Azman alim-aydınımız, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin müəllifi olduğu “Qərbi Azərbaycanın idman tarixi” kitabının Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən təqdimat mərasimi coşqulu və yaddaqalan oldu.
Zəfərlə dalğalanan Bayrağımızın şöləsində fəxarət, fərəh, qürür və əzəli yurd yerlərimizə qayıdış inamı doğuran bu tədbirdə Turk Ağsaqqalları İctimai Birliyinin təmsilçiləri olaraq (TAİB-in sədr müavini Eyvaz Hünbətov, Təşkilatın İdarə Heyətinin üzvləri Zakir Ağdamlı, İbrahim Yusifoglu, Tapdıq Əlibəyli, Yusif Əlizadə və təsisatın Gənclər Təşkilatlatin sədri Elgün Rustəmli) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin dəvətilə iştirak etdik.
Kitablar da adam kimi,
Kədəri var, sevinci var.
Kitab var ki, qəlb hakimi,
Kəlamında bir inci var.
Kitab haqqında qədimliyi qədərincə müasir səslənən məşhur bir deyim yaddaş aynamda bərq vurur: “Kitablar – zamanın dalğaları ilə səyahət edən və öz qiymətli yükünü nəsildən-nəslə ehtiyatla aparan fikir gəmiləridir”.
Redaktoru olduğum bu dəyərli nəşr Qərbi Azərbaycan əsilli idmançıların zəngin və çoxşaxəli fəaliyyətini sistemli şəkildə əks etdirən, geniş elmi-tarixi mənbələrə əsaslanan irihəcmli tədqiqat əsəridir. Kitabın ən mühüm məziyyətlərindən biri ondan ibarətdir ki, burada ayrı-ayrı idmançıların uğurları ilə yanaşı, bütövlükdə Qərbi Azərbaycanda idmanın təşəkkülü, formalaşması və inkişaf mərhələləri tarixi ardıcıllıqla araşdırılır.
Müxtəlif dövrlərdə ölkə və beynəlxalq miqyasda uğurlar qazanmış idmançıların həyat və fəaliyyət yolunun, nailiyyətlərinin, Azərbaycan idmanının inkişafına verdikləri töhfələrin elmi əsaslarla işıqlandırılması əsərin əhəmiyyətini daha da artırır. Çünki idman tarixi, əslində, yalnız rekordların, medalların və qələbələrin tarixi deyil. İdman tarixi həm də vətənpərvərliyin və milli qürurun tarixidir. Bu baxımdan, “Qərbi Azərbaycanın idman tarixi” monoqrafiyası keçmişimizə işıq salmaqla yanaşı, bu günümüz və gələcəyimiz üçün də mühüm mənbə rolunu oynayır. Burada toplanmış faktlar, araşdırmalar və tarixi məlumatlar gələcək tədqiqatçılar üçün etibarlı istinad mənbəyi, gənc nəslin milli-mənəvi tərbiyəsi baxımından isə dəyərli örnəkdir. Əsər, eyni zamanda, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin və xalqımızın zəngin idman ənənələrinin yaşadılması, öyrənilməsi və təbliği istiqamətində əhəmiyyətli töhfədir.
Təbii ki, belə geniş əhatəli, məsuliyyətli və dərin araşdırma tələb edən bir əsərin ərsəyə gəlməsi böyük zəhmət, elmi təcrübə, zəngin mənbələrlə işləmək bacarığı və tarixi yaddaş qarşısında yüksək məsuliyyət tələb edir.
Düşünürəm ki, bu miqyasda bir tədqiqatı məhz Dilqəm müəllim kimi zəhmətkeş, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi olan, elmi axtarışlara bağlı bir alim ərsəyə gətirə bilərdi.
Əminəm ki, bu monoqrafiya təkcə bugünkü oxucular üçün deyil, gələcək nəsillər üçün də öz dəyərini qoruyub saxlayacaq. Zaman keçdikcə belə əsərlərin əhəmiyyəti daha aydın görünür. Çünki tarixi yazmaq qədər onu qorumaq, sənədləşdirmək və gələcəyə ötürmək də böyük məsuliyyətdir. Unudulmamalıdır ki, yazıya alınmayan, araşdırılmayan və gələcək nəsillərə çatdırılmayan tarix yaddaşımızdan silinmək təhlükəsi ilə üz-üzə qala bilər. Dilqəm müəllimin bu əsəri isə məhz həmin yaddaşın qorunmasına xidmət edən dəyərli elmi töhfədir.
Bu məqamda bir xatirəmi də bölüşmək istərdim. İki il əvvəl İdman Akademiyasında Dilqəm müəllimin müəllifi olduğu “Qarabağın idman tarixi” kitabının təqdimat mərasimi keçirilirdi. Tədbirdə müəllifin digər kitabları da sərgilənmişdi. İştirakçılardan biri nəfis tərtibatlı kitablardan birini götürüb mənə göstərərək heyrətlə soruşdu:
-Belə baxıram, Dilqəm müəllimin kitabları məndən ağır olar! Bəs bu cür irihəcmli kitablar yazmaq bir yana, nəfis tərtibatlı kitabları hansı vəsaitlə çap etdirir?
Mən də ona bildirdim ki, Dilqəm müəllim ona təyin olunmuş Prezidentin fərdi təqaüdünün böyük hissəsini kitablarının nəşrinə sərf edir.
Bu xatirəni təsadüfən yada salmadım. Çünki bu, Dilqəm müəllimin elmə, kitaba, milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına necə böyük məsuliyyətlə yanaşdığının bariz nümunəsidir. Belə bir fədakarlıq yalnız elmi fəaliyyətə bağlılığın deyil, həm də ziyalılıq missiyasına sədaqətin ifadəsidir.
Bu əlamətdar kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirir, təqdimat mərasiminin təşkilatçılarına belə mühüm elmi-mədəni tədbirə verdikləri töhfəyə görə dərin minnətdarlığımı ifadə edirəm. Dəyərli alimimiz Dilqəm müəllimə möhkəm cansağlığı, uzun ömür, yeni elmi yaradıcılıq uğurları və qələminin daim iti olmasını arzulayıram. Arzu edirəm ki, onun elmi axtarışlarının işığı bundan sonra da neçə-neçə dəyərli əsərə yol açsın, zəhmətinin bəhrəsi xalqımızın elmi və mədəni xəzinəsini daha da zənginləşdirsin.
Kitab-dəyər qutsallığına köklənmiş bir ovqatla müəllifi ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirəm. İdrak işığınız hər zaman gur olsun, dəyərli ziyalımız, əziz Dilqəm müəllim! Qoy qələminizdən süzülən elm nuru tariximizin qaranlıq qalan səhifələrini işıqlandırsın, milli yaddaşımıza xidmət edən əsərləriniz gələcək nəsillər üçün mənəvi sərvətə çevrilsin.
“Azərbaycan - Tanrı yazan ünvanım” adl şeirimdən iki bəndlə fikrimi tamamlamaq istəyirəm:
Baş nəğməmin nəqəratı - bu torpaq,
Ürəyimin hərarəti - bu torpaq,
Neçə-neçə el həsrəti - bu torpaq...
Azərbaycan - Tanrı yazan ünvanım!
Doğmasına göz yağıdır bu torpaq,
Yağılara göz dağıdır bu torpaq,
Bütöv Vətən ol çağırır bu torpaq!..
Azərbaycan - Tanrı yazan ünvanım!
✍️Tapdıq ƏLİBƏYLİ

[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]