Son dəqiqə
» » “Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa çalışmır” – Cavanşir Feyziyev

“Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa çalışmır” – Cavanşir Feyziyev

06.11.2026, 15:24 57 1 dəq oxunur
44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın uzun illər davam edən münaqişəyə son qoymaqla yanaşı, Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqlar formalaşdırmasına imkan yaratdı. Lakin hərbi müstəvidə əldə olunan nəticələrin uzunmüddətli strateji üstünlüyə çevrilməsi daha mürəkkəb və çoxşaxəli proses tələb edir. 
Bu mərhələdə Azərbaycanın qarşısında suverenliyin tam bərpası, regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması və ölkənin tranzit-logistika imkanlarının genişləndirilməsi kimi mühüm vəzifələr dayanır. Qarşıdakı dövr Azərbaycanın hərbi-siyasi uğurlarını diplomatik, iqtisadi və regional əməkdaşlıq müstəvisində hansı nəticələrə çevirə biləcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu və digər məsələlərlə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyev Metbuat.az-ın suallarını cavablandırıb.
Cavanşir bəy, Azərbaycan 44 günlük müharibə ilə ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə bərpa etdi. Müharibədən sonrakı beş ildə bu qələbəni diplomatik, iqtisadi və geosiyasi üstünlüyə çevirmək istiqamətində hansı nəticələr əldə olunub? Qarşıdakı mərhələdə Azərbaycanın əsas strateji hədəfləri nələrdir?
Müharibədən sonrakı dövrdə dövlətin qarşısında duran ən vacib məsələlərdən biri və bəlkə də birincisi müharibə nəticəsində yaradılmış yeni reallığı məğlub tərəfə, eləcə də bütün dünyaya qəbul etdirməkdən ibarət idi. Azərbaycan dövləti bu vəzifəni uğurla yerinə yetirdi. Ermənistan rəhbərliyi və beynəlxalq təşkilatlar müharibənin nəticələrini tanıdılar və yeni status-kvonu qəbul etdilər. Lakin proses bununla tamamlanmır. Qələbəni möhkəmləndirmək və heç bir revanş cəhdinə imkan verməmək üçün döyüş cəbhəsində olduğu kimi, siyasi-diplomatik, hərbi, iqtisadi müstəvilərdə və informasiya cəbhəsində də bu nəticələri tanıtdırmaq və qəbul etdirmək lazımdır.
Azərbaycan müharibədən sonrakı dövrdə bir tərəfdən beynəlxalq müstəvidə özünün qalib obrazını qorumaqla bərabər, digər tərəfdən hələ də nəzarət etmədiyi ərazilərdə öz suverenliyini bərpa edə bildi. Bununla da artıq bölgədə hadisələrin sonrakı axarını dəyişməyə cəhd göstərən xarici müdaxiləçilərin planları qəti şəkildə iflasa uğradıldı. Məhz bu hadisədən sonra Ermənistan havadarlarının ümidləri tamamilə qırıldı və Azərbaycana qarşı qarayaxma kampaniyaları səngiməyə başladı.
Daha dərin köklərə malik olan 30 illik münaqişənin bu şəkildə sona çatması Azərbaycanın dünya siyasi-iqtisadi sistemindəki rolunu və nüfuzunu nəzərəçarpan dərəcədə artırdı. Artıq dünya mətbuatında və qlobal siyasi gündəlikdə Azərbaycanın adı “dondurulmuş münaqişə” ilə bağlı yox, qlobal və regional miqyaslı geoiqtisadi layihələrin icrası ilə bağlı çəkilməyə başladı. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artması deməkdir.
Qarşıdakı mərhələdə Ermənistanla münasibətlərin tənzimlənməsi və diplomatik münasibətlərin qurulması, Zəngəzur dəhlizinin açılması, Orta Dəhliz konsepsiyası çərçivəsində iri həcmli layihələrin icrası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-tranzit marşrutlarının inkişaf etdirilməsi kimi məsələlər Azərbaycanın əsas strateji hədəfləridir və bu hədəflərə nail olunacağı da şübhəsizdir.
Zəfərdən beş ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Məlumdur ki, bunun üçün əsas şərtlərdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Bu prosesin uzanması fonunda Azərbaycanın sülh gündəliyi nə dərəcədə Ermənistanın daxili siyasi qərarlarından asılı qalmalıdır? Bakı hansı alternativ diplomatik mexanizmlərdən istifadə edə bilər?
Azərbaycanın sülh gündəliyi birmənalıdır və heç vaxt irəli sürdüyü tələblərdən geri çəkilməyəcək. Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın atmalı olduğu addımlar məhz Azərbaycan tərəfindən müəyyən olunub. İndi Ermənistan özünün “ev tapşırığını” yerinə yetirməlidir.
Ermənistandakı daxili ictimai-siyasi durum kifayət qədər ziddiyyətlidir və bu, xarici müdaxilə cəhdləri ilə birbaşa bağlıdır. Ona görə də Ermənistan siyasi hakimiyyəti ilk növbədə ölkəyə xarici təsir rıçaqlarını aradan qaldırmalı və məhz erməni xalqının maraqlarına uyğun şəkildə ilk baxışda çox da populyar görünməyən siyasi qərarlar qəbul etməlidir. Bunlara əsasən Ermənistan Konstitusiyasına və dövlət rəmzlərinə dəyişikliklər edilməsi, Azərbaycana və Türkiyəyə qarşı bütün iddialardan imtina edilməsi kimi məsələlər daxildir. Görünən odur ki, hazırda Ermənistan hakimiyyəti bu istiqamətdə adekvat addımlar atır.
Bu məsələlərə yanaşmada Bakının atdığı addımları alternativ yox, paralel adlandırmaq daha doğru olar. Çünki Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa və məğlub tərəfə daha çox təzyiq göstərməyə çalışmır, əksinə, de-fakto sülh şəraitini qəbul edir. Üstəlik, faktiki sülhü möhkəmləndirmək üçün Ermənistanın xeyrinə birtərəfli qaydada güzəştli yanaşma nümayiş etdirir.
Ermənistana yanacaq və digər məhsulların ixracı, üçüncü ölkələr tərəfindən Ermənistana göndərilən yüklər üçün Azərbaycan ərazisindən tranzit yolların açılması hələ sülh müqaviləsi olmadan baş verir. Bütün bunlar Azərbaycan tərəfindən siyasi çevikliyin və sülhə sadiqliyin göstəricisi kimi qəbul olunmalıdır.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sizcə, bu layihənin reallaşması Azərbaycanın iqtisadi və geosiyasi mövqeyinə hansı konkret üstünlükləri qazandıracaq?
Zəngəzur dəhlizinin açılması müharibənin dayandırılmasını şərtləndirən əsas tələblərdən biridir və o, mütləq açılmalıdır. Lakin Zəngəzur dəhlizi mövcud olmadan belə, Azərbaycan Cənubi Qafqaz regionunda özünün geoiqtisadi və geosiyasi üstünlüyünü təmin edə bilib.
1991-ci ildən bəri Ermənistan hakimiyyətləri torpaqlarımızı işğal etməklə fəxr etməyə üstünlük verdikləri onilliklər ərzində Azərbaycan Prezidenti ölkəmizdə Cənubi Qafqazın ən böyük iqtisadiyyatını yaradıb, ölkəni hərtərəfli inkişaf etdirib, Orta Dəhliz boyunca lazımi nəqliyyat kommunikasiyalarını tikib, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizini, Bakı-Tbilisi-Qars dəmir yolunu, Ələt Beynəlxalq Dəniz Limanını tikib.
Bütün bunlar qlobal siyasi-iqtisadi sistem çərçivəsində Azərbaycanın mövqeyini kifayət qədər gücləndirib. Zəngəzur dəhlizinin açılması isə bütün görülmüş işlərə əlavə dəyər qazandıracaq bir layihədir.
Bakı-Tbilisi-Qars marşrutuna paralel olaraq fəaliyyət göstərəcək Zəngəzur dəhlizinin önəmli bir özəlliyi onun bütün türk ölkələrinin quru yolları vasitəsilə birləşməsini təmin etməyidir. Bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti misilsizdir və onu heç bir başqa layihə əvəz edə bilməz. Zəngəzur dəhlizi müstəqil türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətləndirilməsi və regional türk birliyinin inkişaf etdirilməsi baxımından unikal və olduqca faydalı bir layihədir.
Tarix göstərir ki, hərbi qələbə avtomatik olaraq davamlı sülh demək deyil. Sülh müqaviləsi imzalandıqdan sonra belə, regionda etimadın formalaşması və təhlükəsizlik təminatlarının yaradılması vacib olacaq. Sizcə, Azərbaycan-Ermənistan münasibətlərində real və uzunmüddətli sülhün təmin olunması üçün hansı mexanizmlər işləməlidir?
Real sülhün və daimi təhlükəsizliyin təmin edilməsi bir sıra amillərlə bağlıdır. Şübhəsiz ki, ilk növbədə sülh müqaviləsinin imzalanması siyasi-diplomatik və iqtisadi-ticari münasibətlərin qurulması üçün əsas formal şərtdir. Amma bu, işin yalnız formal tərəfidir.
Qarşılıqlı etimad quruculuğu postmünaqişə dövrünün çox mühüm mərhələsidir. Etimad quruculuğunu motivləşdirən tədbirlərin sayı və məzmunu kifayət qədər genişdir. Bu, sadə ticarət əməliyyatlarından başlamaqla iş birliklərinin yaradılmasına, regional əhəmiyyətli birgə layihələrin icrasına, eləcə də mədəni-humanitar sahədə əməkdaşlığa qədər geniş sahələri əhatə edə bilər.
Etimad quruculuğunun ən vacib və etibarlı amillərindən biri də etirafdır. Bunun nümunələri çoxdur. Məsələn, müasir Almaniya Federativ Respublikasının Holokostu rəsmi səviyyədə etiraf etməsi Almaniya-İsrail münasibətlərində yeni səhifənin açılmasına şərait yaradıb. Eləcə də bir sıra Avropa dövlətlərinin öz sələflərinin müstəmləkəçilik siyasətinə görə Afrika xalqlarından üzr istəməsi həmin dövlətlərlə qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaranmasını təmin edib.
Hansısa məqamda Ermənistan hökumətinin də Azərbaycan xalqına yaşatdığı faciələri rəsmən etiraf etməsi və üzr istəməsi dövlətlərimiz və xalqlarımız arasında etimadı gücləndirə bilər.