backend

Əkbər Hacıyevin dolmayan “qazanı” - “Azəriqaz”ın “gözəgörünməz”liyi

Əkbər Hacıyevin dolmayan “qazanı” - “Azəriqaz”ın “gözəgörünməz”liyi












Yəqin ki, çoxları “Azəriqaz”ın az qala hər gün bir neçə rayonda qaz təchizatının məhdudlaşdırılacağına dair yaydığı elanları eşitməyə, oxumağa və dinləməyə vərdiş edib.

Son bir neçə ildir ki, ölkənin qaz operatoru müntəzəm olaraq “təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi” kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə rayonun, yaxud yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır.

Məsələn, belə elanlardan biri elə bu gün yayılıb. “Azəriqaz”ın yaydığı məlumata görə, Masallı, Oğuz, Xəzər, Şəmkir, Qax və Lerik rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq. Səbəb isə eynidir: qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması...

Lakin nə sirdirsə, abonentlər qaz təchizatının kəsildiyi həmin saatlarda yaşadığı ərazidə heç bir “təmir-quraşdırma” işlərini müşahidə edə bilmir.

Bəs “Azəriqaz”ın hər gün bu və ya digər rayonda, yaşayış məntəqələrində hər dəfə eyni səbəb göstərərək qaz təchizatını kəsməsinin sirri nədədir? Doğrudanmı “Azəriqaz”ın təmir-quraşdırma briqadaları bu cür intensiv işləyir və paytaxt Bakıda, rayonlarda “gözəgörünməz” təmir-quraşdırma işləri bu cür intensiv xarakter alıb?

Ölkənin qaz təchizatı sistemində problemlər təkcə hər dəfə eyni səbəb göstərərək bir neçə rayonda qaz verilişinin müvəqqəti dayandırılması ilə məhdudlaşmır. Bir çox rayonlarda, o cümlədən Bakıətrafı qəsəbələrdə qazın təzyiqi həddən artıq aşağıdır. Günün müəyyən vaxtlarında təzyiq o qədər azalır ki, qaz cihazları işləmir.

“Azəriqaz” isə bunu qışa hazırlıqla izah edir. Halbuki qaz təchizatı haqqında qanunda xidməti yay və qış variantları barədə danışılmır. Qanunda aydın deyilir ki, şirkət fasiləsiz və keyfiyyətli təchizatı təmin etməlidir. “Azəriqaz” sistemində maxinasiyalar, pis qaz təminatı və mövcud qaz itkiləri ilə barədə mətbuatda dəfələrlə məlumatlar yer alıb.

Qeyd edək ki, 2009-cu ilin iyulunda İlham Əliyevin fərmanı ilə “Azəriqaz” ARDNŞ-nin tərkibinə qatılıb. Bunun müsbət tərəfi o olub ki, adambaşına qaz istehlakı 2,5 dəfə - 890 kubdan 330 kuba azalıb. Çünki həmin struktur dəyişikliyinə qədər ölkənin qaz təchizatı sistemində ildə 1,5-2 milyard kubmetr qaz “pripiskası” baş verirdi.

2013-cü ilin martında yenidən təşkilatlanma nəticəsində “Azəriqaz” yalnız qaz satışı ilə məşğul olur. Şirkətin 1,7 milyon abunəçisi var. Hazırda daxili bazarda 9 milyard kubmetr qaz paylanır.

“Azəriqaz”ın bu cür yarıtmaz fəaliyyəti nə vaxtadək davam edəcək? Tez-tez baş verən “təmir” işləri, rayonlara verilən qazın kəsilməsi, təzyiqin həddən artıq azaldımasının səbəbləri nə ola bilər? Hökumətin qaz infrastrukturunun yeniləməsinə iri həcmdə vəsaitlər xərclədiyi halda abonentlər niyə hələ də qaz təminatında bu cür problemlərlə üzləşir?

Mövzunu araşdırmazdan əvvəl sahə üzrə mütəxəssisləin ehtimallarını sistemləşdirdik. Bu ehtimallara görə, “Azəriqaz”ın qaz təchizatını tez-tez dayandırması və təzyiqi kəskin azaltması heç də “qışa hazırlıq”, yaxud ardı-arası kəsilməyən “təmir-quraşdırma” işləri ilə bağlı deyil. Əsl səbəb “Azəriqaz” sistemində maxinasiyaların ört-basdır edilməsi, heç cür izahı olmayan qaz itkisinin yerinin doldurulmasıdır. Çünki ARDNŞ “Azəriqaz”a əhalinin tələbatını ödəyəcək qədər qaz verir, lakin verilən qaz həcminin bir hissəsi hələ də itkiyə gedir və “Azəriqaz” abonentlərin smart tipli sayğaclarla təmin olunmasına, qazpaylayıcı şəbəkənin yenilənməsinə xərclənən vəsaitlərə baxmayaraq “qaz itikisi”ni hələ də aradan qaldıra bilməyib.

Digər ehtimal isə əhalidən qənaət edilən qazın yenidən ARDNŞ-ə qaytarılması və oradan ixraca yönəldilməsidir.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı virtualaz.org saytına açıqlamasında da təmir işləri adı altında qazın kəsilməsi hallarının inandırıcı olmadığını deyib: “Qaz kəsintilərinin olduğu deyilsə də təmir işləri müşahidə edilmir. Sadəcə olaraq “Azəriqaz” tərfindən qazın kəsilməsi haqda məlumat verilir. Bəzi rayonların qazla təminatında fasilələr olur, bəzi rayonlarda da qaz çox zəif verilir”.

M.Qəhrəmanlının fikrincə, bunun səbəbi ölkədə olan mövcud qaz itikiləri ilə bağlıdır: “Bunların hamısı qaz itkisi ilə bağlıdır. Ötən il də “Azəriqaz”da itkilərlə bağlı araşdırma yazılar yer almışdı. Buna görə mənə və təşkilatıma qarşı təzyiqlər oldu. Respublika üzrə qaz itkisi 3-5 faiz olaraq göstərilsə də araşdırmalar zamanı məlum olmuşdu ki, bu göstərici 20-30 faizdir. Rayonlar üzrə isə bu itkilər daha yüksəkdir. Bu itkilər hər zaman xalqın qazla təminatına maneçilik törədəcək. “Bakıelektirkşəbəkə” işığın verilməsini dayandırarkən qaynar xəttə zəng vurursan, onlar kəsintinin səbəbini izah edirlər. Lakin “Azəriqaz”da bununla bağlı məlumat olmur. Əgər bu qədər təmir işləri aparılırsa, sızıntılar, zəhərlənmələr, partlayışlar necə baş verir? Bu cür bədbəxt hadisələr araşdırılmır. Sadəcə olaraq yazıq nəzarətçilər cəzalandırılır. Amma bunun məsuliyyətini ciddi şəkildə daşıyan şəxslər var”.

Mirvari Qəhrəmanlının qeyd etdiyi kimi, ötən il Azərbaycanda mövcud qaz itkiləri çox ciddi şəkildə var idi. Bununla bağlı mətbuatda araşdırma dərc edilmişdi. Məlum olmuşdu ki, Azərbaycanda real qaz itkiləri ilə bağlı rəqəmlər rəsmi statistikada ən azı 2-3 dəfə azaldılır. Belə ki, “Azəriqaz” ötən il itkilərin 7,2 faiz olduğunu bildirsə də mövcud sənədlərdə bu rəqəm 18 faizdən az deyil. Bəzi hallarda isə bu rəqəm 20-30 faizə çatır.

Bu xəbərlərdən sonra “Azəriqaz”da ciddi vəzifə dəyişikliyi baş verdi. “Azəriqaz” sədrinin ümumi məsələlər üzrə müavini Ziyad Cəlilov Dövlət Neft Şirkətinin (ARDNŞ) Geologiya və Geofizika İdarəsinə müavin təyin edildi, İB-nın satınalmalar şöbəsinin rəisi Behbud Hüseynov ARDNŞ-ın Neft Kəmərləri İdarəsinə göndərildi, İTRON sayğaclara nəzarət şöbəsinin rəisi Fərid Mustafazadə isə vəzifəsindən uzaqlaşdırılaraq ASAN Xidmətə qrup rəhbəri təyin olundu.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə “Azəriqaz”ın təmir adı ilə rayonlarda və paytaxtda qazı kəsməsi hallarının real olduğunu qəbul edir, ancaq bunu qaz xətlərində aparılan qaynaq və təmir işləri ilə bağlı olduğunu düşünür: “Bir mühəndis kimi deyə bilərəm ki, hər hansı bir yaşayış məntəqəsinin qaz xəttinin modernləşdirilməsi yüksək təzyiqli qaz xətlərinin kiçik təzyiqli qaz xətlərinə keçirilməsidir. Bunu edərkən yaşayış məntəqələrinə gələn qaz xətləri kəsilir və bu zaman daha böyük yaşayış məntəqələri qazsız qalır. Bəzən “Azəriqaz” məlumat yayır ki, 16 rayon birdən qazsız qalacaq. Bu zaman qaz xətləri kəsilir, qaynaq işləri aparılır. Bu kəsintilərin izahı başqa cür mümkün deyil”.

İ.Şabanın fikrincə, qazlaşdırma və təmir işlərinin ləng aparılması bu işləri görən podratçı şirkətlərin işindən, podratçı şirkətlərin işi isə Dövlət Neft Şirkətindən asıldır: “Dövlət Neft Şirkəti podratçı şirkətlərlə müqavilədə hansı məbləğə, hansı zamana bu işlərin görülməsinə razılaşırsa, həmin podratçı şirkətlər də işlərini müəyyən edilən zaman ərzində görür. Yəni işlərin tez və ya gec başa çatması Dövlət Neft Şirkəti tərəfindən müəyyən edilir. Ancaq indi ARDNŞ böyük qlobal layihələrə qoşulub”.

Kəsilən qazın ixraca yönləndirilməsi ehtimallarına gəlincə isə İ.Şaban bunun mümkünsüz olduğunu dedi: “Azərbaycan hökuməti bu ilə Rusiyaya qaz satmayıb. Azərbaycan qazı əsasən Gürcüstana ixrac edilib. Bu fakt qazın idxala yönləndirilməsi faktını təkzib etməyə əsas verir. Azərbaycanda əhali son 3 ildə 2,1-2,3 milyard kubmetr qaz işlədir”.

Ekspert deyir ki, Azərbaycanın bir nömrəli qaz istehlakçısı “Azərenerji”dir. Onun sözlərinə görə, “Azərenerji” QSC ölkənin ictimaiyyətdən, xaricdən ən gizli sturukturudur. Hesabatlarda belə adı çəkilmir: “Lakin bildirilir ki, onlar əvvəl 4,5 milyard kubmetr qaz istifadə edirdilərsə, indi 6 milyard kubmetr qaz istifadə edirlər. “Azərenerji” tərəfindən tikilən İstilik Elektrik Stansiyalarının (İES) açılışı zamanı prezidentə bildirirlər ki, bizim İES-lər dünya standartlarına cavab verir. Lakin bir yerdə qeyd etmirlər ki, bizim bu beynəlxalq standartlara cavab verən İES-lərimiz beynəlxalq standartlara cavab verən stansiyalardan 1,5 dəfə baha başa gəlir. İES-də 1 Kvt elektrik enerjisi istiehsal etmək üçün 180-190 qram şərti yanacaq yandırmalıdır. Lakin “Azərenerji” bunu 280 qram, Azərbaycan üçün ortalama rəqəm olraq 300 qram kimi göstərir. Bəs bu qədər vəsait hanı? “Azərenerji”də bütün tikintilər, işlər dövlət büdcəsi hesabına həyata keçirilir. Öz vəsaitləri hesabına heç nə tikmirlər”.

Yuxarıda qeyd etdik ki, hazırda daxili bazarda 9 milyard kubmetr qaz paylanır. Bunun 2 milyard kubmetrindən bir az çoxu əhalinin, qalan hissəsi isə “Azərenerji” ASC-nin payına düşür.

Bu gün və dünən təmir adı ilə qazı kəsilən rayonların qaz idarələri ilə əlaqə saxlayıb aparılan təmir işləri barədə məlumat öyrənməyə çalışdıq. Lakin aldığımız cavablar qısa və konkret oldu. Əksər qaz idarələrindən bildirdilər ki, “təmir işləri aparılır”, vəssalam.

Xəzər Qaz İdarəsinin 2 saylı qaz-istismar sahəsindən bildirildi ki, rayonun bir çox yerində təmir işləri aparılır. İşçilərdən birinin dediyinə görə təmir işləri əsasən yer altı xətlərin dəyişdirilməsi, qaynaq işlərinin aparılmasından ibarətdir.

Sabunçu Qaz İdarəsinin 3 saylı qaz-istismar sahəsindən ancaq onu deməklə kifayətləndilər ki, rayonun müxtəlif yerlərində qaz xətlərinin təmir edilməsi işləri görülür.

Bu gün qazı kəsiləcək digər rayonların da qaz istismar idarələrindən da bu cür ümumi cavablar aldıq.

Ümumiyyətlə, Azərbaycanın qaz operatorunun işi heç prezidenti də qane etmir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında “Azəriqaz”ın və Dövlət Neft Şirkətinin bu istiqamətdə apardığı işlərin qəbuledilməz olduğunu bəyan etmişdi.

İ.Əliyev çıxışında qazlaşdırma ilə bağlı prosesin ləng getdiyini vurğulayıb. Sitat: “Qazlaşdırma prosesi əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır”.

Lakin qazlaşdırmanın sürətinin aşağı düşməsi ARDNŞ və onun tərkibinə verilən “Azəriqaz” la bağlı problemin ancaq bir hissəsidir. Şirkət bunu daha qlobal layihələrə başının qarışması ilə izah edə bilər. Bəs hər gün bir neçə rayonun qazını kəsməyi, yaxud abonentlərə verilən qazın təzyiqini heç bir izah vermədən aşağı salmağı necə izah edəsən? “Azəriqaz” rəhbərliyi “yoxa çıxan” qazı hansı “qazana” vurur? Hələlik bunun tutarlı izahını verən yoxdur...

V.Elturan