backend

Problemlər məngənəsində əzilən Şamaxı və şamaxılılar

Problemlər məngənəsində əzilən Şamaxı və şamaxılılar














Şamaxıdakı özbaşınalıq və qanunsuzluq əhalini ayağa qaldırıb

Şamaxıda ictimai durum getdikcə pisləşir. Buna səbəb icra başçısı Asif Ağayevin idarəetmədə bir sıra yanlış addımlar atması və lüzumsuz qərarlar verməsidir.
İllərlə Şamaxının əksər kəndlərində ciddi problemlər yığılaraq qalıb. Yol, işıq və digər sosial problemlərdən dolayı meydana çıxmış bu vəziyyəti düzəltmək üçün real addımların atılması zəruri olduğu halda, Asif Ağayevin başı daha çox torpaq ələ keçirərək, onlardan pul qazanmağa qarışmasıdır. İcra başçısı Şamaxıda bir sıra əlverişli yerləri ələ keçirərək, orada özünə turizm mərkəzləri qurmağa nail olub. Həmçinin bələdiyyə torpaqlarının bir qismini özünküləşdirərək, orada üzüm bağları salır və ya əkinçiliklə məşğul olur. Rayon sakinlərinin üzləşdiyi problemlər isə bir kənara qoyularaq, hər şey başlı başına buraxılıb.
Məlumatlara görə, durum o qədər ağırdır ki, artıq rayonda vəziyyət belə qarışmağa başlayıb.
Hələ bir müddət əvvəl Şamaxı sakinləri bununla bağlı Asif Ağayevi xəbərdar edərək, problemlərin həllini tələb etmişdilər. Hətta onu aksiya keçirəcəkləri ilə bağlı xəbərdarlıq da edilmişdi. Lakin bütün bunlara baxmayaraq, icra başçısı heç bir təsirli addım atmamışdı. Nəhayət, vəziyyət o qədər gərginləşib ki, artıq Şamaxı kəndlərində İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirmək istəyi dolaşır.
Bəzi mənbələrdən aldığımız son məlumatlara görə artıq Şamaxı kəndlərində əhali etiraz aksiyaları keçirmək üçün hazırlıqlara başlayıblar. Belə ki, kənd camaatı arasında bunun hansı şəkildə və necə keçirilməsi ilə bağlı müzakirələr start götürüb. Yaxın günlər üçün yekun qərar veriləcəyi gözlənilir.
Məlumatlarda o da vurğulanır ki, icra başçısı vəziyyətdən çıxmaq üçün bəzi addımlar atmağa çalışır. Hətta özü kəndlərə gedərək, əhali ilə görüşmək üçün cəhdlər edir. Lakin əksər kəndlərdən gələn xəbərdarlıqdı deyilib ki, onlara tərəf üz tutmasın. Əks təqdirdə, aralarındakı münasibətlərdə gərginlik ən yüksək həddə çatacaq.

“ŞAMAXIDA HƏR DƏQİQƏ ARA QARIŞA BİLƏR”

Rayonda qanunsuzluq, özbaşınalıq, rüşvətxorluq və korrupsiya baş alıb gedir. Bu sözləri bir qrup Şamaxı ziyalısı prezidentə ünvanlandıqları məktubda yazıb. Məktubun surətini redaksiyamıza göndərən Şamaxı ziyalıları yazır: “Son illərdə Şamaxı rayonunun və şəhərin abadlaşdırılması üçün ayrılan milyonlarla manat vəsaitin 70-80 faizi mənimsənilib. Şamaxıda kanalizasiya xətləri, şəhərə su xəttinin çəkilməsi, yolların əsaslı təmir olunması tamamilə yaddaşlardan silindi. Şamaxıda insanlara yararsız, içilməyən, xəstəlik yayan, antisanitariya vəziyyətində olan suyu içirdirlər. Şəhərin küçələri eybəcər vəziyyətə düşüb. Cənab prezident, siz Şamaxıya gələndə bir qrup yaltaq yığılıb inkişafdan söz açır. Əsl həqiqəti görmək istəmirlər.
Şamaxının əkinə yararlı torpaq sahələri, meşələri, büllur su mənbəyi dövlət orqanlarının nümayəndələri tərəfindən mənimsənilib. Bir qrup yüksək rütbəli dövlət məmuru min hektarlarla əkin sahələrini, meşələri, həyətyanı sahələri zəbt edib. Ailələrinin, qohumlarının adına milyon manatlarla dəyəri olan villalar tikdiriblər. Rayon başçıları yenilənsə də yenə də torpaqları mənimsəməyə davam edirlər. Şamaxının icra başçısı Asif Ağayev sakinlərin problemləri ilə maraqlanmır. Son 20 ildir ki, rayon əhalisi aclıq-səfalət içində yaşayır, daima məmurların təzyiqlərinə, özbaşınalıqlarına məruz qalır. Rayonda işıq, qaz, su, məişət tullantıları üçün yığılan pulların 65-70 faizi mənimsənilir. İnsan hüquqları yox dərəcəsindədir. Rayonda işsizlik sağalmaz bəlaya çevrilib. Aldığımız əməkhaqqı, pensiya heç aylıq yavan çörək puluna çatmır. Rayonun elə bir idarə və müəssisəsi yoxdur ki, orada rüşvətxorluq, korrupsiya olmasın. Rüşvətxorluq rayonda bir nömrəli göstəricidir. Bir daha qeyd edirik ki, Şamaxı küçələri bərbad vəziyyətdədir, kanalizasiya sistemi yoxdur, əhali su qıtlığından əziyyət çəkir, rayonda aclıq, səfalət hökm sürür. İşsizlik baş alıb gedir. Gənclərin 70-80 faizi ailəsini, evini qoyaraq Rusiyaya çörək pulu qazanmağa gedib. Budurmu demokratiya, budurmu müstəqillik?”
Sonda məktub müəllifləri bu cür özbaşınalıqlar davam edərsə, rayonda hər dəqiqə qarışıqlıq baş verəcəyini bildirir.

Xəyyam müəllim kəndləri niyə mavi yanacağa həsrət qoyub?

Yaşayış məskənlərində mavi yanacağın olmaması səbəbindən Şamaxının bəzi kəndləri bu qış mövsümündə də istilik enerjisinə həsrət qalacaqlar. Sakinlər bildirirlər ki, onlar orta əsrlərdə olduğu kimi, hələ də ağacları məhv edir, onlardan odun kimi istifadə edirlər. Halbuki Qaz İstismar İdarəsinin rəisi Xəyyam müəllim rəsmi tədbirlərdə mavi yanacağın uğurlu paylanılmasından, nəqlindən danışır.
Elə şəhərin özündə də vəziyyət ürəkaçan deyil. Şamaxının mərkəzi ərazisində yerləşən idarə, müəssisə və təşkilatların bəziləri mərkəzləşdirilmiş qaydada Şamaxı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən istiliklə təmin olunsa da, bir sıra yerlərdə mavi yanacaq ya fasiləylə nəql edilir, ya da ümumiyyətlə, istilik verilmir. Sakinlər bildirirlər ki, Şamaxının bəzi kəndlərinə qaz xətləri çəkilsə də, əksəriyyət kəndlərdə mavi yanacaq hələ də yoxdur. Məsələn, rayonun Qurdtəpə kəndinin sakinləri illərdir istilik enerjisi, mavi yanacaq üzünə həsrət qalıblar. Halbuki həmin kəndin yaxınlığından böyük diametrdə qaz borusu keçir. Həmin qaz borusu meşənin içində inşa edilən istirahət zonasına gedir. Şübhəsiz, Şamaxı Qaz İstismar İdarəsinin rəisi Xəyyam müəllim də bunları yaxşı bilir.
Bilir ki, Qurdtəpənin və digər yaşayış məskənlərinin də həmin o istirahət zonası kimi mavi yanacağa ehtiyacı var. Təsəvvür edin - kəndin içindən qaz borusu keçərək, meşədəki istirahət zonasını mavi yanacaqla təchiz edir. Amma Qurdtəpə kəndinin sakinləri mavi yanacaq üzünə həsrətdir. Qaz İstismar İdarəsinin gözdən pərdə asmaq üçün mavi yanacaq verdiyi bəzi kəndlərə gəlincə, o da fasilələrlə nəql edilir. Hətta rayon mərkəzində belə, qazın fasilələrlə verilməsi Şamaxı sakinləri arasında ciddi narazılıqlara səbəb olur. Vətəndaşlar bunun üçün Qaz İstismar İdarəsinin qapısını döyürlər.
Şamaxı sakinləri bildirirlər ki, kəndlərə qaz xətləri çəkilsə də, əhali hələ də mavi yanacaq üzünə həsrət qalıb. Əhali istilik təminatı üçün məcburən Pirqulu meşələrindəki ağacları qırır. Bu isə yaşıllıq sahələrinin tədricən məhv edilməsinə, kimlərinsə öz ciblərini doldurmalarına yol açır. Təbii, Xəyyam müəllimin problemli fəaliyyəti səbəbindən insanlar dağ rayonunun soyuq qışında donmalı deyil ki.
Görünür, rayonda bəzi aidiyyəti şəxslər ölkə rəhbərliyinin tapşırığı əsasında rayonlarımızın qaz təminatının yaxşılaşdırılması, qaz kəmərlərinin bərpası və təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən məqsədyönlü şəkildə kənarda qalırlar.
Şamaxı dağlıq rayon olduğundan bu yaşayış məskənində havanın necə soyuq keçdiyini təsəvvür etmək çətin deyil. Bütün bunlar onu göstərir ki, rayonun qaz istismar idarəsinin və onun rəisi Ənvər Əliyevin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır.


Ardı var

Rövşən İnqilaboğlu