Son dəqiqə
» » AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

23.11.2026, 14:44 15 1 dəq oxunur
Naxçıvanda sahibkar tikintiyə icazə ala bilmir: Babək Rayon İcra Hakimiyyətində hansı maneələr var?
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavanşir Novruzov redaksiyamıza müraciət edərək üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə kömək göstərilməsi xahişi ilə müraciət ünvanlamağımızı istəyib.
Sahibkarın sözlərinə görə, o, aprelin 15-də Babək rayonunun Badaşqan kəndində mülkiyyətində olan 9,6 sot torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Babək Rayon İcra Hakimiyyətinə müraciət edib. Bildirir ki, tikinti layihəsi tam hazır olsa da, torpaq sahəsinin təyinatı qeyri-yaşayış olduğundan tikintiyə müvafiq icazənin alınması zərurəti yaranıb. Bu məqsədlə tələb olunan sənədləri aidiyyəti quruma təqdim edib.
Lakin onun iddiasına görə, müraciətindən sonra sənədlərinin rəsmiləşdirilməsi istiqamətində heç bir irəliləyiş olmayıb. Hətta digər sahibkarlar ona bildiriblər ki, Babək Rayon İcra Hakimiyyətində məsələni həll etmək üçün müəyyən məbləğdə pul vermədən sənədlərini əldə edə bilməyəcək. Cavanşir Novruzov əvvəlcə bu deyilənlərə inanmadığını, qanuni müraciətinin normal qaydada həll olunacağına ümid etdiyini söyləyir.
Sahibkar iddia edir ki, dəfələrlə Babək Rayon İcra Hakimiyyətinin rəhbərliyinin qəbuluna düşməyə çalışsa da, buna nail ola bilməyib. Rəsmi məktubla müraciət edib, teleqram göndərib, lakin müraciətlərinə cavab ala bilməyib. Nəhayət, çətinliklə qəbuluna düşdüyü Ovnu Muradovdan sənədlərinin niyə verilmədiyini soruşub.
Cavanşir Novruzovun bildirdiyinə görə, Ovnu Muradov söhbət zamanı ona belə deyib: “Vallah, səlahiyyətli nümayəndə razılıq verməyincə, biz heç bir iş görə bilmirik. Bu razılıq da elə-belə alınmır”.
Sahibkar iddia edir ki, söhbətin məzmunundan ona müəyyən məbləğdə pul verməsinin işinin həlli üçün şərt kimi irəli sürüldüyü qənaətinə gəlib. O isə cavabında belə bir vəziyyətdə cənab Prezidentdən şikayət edəcəyini və qarşı tərəfin nəzərdə tutduğu məbləği dövlət başçısına çatdıracağını bildirib.
Müraciətçinin sözlərinə görə, bundan sonra Ovnu Muradov ondan şikayət etməməsini xahiş edib və on gün müddətində məsələni öz imkanları hesabına həll edəcəyinə söz verib. Cavanşir Novruzov bu vədə inanaraq təşəkkür edib və qəbuldan ayrılıb.
Lakin sahibkarın iddiasına görə, verilən vəd yerinə yetirilməyib. O, sonradan Ovnu Muradovun təhsil naziri vəzifəsinə təyin olunduğunu eşitdiyini bildirir. Bir müddət əvvəl yenidən onunla əlaqə saxlayaraq əvvəlki vədin yerinə yetirilmədiyini, ona ümid verildiyini, lakin nəticədə aldadıldığını söyləyib.
Cavanşir Novruzov bildirir ki, Babək Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb. İcra hakimiyyətinin arxitektura şöbəsinin əməkdaşı Hüseyn müəllim isə ona sənədlərin hazırlanması ilə bağlı hər hansı göstəriş almadığını deyib.
Sahibkarın sözlərinə görə, digər sahibkarların əvvəlcədən söylədikləri fikirlər də bu hadisələrdən sonra onun yadına düşüb. Onlar guya Ovnu Muradovun tələb etdiyi məbləğ ödənilməyincə sənədlərin verilməyəcəyini bildiriblər. O, sonuncu telefon danışığı zamanı Ovnu Muradovun indiki müavinlə görüşərək məsələsini həll edəcəyini söylədiyini də qeyd edir. Lakin bu istiqamətdə də konkret nəticə əldə edə bilmədiyini vurğulayır.
Müraciətçi daha bir ciddi məqamı diqqətə çatdırır. Onun iddiasına görə, Ovnu Muradovla görüşü zamanı dəfələrlə “Mən hələ buradayam, sabah üz-üzə gələcəyik” ifadəsini eşidib. Cavanşir Novruzov bu sözləri ona qarşı təzyiq və hədə xarakterli ifadələr kimi qəbul etdiyini bildirir.
Cənab Prezident!
Sizin rəhbərliyinizlə ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, korrupsiya və bürokratik əngəllərə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sahibkarların hüquqlarının qorunması, onların dövlət qurumlarında süni maneələrlə üzləşməməsi, qanuni müraciətlərinin vaxtında və obyektiv araşdırılması dövlət məmurlarının birbaşa vəzifəsidir.
Əgər bir sahibkarın tikinti ilə bağlı qanuni müraciəti aylarla cavabsız qalırsa, sənədlərinin hazırlanması üçün müxtəlif şəxslərin razılığından və qeyri-rəsmi ödənişlərdən söhbət gedirsə, bu, ciddi araşdırma tələb edən məsələdir.
Heç bir dövlət məmuru tutduğu vəzifədən, inzibati imkanlarından və əlaqələrindən istifadə edərək vətəndaşda qorxu, çarəsizlik və asılılıq hissi yaratmamalıdır. Dövlət qurumları ayrı-ayrı şəxslərin şəxsi iradəsi ilə deyil, qanunların tələbləri əsasında fəaliyyət göstərməlidir.
Bu baxımdan, Cavanşir Novruzovun səsləndirdiyi iddiaların obyektiv və hərtərəfli araşdırılması vacibdir.
Aidiyyəti dövlət qurumlarından aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş edirik:
  1. Cavanşir Novruzovun aprelin 15-də Babək Rayon İcra Hakimiyyətinə təqdim etdiyi müraciət hansı səbəbdən indiyədək müsbət və ya əsaslandırılmış mənfi cavabla yekunlaşmayıb?
  2. 9,6 sot torpaq sahəsində tikinti aparılması üçün qanunvericiliyin tələblərinə uyğun hansı sənədlər və icazələr tələb olunur?
  3. Sahibkarın iddia etdiyi qeyri-rəsmi ödəniş tələbi və Ovnu Muradovla söhbətində səsləndirildiyini bildirdiyi fikirlər araşdırılıbmı?
  4. Sahibkarın müraciətlərinə vaxtında cavab verilməməsinə və sənədlərinin rəsmiləşdirilməməsinə görə məsul şəxslər varmı?
  5. Vətəndaşın təzyiq və hədə kimi qəbul etdiyi ifadələrlə bağlı araşdırma aparılması mümkündürmü?
Ümid edirik ki, Prezident Administrasiyası, Baş Prokurorluq və digər aidiyyəti dövlət qurumları bu müraciətə diqqətlə yanaşacaq, səsləndirilən iddiaları araşdıracaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Unutmaq olmaz ki, sahibkarın qanuni hüququnun təmin edilməsi kiminsə şəxsi münasibətindən, qeyri-rəsmi razılığından və ya maddi marağından asılı olmamalıdır. Dövlət məmuru vətəndaşa maneə yaratmaq üçün deyil, onun qanuni hüquqlarının reallaşmasına xidmət etmək üçün vəzifə daşıyır.
Redaksiyamız Cavanşir Novruzovun müraciətində səsləndirilən iddialarla bağlı Ovnu Muradovun, Babək Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.

Qaynarxett.az