Son dəqiqə
» » Azay Quliyev hökumətə iki təklif verdi

Azay Quliyev hökumətə iki təklif verdi

16.11.2026, 16:04 62 1 dəq oxunur
16 noyabr 2026-cı il tarixində Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev çıxış edib.

Qaynarxett.az xəbər verir ki, deputat çıxışında gələn ilin dövlət büdcəsinin əsas prioritetlərinə toxunaraq, qeyri-neft gəlirlərinin artmasını və regionların yerli gəlirlər hesabına öz xərclərini qarşılamaq imkanına malik olmasını mühüm iqtisadi nailiyyət kimi qiymətləndirib.
Azay Quliyev bildirib ki, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60 faizdən çoxunun qeyri-neft gəlirləri hesabına formalaşması son 20 ildə ilk dəfə qeydə alınacaq. Eyni zamanda, Dövlət Neft Fondundan transfertin əvvəlki illə müqayisədə 935 milyon manat azaldılmasını büdcənin dayanıqlılığının gücləndirilməsi baxımından müsbət addım adlandırıb.
Deputatın diqqət çəkdiyi digər məqam isə 2027-ci ildə şəhər və rayonlara dövlət büdcəsindən dotasiya ayrılmayacağı ilə bağlı olub. Onun sözlərinə görə, yerli xərclərin yerli gəlirlər hesabına qarşılanması ölkədə aparılan iqtisadi islahatların nəticəsidir.
Çıxışında sosial məsələlərə də toxunan deputat şəhid ailələri və qazilər üçün 600 mənzilin alınmasına, həmçinin Prezidentin nəzərdə tutduğu sosial paketin icrasına vəsait ayrılmasını müsbət qiymətləndirib. O, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsinin, müdafiə qabiliyyətinin gücləndirilməsinin, təhsil və səhiyyənin inkişafının büdcənin əsas prioritetləri sırasında saxlanılmasının vacibliyini vurğulayıb.
Azay Quliyev çıxışında hökumətin diqqətinə iki konkret təklif də çatdırıb.
Birinci təklif ölkədə fəaliyyət göstərən 35 “Gənclər Evi”nin maliyyələşdirilməsi ilə bağlı olub. Deputat hesab edir ki, gənclərin ideoloji təsirlərdən qorunması, milli birliyin və dövlətçilik maraqlarının müdafiəsi istiqamətində bu müəssisələrin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Bu məqsədlə “Gənclər Evi”nə ayrılan illik 5,3 milyon manatlıq büdcəyə yenidən baxılmasını təklif edib.
İkinci təklif isə Bakı şəhərində sovet dövründə inşa edilmiş kooperativ binaların təmiri ilə bağlıdır.
Deputat bildirib ki, dövlət balansında olmayan bu binalar dam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin təmiri üçün ayrılan dövlət vəsaitindən yararlana bilmirlər. Onun fikrincə, problemin həlli üçün ya həmin binalar dövlət balansına keçirilməli, ya da onların təmiri üçün birdəfəlik maliyyə vəsaiti ayrılmalıdır. Təmir işləri başa çatdıqdan sonra binaların saxlanılması sakinlərin öhdəliyinə verilə bilər.
Azay Quliyev hər iki təklifin hökumət tərəfindən nəzərdən keçirilməsini xahiş edib.
Deputat çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini və onun lehinə səs verəcəyini açıqlayıb.