backend

Məzahir Əfəndiyev Ağdaşda müəllimlərlə görüşüb

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayonunun Fikrət Qoca adına Kotanarx və Oruc Hümmətov adına Cardam kənd tam orta məktəblərini ziyarət edib, təhsil işçiləri və ziyalılarla görüşlər keçirib.
Səfər çərçivəsində Kotanarx kənd tam orta məktəbində uşaqlar arasında keçirilən dama yarışının açılışı olub, pedaqoji kollektivlə görüş keçirilib. Cardam kənd tam orta məktəbində isə müəllimlərlə görüşdən sonra məktəb stadionunda siniflərarası mini-futbol üzrə yoldaşlıq oyunu izlənilib.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışında M. Əfəndiyev Azərbaycanın tarixən təhsil, elm və mədəniyyət mərkəzi kimi tanındığını, ölkənin maariflənməsi və təhsil ənənələrinin inkişafında müəllimlərin böyük xidmətlər göstərdiyini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan müəllimləri müxtəlif dövrlərdə savadlı və vətənpərvər nəslin yetişdirilməsinə, elm və mədəniyyətin inkişafına mühüm töhfələr veriblər. Müəllimlər yalnız tədris prosesi ilə deyil, cəmiyyətin intellektual və mənəvi inkişafında da mühüm rol oynayırlar.
Çıxışda 5 oktyabrın UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi qeyd edildiyi, bu tarixin müəllimlərin əməyinə və təhsilin inkişafındakı mühüm roluna diqqət çəkmək məqsədi daşıdığı bildirilib.
Həmçinin Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına, müəllim əməyinə və milli-mənəvi dəyərlərə bağlı nəslin yetişdirilməsinə verdiyi xüsusi önəm qeyd olunub. Bildirilib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilərək regionlarda yeni və müasir məktəblərin yaradılması, təhsil infrastrukturunun gücləndirilməsi, müəllimlərin peşəkarlığının və sosial rifahının artırılması istiqamətində mühüm tədbirlərlə müşayiət olunur.
Sonda M. Əfəndiyev müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb və gələcək nəsillərin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişdirilməsində müəllimlərin mühüm rolunu vurğulayıb.
Görüşlər uşaqlara diplomların təqdim olunması, fikir mübadiləsi və xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.