backend

Sevinmək əvəzinə kədərlənənlər

Sevinmək əvəzinə kədərlənənlər






















Redaksiyamıza daimi gələn şikayətlərdən birinin ünvanı doğum evləridir.

Allahın insanlara bəxş etdiyi bu müqayisəyə gəlməz sevinc payını insanlara zəhər edən doğum evlərindən danışırıq. Dünyaya yeni insan gəlir, qohum-əqraba sevinir, yaxınlar bir-birini təbrik edir...
İndi keçək real həyatda görüb-eşitdiklərimizə. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 2 saylı “Doğum Evi”ndən gələn şikayəti araşdırmaq üçün ünvana yollandıq. Eşitdiklərimiz, gördüklərimizdən şükürlü oldu, desək, bizə inanın.
Bura əsl yarmarka idi! Hər şeyin öz qiyməti! Amma, arada bir fərq var. Yarmarkada müəyyən bazarlıq mümkündür. Burada isə əsla! Xoşun gəlmir, get, başqa yerdə doğ! Vəssalam.
Apardığımız sorğularda (təbii ki, xəstə sahibləri ilə) ən bahalı və insafsız Gülgəz (həkim?) oldu. Sonrakı yerləri Şəhla, Xatirə, Südabə (həkimlər?) qiymətlərə müvafiq bölüşürlər. Orda olduğumuz zaman Şəhla xanımla altı ay əvvəl ana olmuş bir qadın və qaynanasının qışqırıqlarının səsi dayanacağa qədər gedib çıxırdı. Səbəbini soruşduqda onlar doğulmuş uşaqlarına bu günə qədər sənəd ala bilmədiklərini söylədilər. Əsəbiləşmiş qadın lap “Bəxtiyar” filmindəki kontrabasçı sayağı qışqırırdı:”Onda pulumu verin”. Başqa biri isə həkim(?) Paşayeva Xanımın əlindən dad edərək “qızıma da, gəlinimə də demişəm ki, birindən artıq doğmayın, mənə yazığınız gəlsin” deyə burada başına gətirilənlərdən yana-yana danışırdı.
Bir məsələni də qeyd etməsək, onda deyərlər ki, bunlar obyektiv danışmırlar. Doğum evinin texniki işçiləri və tibb bacıları “böyüklər”indən heç də geri qalmırdılar. Əslində bir çox “qiymətləndirmə işi”ni onlar aparırlar. Məsələn, burada təbii yolla ana olmaq 600-800 manatabaşa gəlirsə, keysəriyyə əməliyyatı 800-1000 manat arası dəyişir. Gördüklərimiz və eşitdiklərimizi Doğum Evinin baş həkimi Mehriban xanımla da bölüşmək istədik. Lakin hər zəngimizə “Mehriban xanım vacib iclasdadır” cavabı aldıq. Baş həkimin məsuliyyət daşıdığı belə bir önəmli sahəyə rəhbərlikdən daha vacib hansı işi olduğunu öyrənə bilmədik.
Yəqin ki, Səhiyyə Nazirliyi bunu öyrənəcək.

Mövzuya qayıdacağıq.