backend

Yeni üsyanın məkanı: Göyçay

Yeni üsyanın məkanı: Göyçay






















Bazar alverçiliyindən İcra Başçısılığına gedən yol

Mənsur Məmmədov kimə və nəyə güvənir?


Vətəndaş-məmur münasibətləri hər zaman cəmiyyət üçün böyük maraq kəsb edib və bu mövzu müasir dövrümüzdə də aktuallığını qorumaqdadır. Bununla yanaşı, hüquqi dövlət quruculuğunda isə vətəndaş-məmur münasibətləri xüsusi müzakirə obyektinə çevrilib. Elə məhz bu mənada vəzifəli şəxslərin və məmurların üzərinə daha böyük öhdəlik və məsuliyyət düşür. Vəzifəli, ictimai maraq kəsb edən şəxslər, məmurlar öz davranışları və fəaliyyətləri ilə cəmiyyətə bir örnək olmalıdırlar.
Bunun əksi, yəni vəzifəli şəxslərin ictimaiyyətlə davranışlarında qeyri-etik addımlara yol verdikdə isə dövləti dəyərləri sarsılır və cəmiyyətin dövlətin başında dayanan məmurlara etimadı bir növ itir. Bu da son nəticədə hüquqi dövlətin dayaqlarının sarsılmasına gətirib çıxarmış olur. Bu gün ölkədəki mənzərəyə diqqət yetirdikdə heç də bütün məmur ordusunun davranış kodeksinə əməl etmədiyinin şahidi oluruq. Bunun nəticəsidir ki, ölkəmizdə əhali arasında vəzifəli şəxslərə münasibətdə mənfi rəy formalaşıb. Bəzi məmurların xırda insidentə görə sadə insanlara qarşı zor tətbiq etməsi, təhqirlərə yol vermələri, rəhbərlik etdiyi rayonda və yaxud müəssisələrdə özlərini hakimi-mütləq kimi aparmaları istər-istəməz cəmiyyətdə vəzifəli şəxslər barədə mənfi rəyin yaranmasına gətirib çıxarır. Bir sıra məmurlar və onların yaxınları isə gəlirlərilə tərs-mütənasib, dəbdəbəli həyat tərzi keçirirlər. Qeyd edək ki, sadaladığımız bu kimi durumlarda ən çox adı hallanan məmurlardan biri məhz Mənsur Məmmədovdur.
Bilməyənlər üçün qeyd edək ki, Mənsur Məmmədov Göyçay rayon İcra Hakimiyyətinin başçısıdır. Deyilənə görə, artıq Göyçay rayonunda özbaşınalıqlar sərhəd tanımır. Bu barədə qəzetimizdə də dəfələrlə tənqidi yazılar dərc olunub. Amma görünən odur ki, rayon İcra Başçısı bu durumdan heç də narahat deyil və deyilənləri, yazılanları vecinə də almır. Əgər belə olmasa idi, sakinlər rayondakı durumdan, icra başçısından bu qədər şikayətçi olmazdılar. Bu dəfə redaksiyamıza şikayət edən şəxs Mənsur Məmmədovu lap cavanlıqdan tanıdığını bildirir: O, deyir:

Mənsur Məmmədov kimdir?

“Qeyd edim ki, bu gün göyçaylılara qənim kəsilən bu adam orta məktəbi üç qiyməti ilə bitirib. Ancaq uşaq vaxtı yaxşı qaçmağı vardı,ona görə atestatında bircə bədən tərbiyəsi fənnindən beş yazılıb. Hara gəldi pul şəklini çəkirdi. Sonradan Rusiyadan gəlmə bir diplom alıb iqtisatçı oldu. Onun cavanlığı alver etməklə keçib. Gürcüstandan Rusiyanın Tambov şəhərinə alma daşıyaraq satmaqla məşğul olub. Onun bu alverdə qəribə “üsulları” vardı. O, nisyə aldığı məhsulun pulunu əvvəl vaxtında və artıqlaması ilə ödəyərək özünə “daveriya” yaradar sonra isə həmin şəxsdən daha artıq mal götürərək ona “atardı”. Bu hərəkətinə görə Gürcüstanın Qori şəhərində hələ də onu axtarırlar. Bu keçən əsrin 90-cı ilinə qədər olub.
Qeyd edim ki, Mənsur Ziya Məmmədovun əmisi oğlu yox, əmisi nəvəsidir. 1990-cı ildən sonra o, saxta diplomla Qaraqumlaqda kənd icra nümayəndəsi, sonra Ucarda poçt müdürü vəzifəsində işləyib. Sonra o, az bir zamanda Zərdaba icra başçısı qoyulub. Təxminən üç il Zərdabda başçı işləyən Mənsur burada tanış olduğu Jalə xanımı millət vəkili seçdirib və indi də onunla sıx əlaqədədir. Hətda Göyçaya icra başçısı gələndən sonra Jalə xanımın xalası qızını Zivər müəlliməni də yanına işə gətirib. (Bu barədə növbəti sayımızda geniş bəhs edəcəyik-red). İndi Mənsur Məmmədov 8 ildir ki, Göyçayı talayır. Bu 8 ildə o, Göyçayda 8 ağac əkdirməyib. Yol kənarında nə qədər torpaq sahəsi var oranı satıb. Təkcə keçmiş maliyyə şöbəsinin müdürü Məmməd müəllimə məxsus olan 1 hektar sahəni başqasına 100 min manata satıb. O şəhər mərkəzində yerləşən “Şah”, ”Aysel”, “Nar”, ”Göyçay” və “Çinar” şadlıq saraylarının sahələrini sataraq həzmi-rabedən keçirib. Sabir adına, Səməd Vurğun adına parklar yoxa çıxıb, yerində isə həmin şadlıq sarayları bərqərar olub. Sabir parkında general Ərzuman Əliyevin qaynı Tahir, su təsərrüfatı idarəsinin müdürü Şakir, deputat Şəmsəddinin vəkili Ehtiram ticarət mərkəzləri açıblar. İndi Göyçayın mərkəzi kabab ətrinə bürünür. Yazıq göyçaylılar bu iydən qoxulayıb və udub yavan çörəyə möhtac qalıblar. Onu da qeyd edim ki, rayonda bütün “alqı-satqını” onun sadiq dəllalları həyata keçirir. Ruslan ( İH-da baş hüquqşünas idi, indi Ağdaşda məhkəmədir ) və İntiqam ( hazırda İH-da baş memardır ) başçıya sədaqətlə “xidmət” edirlər. Qeyd edim ki, Mənsur Məmmədov Ağdaş rayonunun ərazisindən də 50 hektar sahəni alaraq orada əməlli-başlı təsərrüfat yaradıb.

Günü qara göyçaylılar

Göyçaylılar Mənsur Məmmədovun icra başçısı olduğu müddətdə rayonun inkişafı üçün bircə işini belə, xatırlamırlar. Əldə edilən məlumatlarda qeyd olunur ki, Mənsur Məmmədov rayona ayaq basdığı, hazırkı vəzifəyə gəldiyi gündən sakinlərin gününü qara edib. O yalnız öz qohumlarını ətrafına yığmaqla, bütün rayonu idarə edir. Onlardan xəbərsiz rayondan quş belə, uça bilməz. Mənsur Məmmədovun qəbul günləri olsa da, bu durum yalnız sözdədir. Ona görə sözdədir ki, onun qəbuluna düşmək qeyri-mümkündür. O heç bir rayon sakinini qəbul etmir və onların problemləri ilə maraqlanmır. Heç xəbəri də yoxdur ki, rayonda hansı problemlər var. Amma harada neçə obyekt var, onlardan aylıq nə qədər vəsait toplanacağını çox gözəl bilir. Rayon ərazisindəki problemlər həddindən artıq çox olsa da, həmin problemlərin çözülməsi, aradan qaldırılması istiqamətində heç bir addım atılmır. Rayonun yollarından tutmuş, hələ də qazlaşdırlmayan evlərə, uçub gedən yaşayış və məktəblərə qədər heç bir problem həllini tapmayıb. Hələ rayonun ucqar kəndlərində vəziyyət daha acınacaqlıdır. Həmin kəndlərdə həm su, həm işıq, həm də qaz problemləri var. Rayonda ciddi sosial-iqtisadi vəziyyətin ağır olduğu bir vaxtda, Mənsur Məmmədovun başının biznesə qarışması açıq-aydın görünür. Belə çıxır ki, sakinlərin necə yaşaması icra başçısı üçün o qədər də maraqlı deyil. Və çox güman ki, onun özünü belə aparmasında, yalnız öz mənfəəti üçün çalışmasında arxayınlaşdığı birisi var, Ziya Məmmədov.

Çınqıl dağı, korrupsiya bataqlığı

Korrupsiya dövlət məmurlarının biri-biri ilə cinayət əlaqəsinə girib, vəzifələrindən sui-istifadə edərək, dövlət əmlakını külli miqdarda mənimsəyərək var-dövlət toplamasıdır. Məsələn Nəqliyyat naziri Ziya Məmmədovu götürək. Onun qardaşı Milli Məclisin deputatıdır, özü də ekologiya sahəsinə nəzarət edir. Bir əmisi nəvəsi Göyçayın, o biri xalası oğlu Zərdabın icra başçısıdır. Baş prokurorun İlham Nəriman oğlu Məmmədov adlı köməkçisi var, o da Nəqliyyat nazirinin qardaşı oğludur. Qudası Kənd təsərrüfatı naziridir, əvvəllər Hesablama Palatasının sədri olub. Bax, belə əlaqələri olan adam korrupsiya ilə məşğul ola bilir.

Göyçayda on min abonentə haqsız yerə su borcu yazıblar. Hamımız da yaxşı bilirik ki, iyirmi ildir Göyçayda su yoxdur. Hardasa dövlət əmlakını yeyirlər, onun yerini doldurmaq üçün camaatın üstünə düşürlər.
Göyçayda çınqıl dağı var idi. Hansı ki, orda 1905-ci ildə erməni-müsəlman davası olub. Həmin dağı sözün həqiqi mənasında "əritdilər". Ziya Məmmədov ipək yolunun çəkilişində işlədib. Amma smeta sənədlərinə baxanda qeyd olunur ki, guya o yola sərf olunan çınqılı xaricdən alırlar. Bu isə milyonlarla vəsait de-məkdir. Deməli, bir tərəfdən təbiəti məhv edirlər, o biri tərəfdən də büdcə vəsaitini talayırlar. Əgər həmin layihələrə xərclənən vəsaitlərin mənbələrinə baxsanız görərsiniz ki, o pullar necə silinib. Ziya Məmmədov dağda çınqıl zavodu qurdurub. Ordan çınqılı yığıb yol çəkdirir, o tərəfdən də büdcə pulunu xaricdən çınqıl almaq adı ilə mənimsəyir.
Hazırda Heydər Əliyev Fondunun nəzarətində olan internat məktəbində də ciddi qanunsuzluqlar törədilib. Həmin internatın ərazisi olan bir hektara yaxın sahə Mənsur Məmmədov tərəfindən satılıb. O bu işi Ziya Məmmədovla bir yerdə həyata keçirib. İndi də orda villalar tikiblər. Bax beləcə korrupsiyaya qurşanıb dövlət malı mənimsənilir.

Sakinlər Prezidentdən imdad diləyirlər

Göyçay rayon sakinləri tərəfindən redaksiyamıza daxil olan müraciətdə rayonda məmur özbaşınalıqlarından, sakinlərin şikayətlərinə baxılmamasından, problemlərinin həll olunmamasından bəhs olunur və ölkə prezidentindən məsələ ilə bağlı kömək istənilir:
"Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov və Göyçay rayon Qaz İstismarı İdarəsinin rəisi Murtuz Salahovun qanunsuz əməlləri nəticəsində 3-ildən çoxdur ki, süründürməçiliyə məruz qalmışıq. Bizim evimizə maye qazın çəkilməsini təmin etmirlər. Hansı ki, əsas boru xətti ilə (ana xətt ) evimizə olan məsafə 200 metrdir ki, qanuna əsasən bunu Qaz İstismar İdarəsi özü çəkməlidir. İmkanımızın olmamasına baxmayaraq bizdən pul tələb edilir. Dəfələrlə Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qəbuluna getsək də o bizi qəbul etmir.
İlin bütün fəsli maye qazın olmamasına görə çox əziyyət çəkirik. Qışda azyaşlı uşaqlarımızın soyuqdan ölməməsi üçün çörək pulumuzu oduna veririk. Əsas boru xətti (ana xətt) ilə evimizə qədər olan məsafə 200 metrdir, ancaq İcra Başçısı Mənsur Məmmədovun rayonun Üngütlü kəndindəki əzəmətli villasına maye qaz çəkilmişdir ki, əsas maye qaz boru xəttindən həmin villaya 4 kilometr məsafə var oraya tək-xüsusi boru xətti çəkilib. Gəlib gözlərinizlə görə bilərsiniz .
İcra başçısı Mənsur Məmmədov və Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov ancaq özlərini və ciblərini düşünürlər. Elə bilirlər ki, Göyçay rayonu bunların şəxsi mülkiyyətidir bizdə onların qullarıyıq.
Biz artıq bu barədə prezident cənab İlham Əliyevə şikayət ərizəsi göndərmişik. İnanırıq ki, cənab prezident bu rüşvətxorlar barədə ciddi tədbirlər görüb evimizə maye qazın çəkilməsinə göstəriş verəcək. Cənab prezident xahiş edirik bizə kömək edin".

ardı var