backend

Göyçayda vəziyyət nəzarətdən çıxır

Göyçayda vəziyyət nəzarətdən çıxır






















İşsizliyin tüğyan etdiyi yer

Vaxtilə aran bölgəsinin ən aparıcı rayonlarından biri olmuş Göyçay bugün acınacaqlı bir vəziyyətə düçar olub. Bunun əsas səbəbi isə səriştəsiz rəhbərlər, korrupsiya və rüşvətxorluqdur. Yerli sakinlərlə söhbət əsnasında belə məlum oldu ki, hazırda rayonda işləyən müəssisələrin sayı həddindən artıq məhduddur. Bundan başqa, işsizliyin səviyyəsi də dəhşətli həddədir. Bəzi insanların çörək dalıyca Rusiyaya getdiyi, bəzilərinin də rayonda qalaraq, güzaranlarını qurmağa çalışdıqlarını bildirən göyçaylılar deyirlər ki, durum hər gün pisləşməyə doğru gedir.

İşləyən dövlət idarələrində isə işə düzəlmək üçün iki yol var. Ya Göyçayın icra başçısı Mənsur Məmmədovun və ya onun yaxın ətrafının qohumu olmalısan, ya da yaxşı pulun olmalıdır ki, səni işə götürsünlər. Çünki Mənsur Məmmədov bu rayona icra başçısı təyin olunandan sonra daha çox öz yaxınlarına, qohumlarına və adamlarına köməklik edir. Rayon sakinlərini isə ümumiyyətlə, saya salacaq qədər münasibət saxlamır. Gələn şikayətçiləri isə birtəhər başından edir ki, sabah Bakıdan ona hansısa söz deyilməsin.


Hər şey icra başçısına məxsusdur

Göyçayda yeni iş yeri açmaq və ya kiçik bizneslə məşğul olmaq isə məşəqqətli məsələdir. Təbii ki, rayonda yeni iş yerinin açılması xəbərinə icra başçısı Mənsur Məmmədov çox sevinir. Amma bu sevinc onunla bağlı deyil ki, biznes adamı yeni iş yeri açdıqdan sonra göyçaylılara xidmət edəcək və ya işsizliyin qismən də olsa, aradan qaldırılmasına şərait yaranacaq. Həmin sevinc onunla bağlıdır ki, görülən işlərdən icra başçısına da haqq çatacaq:

«Bizə dedilər ki, Göyçayda işləmək istəyirsinizsə, Mənsur Məmmədoun haqqını çatdırmalısız. Əvvəlcə təəccüblə qarşıladıq bunu. İnanmadıq. Lakin sonradan vergi müfəttişlərinin gəlib, min bir bəhanə ilə bizi cərimələməsini gördükdən sonra hər şeyin həqiqət olduğunu anladıq».

Sahibkarlar deyirlər ki, hal hazırda rayonda hər şey icra başçısına məxsusdur. Yəni, daşı-daş üzərinə qoyduqda belə onun xəbəri olmalıdır. Əks təqdirdə, ya vergi müfəttişləri, ya polis, ya da başqa dövlət qurumlarının nümayəndələri gəlib, həmin daşı vətəndaşın başına vurur. O səbəbdən də bir çoxları rayonda iş görməkdən çəkinərək, qonşu ölkələrə üz tuturlar.

İş adamları deyirlər ki, Göyçayda iş o yerə çatıb ki, hətta marketlərdən də haqq yığmaq barədə düşünüblər. Lakin sonradan bunun ağır fəsadlar verə biləcəyini hesabladıqdan sonra prosesi dayandırıblar. Amma əgər market əlverişli və ya əhalinin gur olan yerində fəaliyyət göstərirsə, qısa müddət ərzində onun sahibini ya şantaj edib, ya da qorxudub əlindən obyektini alacaqlar.

Göyçayda inqilabın ayaq səsləri

Bildirək ki, Göyçay rayonunun icra başçısının bu qədər əmin şəkildə hərəkət etməsinin səbəbi təkdir. O da Mənsur Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun xalası oğlu olmasıdır. Nazirə arxalandığı üçün kimsənin ona bir söz deməyəcəyinə əmin olduğundan rahatlıqla hərəkət edən əminəvəsi isə rayonda at oynadır.

Göyçayda əhalinin narazılıq etdiyi əsas problemlərdən biri işıq və təbii qazla bağlıdır. Çünki qışın oğlan çağında bu iki nəsnədən əziyyət çəkən rayon sakinləri əvvəlcə düzələcəyini ümid etsələr də, sonradan vəziyyətin dəyişməyəcəyinə əmin olublar.

Sakinlər deyirlər ki, bu şəkildə davam edərsə, Göyçayda da Quba variantı olacaq. Çünki başqa şəkildə işıq və qazla bağlı problemlərini həll edə bilmirlər. İcra başçısına da edilən şikayətlərin qulaqardına vurulması isə onların canlarını boğaza yığıb.

Qeyd edək ki, Göyçay REŞ-in rəisi texniki şərtin olmamasını bəhanə edərək 10 il işləyən obyektlərə belə verilən elektrik enerjisini kəsir. Yalnız rüşvət aldından sonra yenidən enerjini bərpa edir.

Söhbət etdiyimiz insanlar bildirirdilər ki, bu adamlar üçün dövlət başçısının verdiyi fərmanların heç bir dəyəri yoxdur. Bunun əyani misalı kimi onlar istifadə etdikləri işığa görə pulu poçtla ödəməli olduqları halda pulun nağd almasını göstərirlər. Üstəlik, qanunda vətəndaşlara verilən elektrik enerjisinin bildirişsiz kəsilməsi qadağan edilsə də, buna məhəl qoyulmur.

“Mənsur Məmmədovun bu hərəkətlərinə kim haqq verib?”

Hüquq müdafiəçisi Oqtay Isgəndərli hələ vaxtı ilə “Azadlıq” qəzeti vasitəsi ilə Nəqliyyat Naziri Ziya Məmmədova müraciətində bildirirdi ki, Qubadakı olaylar hər an Göyçayda da baş verə bilər: “Göyçay və ölkə əhalisi də bilir ki, rayonun icra başçısı Mənsur Məmmədov sizin xalanız oğludur. Onun bu vəzifəyə mərhələ-mərhələ adlaması sizin sayənizdə mümkün olub. Mənsur Məmmədov kimdir? O, əmək fəaliyyətinə Ucar rayonunda başlayıb. Mənsur Məmmədov Ucar rayonunda kənd bələdiyyəsində işlədikdən sonra indiki vəzifəsinə sahib olmaq üçün əvvəlcə rayonun Rabitə və Poçt şöbəsinə müdir təyin olunur. Orada necə işləyir? Işlədiyi müddətdə ona qarşı ağır maddələrlə cinayət işi başlanılır. Ancaq bunun qarşısını alırsınız və az sonra Zərdab rayonun icra başçısı vəzifəsinə təyin olunmasını təmin edirsiniz. Bəs Zərdabda necə işləyir? Mətbuatdan məlum olduğu kimi Zərdab rayonunda məsul vəzifədə işləyən səhiyyə işcisini onun marağını təmin etmədiyi üçün həbslərlə hədələyir. Həmin işçinin çox keçmədən ürəyi partlayır və ölür. Bəs bunun məsuliyyətini kim daşıyacaq? O cəzalandırlmaq əvəzinə əksinə, daha ”yağlı" bir ünvana - 2008-ci ildə Göyçaya icra başçısı təyin olunur. O, rayona gələn kimi özündən əvvəlki icra başçısının əhaliyə verdiyi “şitilxana” adlanan sahədə sakinlərin sənədlərində yaranmış problemdən sui-istifadə edərək hər sota görə 5 min manat tələb edir. Ancaq həmin dövrdə hüquq müdafiəçilərinin işə qarışması və mətbuata prolemin çıxarılması prosesi dayandırdı. Şəhərin mərkəzində Heydər Əliyev prospektində səkini qısaltmaqla tikinti işləri apardı. Heydər Əliyev Mərkəzinin tikintisi adı altında iş adamlarından tutmuş xadimələrə qədər hər kəsdən pul yığdırdı. Smeta dəyəri 2 milyon olan mərkəz üçün 5 milyon manatdan çox pul yığıldı. Bu 3 milyon hara getdi? Bu işləri görən, Zərdab rayonundan Göyaçaya başçı təyin olunan zaman gətirdiyi və qısa müddətdə rayonun Yaşıllaşdırma Idarəsində işə düzəldilən Elsevər adlı şəxs 300 min manat pulu ondan gizlətdiyi üçün işdən çıxarıldı. Bəs qalan pullar hara getdi? Bütün bu proseslər Bayraq Meydanının tikintisində də özünü büruzə verdi. Üstəlik, Bayraq Meydanına bitişik sahədə satış məqsədi üçün nəzərdə tutulan qadın paltarları dükanı tikdirir. Indi Göyçay şəhidlərinin abidəsi olan yeri mərkəzdən 4-5 km uzaq məsafəyə köçürür. Rayonun Uşaq Xəstəxanasının 7 hektar ərazisi yaxın adamının adına özəlləşdirilib, internat sahəsinin həyəti bir məmura satılıb. Bu gün Göyçay xaraba qalmış rayonlar arasında birinci yerdədir. Qubada olduğu kimi burada da balıqçılıq gölünün və villanızın mühafizəsi icra başçısına tapşırmısınız. Ziya Məmmədov bütün bu işləri sizin xalanız oğlu olan icra başçısı Mənsur Məmmədov edir. Bir gün Qubada baş vermiş olaylar Göyçayda da olacaq və daha da pis. Indidən öz mülklərinizi “qoruyun”, cənab nazir".
Ardı var

Göyçayda vəziyyət nəzarətdən çıxır

Göyçayda vəziyyət nəzarətdən çıxır