Son dəqiqə
» » Binəqədi Rayon Sukanal İdarəsinin rəisi heç bir qurumu saya salmır

Binəqədi Rayon Sukanal İdarəsinin rəisi heç bir qurumu saya salmır

11.11.2026, 14:56 221 1 dəq oxunur
“Binəqədi Rayon Sukanal İdarəsində özbaşınalıq davam edir” başlıqlı tənqidi yazımız saytımızın əvvəlki saylarından birində dərc olunmuşdur. İdarənin yarıtmaz fəaliyyəti nəticəsində mövcud problemlər daha da artmışdır. Su xətlərinin partlaması və sızması nəticəsində içməli suyun günlərlə, aylarla boş yerə axması adi hala çevrilib. Su axınının vaxtında qarşısının alınmaması, evlərin və həyət-bacaların su altında qalması idarə rəhbərini heç də maraqlandırmayıb.

Binəqədi Rayon Sukanal İdarəsinin 1646 nömrəli qaynar xəttinə, ADSEA-nın 955 nömrəli qaynar xəttinə, eləcə də idarə rəisi Dəyanət Seyidəliyev yazılı müraciət edilməsinə baxmayaraq, indiyədək heç bir irəliləyiş əldə olunmayıb. Ana xətdən 15-16 ailəyə gedən su xəttinin üzərindən 10 minlik elektrik kabellərinin tələm-tələsik, necə gəldi, bəzi yerlərdə zədələnmiş kabellərin başdansovdu edən, tez-tələsik torpaqla ört-basdır edən podratçı işıq idarəsinin icraçısının yaramaz əməllərinə göz yuman Dəyanət Seyidəliyev məsələ ilə bağlı ADSEA-ya, Binəqədi Rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasının qaynar xətlərinə belə məhəl qoymur, heç bir müraciəti saya salmır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında məmurların əsas vəzifəsinin xalqa xidmət etmək olduğunu dəfələrlə bəyan edib. Lakin idarə “rəhbəri” bu tövsiyələri də saya salmır. Suyun içində üzən abonentlərin müraciət etmədikləri yer qalmayıb. Yuxarı qurumlar yarıtmaz, öz işinin öhdəsindən gələ bilməyən, vətəndaşlara sonsuz problemlər yaşadan belə bir “idarə rəisi” barəsində nə vaxt qəti qərar qəbul edəcəklər? Açığını qeyd edim ki, bu tənqidi yazını yaramaz, yarıtmaz, vətəndaşlara min bir əziyyət yaşadan, bundan həzz alan “idarə rəisi” haqqında yazıram. Amma bir məsəl var: “Ocaq yanmasa, tüstü çıxmaz”.

Bu gün fərdi evlərə gedən su xətlərindəki sızmalar vətəndaşlara olmazın problemlərini yaşadırsa, sabah həmin su borularının üzərindən keçən, özü də bəzi yerlərdə zədələnmiş yüksək gərginlikli elektrik kabellərinin, eləcə də fərdi evlərə gedən su borularının partlamasının hansı nəticələrə səbəb olacağını indidən təsəvvür etmək heç də çətin deyil. Adi su kollektorunun quraşdırılmaması ucbatından bu problemləri vətəndaşlara bilərəkdən yaşadan, təbiətə borclu olduğumuz ağacların oksigenini udan, eyni zamanda onların da qurumasına səbəb olan Binəqədi Rayon Sukanal İdarəsinin rəisi Dəyanət Seyidəliyev, eləcə də işıq idarəsinin podratçı icraçısı hər an təhlükə mənbəyinə çevrilə biləcək hər hansı hadisə baş verəcəyi təqdirdə məsuliyyətdən yaxa qurtara biləcəklərmi? Kim bilir?

P.S.
Saytmıza Binəqədi Sukanal İdarəsinin yarıtmaz fəaliyyəti ilə bağlı Xocəsən, Sulutəpə qəsəbəsindən çoxlu sayda şikayətlər daxil olur. Ancaq şikayətlərə məhəl qoyulmur. Bu da vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Şözügedən məsələ ilə bağlı əks tərəfin mövqeyini də dinləməyə hazırıq.

Zahid Hüseynli

Qaynarxett.az