backend

Ortaya Hafiz Məmmədovun yox, Azərbaycanın taleyi qoyulub - (Həyəcan!!!)

Ortaya Hafiz Məmmədovun yox, Azərbaycanın taleyi qoyulub - (Həyəcan!!!)











Beləliklə, bu gün Fransanın “Lans” klubunun sahibi, azərbaycanlı oliqarx Hafiz Məmmədova klubun büdcəsinə ödəməli olduğu vəsaitin qalan hissəsini ödəmək üçün ayrılmış vaxt bitir. Söhbət cəmi 2.5 milyon avrodan gedir

Nəhəng maliyyə problemləri ilə üzləşən oliqarx bu vaxta qədər klubun büdcəsini birtəhər örtə bilirdi. O, “Lans”ın büdcəsinə oyunçu transferi üçün zəruri olan məbləğin 2 milyon avrosunu verib.
Əgər oliqarx bu gündən etibarən ilin sonuna qədər lazım olan məbləği verə bilməsə, o zaman “Lans” yüksək liqadan diskvalifikasiya olunacaq. Və bununla da Fransa futbolunun yüksək liqasında yerini itirəcək.
Qaydalara görə, oyunçu transferi üçün klubun büdcəsinə tələb olunan məbləğdə vəsait olmalıdır. H.Məmmədov artıq bu məbləği ödəmək iqtidarında deyil. Axı onun biznes imperiyası müflis də olmasa defolt həddindədir.
Oliqarxın biznes-imperiyasının çökməsinin tarixçəsi tamam ayrı araşdırmanın mövzusudur, lakin bu gün biz əsas suala cavab verməliyik-nəyə görə Azərbaycan Fransada öz imicini saxlamaq, sifətini qorumaq üçün ölkənin resursları və maliyyə imkanları baxımından cüzi görünən bu məbləği ödəmək imkanında deyil?
Axı H.Məmmədov Avropda təkcə özünü yox, bizim ölkəmizi təmsil edir. Və deməli, bu biabırçılıqla təkcə bir oliqarx üzləşməyəcək. Əgər bugünkü iclasında Fransanın peşəkar klublara nəzarət Komissiyası (DSNJ) “Lans”ın diskvalifikasiyası haqda qərar qəbul etsə, hansı ki, H.Məmmədov son anda lazım olan məbləği tapıb göndərməsə görünür belə də olacaq, o zaman Fransanın ən azı bir regionunda ölkəmizə qarşı misilsiz gözdənsalma kampaniyası başlayacaq.
Və bu hələ hamısı deyil. Tutaq ki, H.Məmmədov birtəhər həmin 2.5 milyon avronu tapdı və ilkin borcunu ödədi, axı gələn il fevralın sonuna qədər o, “Lans”ın büdcəsinə daha 14 milyon avro ödəməlidir!
Üstəlik “Lans”ın prezidenti və klubun səhmlərinin üçdə birinin sahibi Jerve Martel özü də heç təmiz reputasiyalı futbol xadimi deyilmiş. Fransa mətbuatı onun haqqında ifşaedici materiallarla doludur. H.Məmmədov isə Mertelin yeni əlcəyi, tora düşmüş qurbanıdır. Ondan istifadə edib, indi yeni maliyyə mənbəyi, sponsor axtarmaq olar.
Ancaq belə görünür ki, fevralın sonlarına qədər “Lans” sağ qalmayacaq. Əgər hansısa Azərbaycan bankı H.Məmmədova kredit versə və o, həmin kreditin hesabına klubun büdcəsinin bir hissəsini formalaşdırsa, bununla da klubun yüksək liqada qalmasına nail olsa bu pullar Fransaya necə transfer olunmalıdır? Doğrudanmı H.Məmmədov o qədər pulu Avropaya nağd şəkildə aparmağa hazırlaşır?
Məmurların axmaqlığı, bəzi bankirlərin tamamilə ağlasığmaz və irrasional rəqabətinin ucbatından Azərbaycan tamamilə biabırçı vəziyyətlə üzləşib. Bəs Azərbaycan brendi altında çıxış edən “Atletiko Madrid”lə layihənin axırı necə olacaq? İflas həddində olan H.Məmmədov ispan klubuna vermək üçün 10 milyon avronu haradan tapacaq?
Mötəbər mənbələrdən bizə məlum olub ki, H.Məmmədovun acınacaqlı maliyyə vəziyyətindən xəbərdar olan (Hər şey həddən artıq sadədir-oliqarxı sıradan üsullarla bəzi bankirlər və biznesmenlər aldadıblar, ona borclu olduqları yüz milyonlarla avronu qaytarmırlar, himayəçiləri isə son anda ona dəstək olmaqdan imtina ediblər) prezident İlham Əliyev göstəriş verib-oliqarxa bu mürəkkəb situasiyadan çıxmağa kömək edilsin.
Oliqarxı təkcə aldatmayıblar, həm də tapdalayıblar. Indi o, praktiki olaraq quyunun dibindədir. Onunla birlikdə isə ölkəmizin imici qoyunun dibinə enir. Axı H.Məmmədovun Fransa, İspaniya və İngiltərə(biznesmen ingilis klubunu almağı bir saatın içində həll etmişdi!) futbol cəmiyyətində meydana çıxmasından əvvəl yüz minlərlə obıvatel-avropalılar dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin mövcud olmasından xəbərsiz idilər.
Bu əhvalatdan sonra Azərbaycan avropalıların yaddaşında necə qalacaq? Defolt-ölkə kimi? Borcun içində üzən və hətta 2.5 milyon avronu ödəyə bilməyən biznesmenin ölkəsi kimi? Və bundan sonra biz ölkəmizin regionda liderliyinə necə iddia edəcəyik? Və bu şəxsən Birinci xanım Mehriban Əliyeva tərəfindən Avropa paytaxtlarında, xüsusən Parisdə aparılan parlaq piar-kampaniyasından sonra dövlətə zərbə olmayacaqmı? İdman nazirliyi hara baxır? Prezidenti Administrasiyasından niyə reaksiya yoxdur? Prezidenti yenə kim pis vəziyyətdə qoyur?
H.Məmmədovu kim və niyə təslim etdi? Niyə onu dalbadal yol verdiyi və Avropa mətbuatının, o cümlədən saytımızın bir il boyu yazdığı acınacaqlı səhvlərdən sonra dayandıran olmadı? Və təkcə oliqarxın yox, bütün Azərbaycanın düşdüyü bu dalan vəziyyətindən necə çıxmaq olar?
Təəssüf ki, hələlik bütün bu suallara cavab vermək tezdir, hərçənd ki, biz kifayət qədər tutarlı cavablara malikik. Biz situasiyanı tam izah etdik. Və H.Məmmədovla birlikdə ölkənin imicini tapdalayan baş bankirin də adını bilirik.
Söhbət dövlətimizin imicinin xilas edilməsindən gedir. Fransa və İspaniyada heç kim hansısa biznesmenin defolt vəziyyətinə düşməsindən danışmayacaq, hamı deyəcək ki, Odlar ölkəsinin Odları sönüb! Nə qədər ki gec deyil, hərəkətə keçmək lazımdır...

Yusif Əliyev