Din xadimləri statuslarını qoruyub saxlamalı, siyasi proseslərin liderləri olmamalıdır, ola da bilməzlər. Kilsə indi qırmızı xətdən çox təhlükəli məsafədədir, siyasi proseslər kilsənin sahəsinə daxil olub.
Teleqraf.com xəbər verir ki, bunu hökumətyönlü hüquqşünas Artaşes Xalatyan Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlara başlayan keşiş Baqrat Qalstanyanın Ermənistan baş naziri postuna namizəd kimi irəli sürülə biləcəyi ilə bağlı yayılan məlumata toxunaraq deyib.
Ekspert Ermənistan konstitusiyasında kilsə-dövlət münasibətləri haqda yazılanları xatırladıb:
“Kilsə dövlətdən ayrıdır, dövlət kilsəyə qarışmadığı kimi, o da dövlətin işlərinə qarışmamalıdır. Bu çərçivədə siyasətlə məşğul olan və ya məşğul olmaq istəyən şəxs kilsədən xaric edilməlidir. Amma indi tapşırıq kilsədən gəlir. Ona görə də Qalstanyanın həm din xadimi, həm də Kanada vətəndaşlığının olması onun baş nazirliyə namizəd olmasına əngəl törədir”.
Xalatyanın fikrincə, katolikos II Qaregin açıq şəkildə Baqratı dəstəkləsə və bu revanşist hərəkata xeyir-dua versə, bu, Ermənistan konstitusiyasının pozulması demək olacaq:
“Katolikos siyasi sahəyə girsə, kilsə bunu qəbul etsə, ölkədə çox ciddi durum yaranacaq. Ermənistan dünyəvi dövlətdir, onun konstitusiya quruluşu dünyəvi demokratik, hüquqi dövlət quruluşudur. Əgər kilsə özünü konstitusiyadan ayırsa, dərin böhran yaranacaq. Bu halda dövlət qanunla ona verilmiş bütün vasitələrlə konstitusiya quruluşunu bərpa etməyə borcludur”.
Ekspert qeyd edib ki, əslində kilsə də seçim etməlidir, ya Baqrat Qalstanyanı, ya da konstitusiya quruluşunu dəstəkləməlidir.
Xalatyana görə, Qalstanyan bundan sonra artıq din xadimi kimi qəbul edilə bilməz:
“Bu din xadimi əvvəlcə Tavuş yeparxiyasını təmsil edirdi, indi də kütlənin qabağına düşüb siyasi iddia ortaya qoyur. Qalstanyan artıq qanunları pozub, ona görə də din adamı kimi qala bilməz. Bütün hallarda ictimai münasibət heç vaxt əvvəlki kimi olmayacaq. Kilsə Qalstanyandan ayrılmaq istəmirsə, kilsənin rolu nə qədər əvəzsiz və konstitusiya ilə təsbit edilmiş olsa da, ona qarşı da eyni münasibət olacaq”.