backend

İki oliqarxın ortaq "Topaz" qanunsuzluğu

İki oliqarxın ortaq "Topaz" qanunsuzluğu









2012-ci ilin əvvəlində "Topaz"la bağlı, daha doğrusu, "Topaz" markasının sahibi "Azərinteltek" QSC haqqında "Komanda" qəzetində araşdırma yazısı yazmışdım.

Deputatlar "Azərinteltek"i necə "qaşıdı"?

Araşdırma zamanı məlum olmuşdu ki, "Azərinteltek" QSC ƏDV (əlavə dəyər vergisi) ödəyicisi kimi qeydiyyatda deyil. Müəyyən müddət keçəndən sonra, yəni 2012-ci ilin dekabr ayında Milli Məclis vergi məcəlləsinə dəyişiklik edərək idman-mərc oyunlarını maliyyə fəaliyyəti xidməti dairəsinə salaraq "Topaz"ı 18%-lik "bəla"dan xilas elədi.
Özünü tərifləmək olmasın, həmin yazı "Azərinteltek"in kürkünə birə salmışdı, "qaşınırdı". Deputatlar sağ olsun, "Azərinteltek"i yaxşı "qaşıdılar".
Həmin yazıdan sonra qanunvericilikdə başqa bir dəyişiklik də edilmişdi: hər hansı bir müəssisənin təsisçiləri və nizamnamə kapitalı haqqında məlumat kommersiya sirri sayıldı. Yaxşı ki, həmin vaxtı "Azərinteltek"in təsisçiləri və nizamnamə kapitalı haqqında məlumatı əldə etmişdim, yoxsa bu yazını yazmaqda çox əziyyət çəkəcəkdim. Atalar belə yerdə "saxla samanı, gələr zamanı" deyib.
Keçək yazının əsas məqsədinə. Türkiyə prezidenti kimi iddia edib, özümdən Amerika kəşf etmirəm: idman-mərc oyunlarının "çirkli pullar"ın yuyulması üçün kollektor rolunu oynaması danılmaz faktdı.

"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 7-ci maddəsi yada düşür

Azərbaycanda futbol üzrə milli çempionatın sponsoru "Topaz"dı. Yəni "Topaz" markasının sahibi "Azərinteltek" QSC-di. Sponsorluq kənardan çox normal görsənə bilərdi. "Azərinteltek" QSC-nin təsisçilərini tanımasaydıq. "Təkrar biliyin anasıdı" prinsipinə sadiq qalaraq səhmdar cəmiyyətin təsisçilərinin siyahısını bir daha təqdim edirəm: "Baltech İnvestment" Məhdud Məsuliyyətli Cəmiyyəti, "İdeal Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti və Türkiyə Respublikasında qeydiyyatdan keçmiş İnteltek İnternet Teknoloji Yatırım və Danışmanlık Ticaret A.Ş. Şirkəti.
"Azərİnteltek"in təşkilati-hüquqi forması qapalı səhdar cəmiyyət olduğu üçün məcburən müşahidə şurası yaratmalı idilər. "Azərİnteltek"də qanunun bu tələbinə hörmətlə yanaşaraq Məmmədov Kənan Hafiz oğlunu səhmdar cəmiyyətinin müşahidə şurasının sədri "seçiblər". Burda mütləq qeyd eləməyi özümə borc bilirəm ki, Kənan Məmmədov "Bakı" futbol klubunun prezidenti, AFFA İcrayyə Komitəsinin üzvü Hafiz Məmmədovun oğludu.
Məhz bu hissədə "Topaz"ın Premyer Liqaya sponsorluq etməsi "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsini yada salır (bildirirəm ki, ixtisasca hüquqşunasam və Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüyəm. Bu səbəbdən qanunlara xüsusi marağım var). Həmin maddədə göstərilir ki, yaxın qohumların birgə işləməsinə yol verilmir. Haqlı olaraq sual verə bilərsiz ki, "Azərinteltek" QSC kommersiya qurumudu və "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun bura nə aidiyyatı ola bilər? Qeyd etməyi özümə borc bilirəm ki, həmin qanunun 2.1.7-ci maddəsində göstərilir ki, yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləridi.
Qanunun bu maddələriylə vaxtınızı çox almayım. Qeyd etdiyim kimi, "Topaz" markası Azərbaycan Premyer Liqasının sponsorudu. Premyer Liqada çıxış edən "Bakı" futbol klubunun prezidenti və AFFA İcrayyə Komitəsinin üzvü Hafiz Məmmədovun oğlu Kənan Məmmədov "Topaz" markasının sahibi "Azərinteltek" QSC-nin müşahidə şurasının sədridi. Bunu qeyd etməkdə məqsədim oxuculara durumu tam çılpaqlığı ilə izah etməkdi. Nəticə çıxarmağı da sizin öhdənizə buraxmıram.

AFFA UEFA-nı da saymadı…

Çünki… Zaman-zaman Premyer Liqada oyunların alınıb-satılması haqqında mətbuatda informasiyalar gedib. Bu informasiyaların nə qədər doğru olub-olmadığını araşdırmaq bizim yox, hüquq-mühafizə orqanlarının işidi. Amma və ancaq bu günə kimi bu cür informasiyaların yoxlanılması baş verməyib. Baxmayaraq ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 46-cı maddəsində cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri sırasında kütləvi informasiya vasitəsinin məlumatları da daxildi. Dəfələrlə bu cür informasiyalardan sonra AFFA rəhbərliyinə ünvanlanmış suallara ümumi şəkildə "araşdıracağıq", "məlumat verəcəyik" cavabları verilib. Hətta iş o yerə çatdı ki, AFFA UEFA-nın da tələbini nəzərə almadı. Belə ki, UEFA Azərbaycan Premyer Liqasında keçirilmiş bir sıra oyunların nəticələrinin şübhəli olduğunu əsas gətirərək, məsələnin araşdırılmasını tələb etmişdi. Şübhəli oyunlardan 3-ü isə "Azərinteltek" QSC-nin müşahidə şurasının sədri Kənan Məmmədovun atası Hafiz Məmmədovun prezidenti olduğu "Bakı"nın öz meydanında keçirdiyi və məğlub olduğu qarşılaşmalar idi. Həmin qarşılaşmaların hər üçündə "Bakı" öz qapısından üç top buraxaraq məğlub olmuşdu. O cümlədən zəif "Kəpəz"lə oyunda da. Bu da haqlı olaraq Premyer Liqanın keçirilməsində korrupsiya hallarının olmasına şübhələr yaradır!
Bu araşdırmanı hələ ki, burda saxlayaq. Həm oxucunu yormayım, həm də ilin axırıdı, 2012-ci ildə olduğu kimi, deputatlarımızı yenə qanunvericiliyə dəyişiklik etmək məcburiyyətində qoymayım. Gələn yazıda mütləq "Azərinteltek" QSC-nin sponsorluq etdiyi milli çempionatdan əldə etdiyi milyonlar barədə rəqəmli araşdırmanı oxuculara təqdim edəcəm.

M.Muradlı