backend

Şamaxı RMX – da təhlükəli fəsadlar

Şamaxı RMX – da təhlükəli fəsadlar























Elxan Məmmədov Şamaxıda xəstələri soymaqla məşğuldur

Artıq dəfələrlə qeyd olunduğu kimi dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr müzakirə mövzusu olaraq hər zaman istər media, istərsə də ictimaiyyət tərəfindən diqqət mərkəzində saxlanılır.
Belə ki, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların mövcudluğuna rəğmən, ayrılıqda götürülmüş hər bir poliklinika və ya xəstəxananın da özünün yazılmamış qanunları vardır.
Həm də bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Qəzetimizin ötən saylarında Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində yer almış bir sıra ciddi qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc olunmuşdu. Yerli mənbələrdə aldığımız məlumatlarda RMX-nın baş həkimi Elxan Məmmədovun törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir.
Bildirilir ki, bu tibb müəssisəsinin fəaliyyəti ümumilikdə Şamaxı səhiyyəsinin bərbad durumunu olduqca dəqiq əks etdirir. Rayonda əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması yerli ictimaiyyəti son vaxtlar ən çox narahat edən məqamlardan biri kimi çıxış edir. Həm də bu mövzu artıq xeyli müddətdir ki, ölkə mətbuatının da diqqət mərkəzindədir. Buna səbəb isə rayondan mətbuata davamlı olaraq şikayət məktubları və ərizələrin ünvanlanmasıdır. Daxil olan məlumatlarda Şamaxı RMX-nın xüsusilə doğum və ginekologiya şöbələrində vəziyyətin son dərəcə təhlükəli fəsadlara yol aça biləcək durumda olduğu vurğulanır.
Belə məlumatlardan birindı oxuyuruq: “Bizim Şamaxı xəstəxanasının cərrahiyyə, reanimasiya, doğum, habelə ginekologiya şöbələrində dəhşətli hadisələr baş verməkdədir. Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində həkimlər yaxşı gəlir əldə edirlər. Sözsüz ki, həmin vəsaitin çox hissəsi baş həkimin kisəsinə gedir.
Elxan Məmmədov pul yığımı məsələsində çox həssasdır. Həkimlər onun tapşırıqlarını olduğu kimi yerinə yetirərək xəstələri süründürürlər. Xəstəxana rəhbəri güzəştli kateqoriyadan olan xəstələrə də pulsuz dərmanların verilməsinə icazə vermir. Vətəndaşlar məcburiyyət qarşısında qalaraq həmin dərmanları pulla alırlar. Məhz belə qanunsuzluqlara görə də Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xoşagəlməz hadisələr qeydə alınır…”
Digər məlumatlarda isə şikayətçilər bildirirlər ki, RMX-nın doğum şöbəsinin müdiri Nəzakət Abdulrəzəqova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər.
Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi E.Məmmədova çatır. Bütün bunlara rəğmən isə doğum şöbəsində bura gələnlərə göstərilən tibbi xidmətin səviyyəsi ümumilikdə xəstəxanada olduğundan qətiyyən fərqlənmir.
Yəni bu xidmətlər arzuolunandan xeyli aşağıdır. Hətta bəzi mənbələrin iddialarına görə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirmək istəyən hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar da burada qeyri-peşəkar həkimlər tərəfindən aparılır.

Eyni zamanda da yerli mənbələr Şamaxı səhiyyəsinin mövcud durumuna görə rayon rəhbərliyinin və şəxsən rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin məsuliyyət daşımalı olduğunu vurğulayırlar. Bu xüsusda məlumatlarda bildirilir ki, RMX-nın baş həkimi Elxan Məmmədov rəhbərlik etdiyi sahədən yığılan pulların böyük hissəsinin məhz RİH başçısına çatdırıldığını da qətiyyən gizlətmir.

P.S: Bu günlərdə əməkdaşımız Rövşən İnqilab xəstəxanada olmuş, burada baş verən qanunsuzluqların canlı şahidi olmuşdur. Onun bildirdiyinə görə xəstəxanada azyaşlı uşağa sağlamliq haqqında verilən arayışa görə ondan 10 manat rüşvət tələb edilmişdir. Bu işləri xəstəxanada Mətanət adlı tibb işçisi həyata keçirir. Maraqlıdır ki, bu arayışda bütün tibbi müayinələr üzrə qrafalara yalnız bir adam rəy yazır. Bu ən böyük saxtakarlıq deyilmi?
Mövzunu davam etdirəcəyik.