Son dəqiqə
» » Arzuxan Əlizadə: “Zəfər hər bir azərbaycanlının qürur mənbəyidir”

Arzuxan Əlizadə: “Zəfər hər bir azərbaycanlının qürur mənbəyidir”

08.11.2026, 12:00 38 1 dəq oxunur
8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. Bu tarix xalqımızın yaddaşına əbədi həkk olunub.
Milli Məclisin deputatı Arzuxan Əlizadə 8 noyabr Zəfər Günü münasibətilə Yenigun.Media-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə yalnız hərbi uğur deyil, eyni zamanda Azərbaycanın uzun illər davam edən ədalətsizliyə son qoymaq əzminin, milli iradəsinin və dövlətçilik gücünün nümayişi idi.



Deputat qeyd edib ki, Azərbaycan xalqı bu Qələbə ilə tarixi torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasına nail olub. Onun sözlərinə görə, Zəfərin təməlində illər ərzində həyata keçirilən məqsədyönlü siyasət, güclü dövlət quruculuğu, iqtisadi və hərbi potensialın artırılması dayanırdı.
Arzuxan Əlizadə vurğulayıb ki, 44 günlük müharibədə qazanılan Qələbə Azərbaycanın beynəlxalq siyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:
“Azərbaycan artıq regionda yeni reallıqların formalaşmasında əsas söz sahibi olan dövlətlərdən biridir. Biz sübut etdik ki, ərazi bütövlüyü və suverenlik məsələsində qətiyyətli mövqeyimiz var və milli maraqlarımızı qorumaq gücündəyik”.
Deputat Qələbənin əldə olunmasında xalq-ordu-dövlət birliyinin müstəsna rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz dəstəyi vahid amal ətrafında birləşib. Siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin Vətən uğrunda bir yumruq kimi birləşməsi Qələbənin əsas təminatlarından biri olub.
Arzuxan Əlizadənin fikrincə, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş tarixi nailiyyətləri qorumaq, dövlətin gücünü daha da artırmaq və regionda dayanıqlı sülhün təmin edilməsinə nail olmaqdır.
Deputat qeyd edib ki, qarşıdakı dövrdə iqtisadi inkişafın sürətləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi əsas strateji istiqamətlər olmalıdır.
O, Ermənistanla münasibətlərin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin, sülh müqaviləsinin imzalanmasının və kommunikasiyaların açılmasının regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunan deputat bildirib ki, bu proses Zəfərin davamıdır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, yollar, tunellər, hava limanları və enerji infrastrukturu yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın yalnız torpaqlarını azad etməklə kifayətlənmədiyini, həmin ərazilərdə həyatın yenidən bərpasına və davamlı inkişafa nail olmaq əzmində olduğunu göstərir.
Arzuxan Əlizadə Zəfər tarixinin gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini də xüsusi vurğulayıb. Bildirib ki, Vətən müharibəsinin tarixi, şəhidlərin qəhrəmanlığı və qazilərin fədakarlığı məktəblərdə, ali təhsil müəssisələrində və ictimai tədbirlərdə gənc nəslə dolğun şəkildə aşılanmalıdır.
Deputat sonda 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad edib, qazilərə möhkəm cansağlığı, müharibə iştirakçılarına və veteranlara uzun ömür arzulayıb.
“Bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, xalqımız bir və həmrəy olsun!”