backend

YAZİ


Oktyabr ayında, çiskinli günlərin birində Qazaxıstandan olan layihəçilər, nəhayət ki, Naxçıvana, birbaşa hava limanında yaratdığımız qərargaha gəldilər. Onlar 6 nəfər idi: 3-ü milliyətcə qazax, 3-ü isə rus idi. Aralarında layihə institutunun baş mühəndisi Gennadi Dmitriyeviç Qovoruxin də vardı. Layihəçilər gələndə biz artıq uçuş zolağının yarıdan çox hissəsinin tikintisini başa çatdırmışdıq. Qonaqları “Təbriz” mehmanxanasında yerləşdirib necə lazımdırsa, qulluq göstərdik. Onlar Naxçıvanda işlərini yekunlaşdırdıqdan sonra qatarla Bakıya, oradan da Xankəndiyə gedəcəklərini bildirdilər. Dedilər ki, Xankəndidə də eyni ilə Naxçıvandakı kimi iri tutumlu təyyarələri qəbul edən hava limanı layihələndirmək barədə tapşırıq alıblar. Mən də yarızarafat, yarıciddi şəkildə,-- bəlkə, heç oraya getməyəsiniz,--dedim. Layihəçilərin rəhbəri Qovoruxin bildirdi ki, Azərbaycan Mülki Aviasiya İdarəsindən rəsmi müraciət var. Odur ki, biz oraya gedərək vəziyyəti yerində öyrənməliyik. Mən onlara izah etdim ki, indi Xankəndidə iri tutumlu təyyarələr üçün hava limanı tikmək vaxtı deyil. Görmürsünüz, Ermənistanda azərbaycanlıların başına nə oyun açdılar?! Görmürsünüz, Qarabağ erməniləri hər yandan bizə qarşı necə ədavət və düşmənçilik xətti yeridir?! Bir sözlə, mən istəmirəm ki, indiki halda Xankəndidə hava limanı tikilsin və bunun üçün hər şeyə hazıram.

Mənim bu sözlərimdən sonra onlar bir anlığa bir-birinin üzünə baxdılar və kənara çəkilərək nəsə pıçıldaşdılar. Sonra da bizə yaxınlaşaraq, qoy, hələ bir Xankəndiyə gedək, oradan qayıdanda rəyimizi sizə bildirərik dedilər. Mən layihəçilərlə bu söhbəti edəndə Əli Abbasov, Mehrac Bağırov və əvvəllər Şərur Rayon Partiya Komitəsinin birinci katibi olmuş, o zaman isə Naxçıvan kommunal təsərrüfatı naziri işləyən Tahir Əliyev də yanımızda idi. Yaxşı yadımdadır, o zaman, hətta Tahir Əliyev üzünü mənə tutaraq “Şəmsəddin, odla oynayırsan,” – dedi. Mən isə “nə olur -olsun, daha bundan o yanı yoxdur. Lazım gələr, hər şeydən keçərəm. Bundan sonra M.Qorbaçov və Ə. Vəzirov kimi satqın şəxslərin lideri olduğu partiyanın sıralarında qalıb nə edəcəyik?!” – dedim

Axşam layihəçilər qatarla Bakıya, oradan da Xankəndiyə getdilər. İki gün sonra onlarla yenidən Naxçıvanda, hava limanındakı qərargahda görüşdük. Hamısının üzü gülürdü. Sən demə, Xankəndidə onları olduqca pis qarşılayıblar. Nə şəhər partiya komitəsində, nə vilayət partiya komitəsində, nə də vilayət XDS İcraiyyə Komitəsində rəsmilərdən heç kəs onları nə qəbul edib, nə də bir stəkan çay təklif edib. XDS İcraiyyə Komitəsində görüşdükləri ağsaçlı yaşlı bir erməniyə ətrafdakı dağlar imkan vermədiyindən Xankəndidə iri təyyarələr üçün hava limanı layihələndirməyin qeyri-mümkünlüyünü bildirdikdə isə, həmin şəxs “necə bilirsiniz, elə də edin” - deməklə onları yola salıb. Bunları danışa-danışa Qolubovets layihəçilərin yekun rəyini dedi: “Yoldaş Xanbabayev, bizim layihəmiz əsasında heç vaxt orada hava limanı tikilməyəcək”. Mən layihəçiləri mükafatlandıraraq Qazaxıstana yola saldım. Beləliklə, də Xankəndidə hava limanı məsələsi gündəmdən çıxmış oldu.

Yeri gəlmişkən, belə bir məqamı da qeyd edim ki, 80-ci illərdən başlayaraq Azərbaycan rəhbərliyi Naxçıvan MSSR-ə və Dağlıq Qarabağa münasibətdə, hansı yolla olursa-olsun balans yaratmağa çalışırdı. Məsələn, 1985-ci ildə Azərbaycan hökuməti tərəfindən eyni vaxtda həm Naxçıvanda, həm də Xankəndidə trolleybus xətti çəkilməsi plana salındı. Biz trolleybus xəttini çəkdik və bunun üçün lazım olan materialların xeyli qismini məhz İrəvandan alıb gətirdik. Xankəndidə isə bu məsələ reallaşmadı. Bir sözlə, mərkəzdən Naxçıvan üçün nə nəzərdə tutulurdusa, Xankəndi üçün də eyni addım atılırdı. Beləliklə də, Azərbaycanın o zamankı rəhbərliyi ermənilərin səsi çıxmasın, -- deyə Naxçıvanla Dağlıq Qarabağ arasında balansı qoruyub saxlamaq xətti yeridirdi. Baxmayaraq ki, Naxçıvan ərazisinə, əhalisinin sayına, iqtisadi potensialına , ən başlıcası isə statusuna görə Dağlıq Qarabağla eyni sırada durmamalı idi. Nəzərə almırdılar ki, Naxçıvan axı, həm də xarici dövlətlərlə həmsərhəd olan bir məkandır.