən Xankəndidə iri təyyarələr üçün hava limanı layihələndirməyin qeyri-mümkünlüyünü bildirdikdə isə, həmin şəxs “necə bilirsiniz, elə də edin” - deməklə onları yola salıb. Bunları danışa-danışa Qolubovets layihəçilərin yekun rəyini dedi: “Yoldaş Xanbabayev, bizim layihəmiz əsasında heç vaxt orada hava limanı tikilməyəcək”. Mən layihəçiləri mükafatlandıraraq Qazaxıstana yola saldım. Beləliklə, də Xankəndidə hava limanı məsələsi gündəmdən çıxmış oldu."

Hörmətli oxucu!
Beləliklə, bu gün də Xankəndidə, təəssüf ki, nəzarətimizdən kənarda olan bir şəhərimizdə, hava limanı iri tutumlu təyyarələri qəbul edə bilmir. İndi özünüz təsəvvür edin, Xankəndində də Naxcıvandakı kimi hava limanı olsaydı Azərbaycanı hansı fəlakətlər gözləyirdi. Bu hava limanının tikintisinin qarşısı o vaxt alınmasaydı, hansı daha ciddi problemlərlə üzləçəcəyimiz heç kimə sirr deyil. Xalqına və millətinə baglı olan, dar günündə də onunla birlikdə addımlayan Şəmsəddin Xanbabayev kimi Vətən ogullarının təəssübkeşliyi, igidliyi, üzaqgörənliyi sayəsində ölkəmizə olan real təhlükə beləcə aradan qaldırıldı.

Qəribə də olsa, bu məsələ bu vaxtadək mətbuatımızda işıqlandırılmayıb. Vətənə, dövlətə və xalqa sədaqətini əməli işi ilə daim təsdiqləyən Şəmsəddin müəllim, hamıya bəlli olan bu və o dövrdə hamıdan çox şahidi olduğu bir çox başqa məsələlər haqda təvazökarlıqdan çox təsadüfi hallarda müsahibə verir. Bu faktlar isə gələcək nəsillərə dəqiq çatdırılmalı məsələlərdir. Və çox yaxşı olardı ki, bütün bunlar xalqımızın xilaskarı, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əlirza oğlu Əliyevlə Naxçıvanın ən ağır dövrlərində çiyin-çiyinə çalışmış, onun silahdaşı və Naxçıvan hava limanının özü kimi Ulu Öndərin yadigarı olan Şəmsəddin Xanbabayev kimi dövrün canlı şahidi tərəfindən, yəni, dəqiq, təhrif olunmadan çatdırılsın. Belə insanlara bizim, xüsusən də cəmiyyətimizin güzgüsü olan mətbuatımızın böyük ehtiyacı var.

Qaynar.tv