backend

Bələdiyyə sədri Qobuda “barmaq basmağa” yer qoymayıb: Yollar, səkilər, yaşıllıqlar belə satılıb…

Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov Qobuda bələdiyyəbalansında olan torpaqlarla yanaşı, bələdiyyəyə aidiyyatı olmayan ərazilərin belə böyük əksəriyyətini müxtəlif işbazlara sataraq külli miqdarda qanunsuz vəsait əldə etməkdədir. Qobu ərazisindəki boş torpaq sahələrinin böyük əksəriyyətini çoxdan pula çevirən bələdiyyə sədri, yolları, səkiləri belə satmaqdan çəkinmir, həmin ərazilərin müxtəlif iş adamları tərəfindən zəbt edilməsinə şərait yaradır. Zəbt olunan ərazilərin bir çoxunun rəsmiləşdirilməsi, həmin torpaq sahələri ilə bağlı ilkin və saxta bələdiyyə sənədlərinin hazırlanması məhz Araz Nəcəfov tərəfindən həyata keçirilib.
 
Bu barədə “Yeni Gundem”-ə göndərilən məqalədə bildirib.

Araz Nəcəfov qəsəbə ərazisində onsuz da az olan yaşıllıq əraziləri də ağına-bozuna baxmadan satır, bəzi hallarda həmin ərazilərdəki yaşıllıqların məhv edərək bu əraziləri satış üçün “hazır vəziyyətə” gətirir. Təsadüfi deyil ki, bələdiyyə sədri etdiyi bunca qanunsuz əməllərə görə dəfələrlə əlaqədar dövlət qurumları tərfindən cərimələnib, onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hüquqi ölçü götürülüb. Elə 2023-cü ilin fevral ayında Araz Nəcəfovun yaşıllıqları məhv etdiyinə görə cərimələnməsi faktını nümunə göstərmək olar.

LİNK:Hökməli və Qobu bələdiyyə sədrləri barəsində inzibati protokollar tərtib edilib

Ancaq bütün bunlara baxmayaraq bələdiyyə sədri öz qanunsuz əməllərindən əl çəkmək niyyətində deyil.

Araz Nəcəfovun harınlığı o həddə çatıb ki, bələdiyyə sədri şəhid ailələri və veteranların ona ünvanlanan müraciətinə belə cavab vermək zəhmətinə qatlaşmaq istəmir. Bələdiyyə sədri nümayişkəranə şəkildə bildirir ki, o, ancaq “yuxarılar” qarşısında öhdəlik daşıyır, ancaq onların suallarını cavablandırır.

Araz Nəcəfovun qanunsuz əməlləri, vətəndaşlara olan yekəxana, saymazyana münasibəti insanların ciddi narazılığına səbəb olmaqdadır. Vətəndaşlar hesab edir ki, əgər Araz Nəcəfov qanunsuz əməllərinə görə layiqli cəzasını almasa, bu, qəsəbə ərazisində çoxlu sayda yeni qanunsuzluqların ortaya çıxmasına gətirib çıxaracaq, insanlaırn bələdiyyədən olan narazılığı daha da artacaq.

Gələn yazılarımızda sizi bələdiyyə sədrinin çoxsaylı qanunsuz əməlləri haqqında detallı şəkildə məlumatlandıracağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq: