backend

DYP: Qadın sürücülər yol polisinin “saxla” əmrinə tabe olmur

DYP: Qadın sürücülər yol polisinin “saxla” əmrinə tabe olmur






















“Sürücülük haqqında qanunda “Dodaq boyası vurmaq olmaz” kimi bir maddə də yoxdur”.

Bakıda avtomobillərin sayı artdıqca, xanım sürücülərin də sayı artır. Maraqlıdır ki, kişilər çox zaman qadınların sürücülüyündən narazı halda danışırlar. Eyni zamanda, qadınlar da bəzən kişilərin sürücülüyünü bəyənmirlər. Bəs, bu narazılıq nədən yaranır? Kim daha yaxşı sürür? Doğrudanmı, qadınlar yaxşı sürücü ola bilməz?

qaynarxett.az Ucnoqta.az-a istinadən xəbər verir ki, mövzu ətrafında suallarımızı cavablandıran sürücü xanım, jurnalist Ümidə Həsənli kişilərin maşın sürərkən ehtiyatsız davrandıqlarını dedi.

O kişilərin qadın sürücüləri hər zaman ittiham etməsi haqda da danışdı. Bildirdi ki, bu ittihamlar qadınların ehtiyatlı maşın sürmələri ilə bağlıdır: “Çünki ehtiyatla sürmək ləngimə ilə nəticələnir. Kişilərə nisbətdə qadın sürücülər çox az qəza törədirlər. Kişilər çox zaman sürətlə sürürlər və ehtiyatı əldən verirlər. Sağa-sola, dairəni dönmələrdə qadınlar kişilərdən fərqli olaraq, ehtiyatlı davranırlar. Bakıda özünü professional sayan sürücülər daha təhlükəli maşın sürür. Öz peşəkarlıqlarına güvəndikləri üçün ehtiyatlı sürmürlər. Dəfələrlə rast gəlmişəm ki, həmin yaşlı, təcrübəli sürücülər təhlükəli qəza şəraiti yaradıblar. Digər tərəfdən, kişilərin ittihamı ondan irəli gəlir ki, qadınların çoxu ehtiyatlılığı əsas tutaraq maşını park etməyi gec öyrənirlər. Kişilərin də buna səbri çatmır. Dəfələrlə şahidi olmuşam ki, kişi sürücülər sağ və ya sol işığı yandırmadan dönmə əməliyyatı edirlər. Amma yüz faiz əminliklə deyə bilərəm ki, heç bir qadın bu cür etməz”.

Qadınların sükan arxasında dodaq boyası çəkməsinə gəlincə, Ümidə xanım bunları dedi: “Sürücülük haqqında qanunda “sükan arxasında siqaret çəkmək olmaz” adlı bir maddə olmadığı kimi, “Dodaq boyası vurmaq olmaz” kimi bir maddə də yoxdur. Sükan arxasında telefonla danışanların, mesaj yazanların əksəriyyəti kişi sürücülərdir. Telefon özünü öldürsə də, mən sükan arxasında zəngə cavab vermirəm. Uzunmüddətli işıqforlarda və ya tıxacda telefonu açıb baxıram. Əgər vaxt olarsa, zəng edib qısa nəsə danışaram”.

Ümidə Həsənli deyir ki, maşını idarə etdiyi 3 il ərzində 3 dəfə qəzalı vəziyyətə düşüb. Amma onların heç birində təhlükəli vəziyyəti özü yaratmayıb: “Hətta, dəfələrlə marşrutların, ağır yükdaşıyan maşınların yaratdığı təhlükələrdən çıxmışam. 3-4 dəfə cüzi sürət həddinə görə cərimələnmişəm. Başqa heç bir qanunu pozmamışam”.

Qadın sürücülərə olan əvvəlki münasibətin tamamilə aradan götürüldüyünü deyən Pərviz Hüseynov eyni zamanda düşünür ki, qadın maşın sürməz: “Qadının yeri maşının arxa oturacağında və ya həyat yoldaşının yanındadır. O ki qaldı qayda pozuntusuna, bunu qadın da pozur, kişi də. Sadəcə, qadınlar ehtiyatlı sürür və bu da onsuz da tıxaclı olan Bakıda tıxacın yaranmasına şərait yaradır. Aralarında ləng sürəni də var, cəld sürəni də”.

İlyarımdır maşın idarə edən P.Hüseynov deyir ki, bu müddət ərzində bir dəfə cərimələnib: “İçkili vəziyyətdə sükan arxasına keçmişəm və cəriməmi ödəmişəm. Bu da mənə dərs oldu”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, qanunla sükan arxasında qadın və ya kişi olmasının fərqi olmasa da, qayda pozuntularına görə fərqli mənzərə ortaya çıxır: “Görünür burada da mentalitetimizlə bağlı məsələlər ortaya çıxır. Hazırda qadın sürücülərin sayı 40 minə yaxındır. Amma ümumilikdə 1 milyon 200 mindən artıq sürücümüz var. Qadınlar arasında qaydaları pozan, sərxoş vəziyyətdə avtomobil idarə edən, ölümlə nəticələnən yol qəza hadisələrində iştirak edənlər də var. Sükan arxasında telefonla danışan xanım sürücülər daha çoxdur. Azyaşlı uşaqları avtomobildə daşımaqda xanımlar daha çox xətaya yol verirlər. Əslində, uşaqlar xüsusi oturacaqda aparılmalıdır. Amma xanım sürücülər şərait yaradırlar ki, uşaqlar başını pəncərədən çölə çıxarsın, qabaq oturacaqda otursun və sair xətalara yol versin”.

Vaqif Əsədov onu da əlavə etdi ki, bütün bunlara baxmayaraq, təhlükəsizlik kəmərindən istifadə edən xanım sürücülər kişilərə nisbətən daha çoxdur: “Ən pis cəhət odur ki, xanım sürücülər xanımlıqlarından istifadə etməyə üstünlük verirlər. Məsələn, yol polisi tərəfindən saxlanma işarəsi verilərkən saxlamayan xanımlar çoxluq təşkil edir. Sürücülərlə ən çox mübahisələrdə də qadınlar çox olur. Xanım sürücülər tibbi müayinədən keçməkdən boyun qaçırırlar. Ancaq qanunda yazılır ki, tibbi müayinədən qaçmaq sərxoş vəziyyətdə olan sürücüyə tətbiq edilən cərimə balı ilə qiymətləndirilir”.

V.Əsədov deyir ki, təhlükəsizlik kəmərini bağlamamaq, işıqforun qırmızı işığında hərəkət etmək, dəmiryol keçidlərinin keçilməsi qaydalarını pozmaq, sürət həddini aşmaq, təhlükəli manevr qaydalarına yol vermək və digər bu kimi xətalar kişi sürücülərə xasdır.