backend

Baş Polis İdarəsi kartof satdığı deyilən polisdən danışdı - VIDEO

Baş Polis İdarəsi kartof satdığı deyilən polisdən danışdı - VIDEO






















"Onun böyük səhvi olub".

Dünən KIV-də “Polis küçə ticarəti ilə mübarizə adı altında kasıb adamların malını mənimsəyir” başlıqlı yazı dərc olunub. Həmin yazıda qeyd olunurdu ki, Maştağada sakinlərin əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polis əməkdaşları onlara hücum çəkərək, mallarını müsadirə edirlər və müsadirə etdiklərini öz malları kimi satırlar.

qaynarxett.az xəbər verir ki, bu yazıdan sonra Bakı Şəhər Baş Polis İdarəsi müvafiq araşdırmalara başlayıb və aparılan araşdırmaların nəticələri haqda “Qafqazinfo” ya məlumat verilib.

Bakı Polisindən bildirilib ki, həmin informasiya araşdırılan zaman məlum olub ki, görüntülərdə qeyd olunan polis əməkdaşı heç də kiminsə malını müsadirə edərək satmayıb.

O atasının və yaxın qohumlarının Lerikdə becərdikləri və pay üçün ona göndərdikləri kartofu dostu ilə bölərkən görüntülənib: “Hər şeydən əvvəl onu bildirək ki, həmin polis əməkdaşı Post Patrul Xidmətində deyil, tamam başqa bir xidmətdə çalışır. Ona görə də, bu polis əməkdaşının yol kənarında xidmət həyata keçirməsi qeyri-mümkündür. Əlbəttə, o öz ailəsinin göndərdiyi tərəvəzi qəbul edirmiş. Lakin onun böyük səhvi bu işi polis formasında həyata keçirməsi olub. Buna görə həmin polis əməkdaşı haqqında ölçü götürüləcək. Bu məsələnin başqa bir tərəfidir və qaydaları pozduğuna görə o, cəzalandırılacaq. Məsələnin narahatlıq doğuran digər tərəfi isə medianın yaydığı məlumatdır”.

Polisdən bildirilib ki, medianın yaydığı məlumatlar daim araşdırılır və öyrənilir. Fakta söykənən informasiyalarla bağlı ölçü götürülür: “Ancaq bu tip xəbərlərin böyük bir hissəsi, o cümlədən Maştağadakı polis əməkdaşı ilə bağlı xəbər polisin nüfuzuna xələl gətirəcək səviyyədə hazırlanıb və həqiqəti əks etdirmir. Mediadan istəyimiz odur ki, xəbər yayarkən həqiqətə söykənməyən məqamlara yer verməsinlər, məsələni dəqiq araşdıraraq dərc etsinlər. Əks halda yanlış məlumatlar həm polisin, həm də medianın nüfuzuna xələl gətirir”.